Marketinqdə 4P və 4C Anlayışları, Marketinq Miks Nədir?

Bazar şərtlərinin çətinləşməsi və artan rəqabət şirkətləri daha güclü marketinq strategiyaları üzərində işləməyə məcbur edir. Marketoloqların uzun müddətdir ki, etibar etdikləri əsas strateji yanaşmalardan biri 4P və 4C kimi adlandırılan Marketinq Miksdir.

Marketinq Miks, 4P və 4C Anlayışları

Bu yazıda ənənəvi 4P modelini və daha müasir 4C modelini nəzərə alaraq, onların əhəmiyyətini və uğurlu marketinq strategiyalarını necə formalaşdırdıqlarını vurğulayacağıq.

Marketinq Miks nədir?

Marketinq Miks (Marketing Mix) şirkətin bazarda öz məhsul və xidmətini tanıtmaq üçün istifadə etdiyi fəaliyyətlərin toplusudur. Standart Marketinq Miks 4P-dən ibarətdir: Price (Qiymət), Product (Məhsul), Promotion (Təşviqat) və Place (Yerləşmə).

Marketinq Miks hər hansı bir yeni məhsulun satışa çıxarılmasından əvvəl qəbul edilməli olan dörd qərarın ümumiləşdirilmiş halıdır. Bu dəyişənlər marketinqdə 4P kimi də tanınır. Bu dörd dəyişən şirkətə hər hansı bir məhsulun/xidmətin düzgün işləməsi üçün lazım olan strateji qərarlar qəbul etməyə kömək edir. Marketinq Miks marketoloqlara hansı sahələrə daha çox diqqət yetirməli olduqlarını və hansı sahələri daha da təkmilləşdirməli olduqlarını müəyyən etmək üçün istifadə olunur.

🎯 Marketinq Haqqında A-dan Z-ə Təlimata göz at!

Marketinqdə 4P Anlayışı

Marketinq Miks kimi də tanınan 4P ilk dəfə 1960-cı illərdə E. Jerome McCarthy tərəfindən təklif edilmişdir. Bunlar biznesin marketinq strategiyalarını tərtib edərkən nəzərə almalı olduğu dörd əsas elementi təmsil edir. 4P-ə aiddir:

  • Product – Məhsul
  • Price – Qiymət
  • Place – Yerləşmə
  • Promotion – Təşviqat

Product – Məhsul

İlk P, Product – Məhsul hər bir marketinq strategiyasının ürəyidir. Bu, biznesin bazarda təklif etdiyi əsas elementdir. Bu sahədə uğur qazanmaq üçün hədəf auditoriyanızın ehtiyaclarını və üstünlüklərini başa düşməlisiniz. Məhsulunuz və ya xidmətiniz hansı problemləri həll edir? Hansı unikal xüsusiyyətləri və üstünlükləri var? Bu sualların cavabları hədəf auditoriyanızla rezonans doğuracaq bir məhsul hazırlamaq üçün çox vacibdir.

Unutmayın ki, davamlı təkmilləşdirmə və yenilik lazımdır. Bugünkü sürətlə dəyişən bazarda bir addım öndə olmaq, dəyişən tələblərə cavab vermək üçün məhsulunuzu təkmilləşdirmək vacibdir. Unikal dəyər təmin etməklə və müştəri gözləntilərini aşmaqla uzunmüddətli uğur əldə edə bilərsiniz.

Price – Qiymət

Məhsul və ya xidmətiniz üçün təyin etdiyiniz qiymət biznesinizi uğura və ya süquta apara bilər. Qiymət: təklif etdiyiniz xidmətin qəbul edilən dəyərini əks etdirməli və hədəf bazarınızın ödəyə biləcəyi məbləğ ilə uyğun olmalıdır. Rəqiblərinizin qiymət strategiyalarını və müştərilərinizin qiymət həssaslığını anlamaq üçün hərtərəfli bazar araşdırması aparın.

Qiymət strategiyası məhsulunuzun unikal satış nöqtələrindən, bazar şərtlərindən və biznes məqsədlərinizdən asılıdır. Yaxşı düşünülmüş qiymət strategiyası sizə rəqabət mühitində əhəmiyyətli üstünlük qazandıra bilər.

Place – Yerləşmə

Marketinqin yerləşmə elementi tamamilə paylama ilə bağlıdır. Burada əsas məqsəd məhsul və ya xidmətinizi hədəf auditoriyanız üçün əlçatan etməkdir. Bugünkü rəqəmsal əsrdə “yerləşmə” anlayışı yalnız fiziki yerlər ilə məhdudlaşmır. Onlayn kanallarda yer almaq eyni dərəcədə vacibdir.

Hədəf auditoriyanızın vaxtını harada keçirdiyini düşünün: sosial mediada, e-ticarət platformalarında və ya digər onlayn kanallarda. Məhsulunuzun bu kanallar vasitəsilə əlçatan olduğundan əmin olun. Həmçinin, onlayn tanınırlığınızı artırmaq üçün veb saytınızda SEO proseslərini həyata keçirməyi unutmayın.

Promotion – Təşviqat

Təşviqat mesajınızı dünyaya çatdırmaq üçün istifadə etdiyiniz bütün strategiya və taktikaları əhatə edir. Bura reklam, ictimaiyyətlə əlaqələr, kontent marketinq və s. daxildir. Rəqəmsal dövrdə kontent marketinq brendin tanınmasında mühüm rol oynayır.

Kontent marketinq aydın şəkildə müəyyən edilmiş auditoriyanı cəlb etmək etmək üçün dəyərli, uyğun və ardıcıl kontentlərin yaradılması və paylaşılmasını nəzərdə tutur. Məlumatlandırıcı və cəlbedici kontentlər ilə özünüzü sektorunuzda nüfuz sahibi kimi tanıda bilərsiniz və beləliklə, marka sadiqliyinizi artıra biləcəksiniz.

📝 Kontent Marketinq haqqında geniş məlumat əldə et.

Marketinqdə 4C Anlayışı

20-ci əsrin sonlarında Robert Lauterborn tərəfindən təqdim edilən 4C metodu 4P-ni tamamlamaq üçün müştəri yönümlü perspektiv yanaşmalar təklif edir. Uğurlu marketinq fəaliyyətinin arxasında duran hərəkətverici qüvvə kimi müştəri dəyərini başa düşməyi vurğulayır. 4C-ə aiddir:

  • Customer – Müştəri
  • Cost – Xərc
  • Convenience – Rahatlıq
  • Communication – Kommunikasiya

Müştəri Yönümlü Yanaşma

Müştəri 4C Marketinq Miksdəki ilk və ən vacib elementdir. Hədəf auditoriyanızı başa düşmək çox vacibdir. Uğur qaznmağın açarı təkcə müştərilərinizin kim olduğunu bilmək deyil, həm də onların ehtiyaclarını və davranışlarını anlamaqdır. Bazar araşdırması, sorğular və analitik alətlərdən istifadə etmək müştəri bazanızı öyrənmək üçün əvəzolunmaz vasitələrdir.

Müasir rəqəmsal dövr görünməmiş fərdiləşdirməyə imkan verir. Müştərilərinizə uyğunlaşdırılmış təcrübələr yaratmaq üçün məlumatların və seqmentləşdirmənin gücündən istifadə edin. Bu şəkildə qalıcı əlaqələr qura və marka sadiqliyini artıra bilərsiniz.

Xərc Effektivliyi

Marketinqdə digər vacib element xərcdir. Bugünkü bazarda rəqabətədavamlı qalmaq üçün xərclərinizi optimallaşdırmalı və investisiya gəlirliliyinizi (ROI) maksimuma çatdırmalısınız. Xərclərin səmərəliliyi büdcəniz daxilində ən yaxşı nəticələr verən strateji seçimlər etmək deməkdir.

Rəqəmsal marketinq: Sosial media, kontent marketinq və PPC reklamlar kimi sərfəli kanallar təklif edir. Bu alətlər büdcənizi optimal şəkildə xərcləyərək geniş auditoriyaya çatmağa imkan verir. Bununla belə, marketinq fəaliyyətinizin effektiv olmasını təmin etmək üçün xərclərə qənaət etmək və keyfiyyət arasında tarazlıq yaratmaq çox vacibdir.

🎯 Rəqəmsal Marketinqin Nə Olduğunu Kəşf Et!

Rahatlıq

Rahatlıq müştərilərinizin brendinizlə qarşılıqlı əlaqəsini asanlaşdırmaqdır. Potensial müştərilərinizə problemsiz və əziyyət tələb etmədən təcrübə təqdim etmək çox vacibdir. Məhsul və xidmətlərinizin yer aldığı veb saytınız istifadəçi dostu və mobil cihazlara adaptiv olmalıdır.

Bundan əlavə, veb saytınızda canlı dəstək və sosial şəbəkələrdəki səhifələrinizdə suallara cəld cavablar da daxil olmaqla bir çox əlaqə vasitəsinin olması potensial müştərilərdə rahatlıq dərəcəsini əhəmiyyətli şəkildə artıra bilər.

Effektiv Kommunikasiya

Potensial müştərilərinizə çatdırmaq istədiyiniz mesaj bütün kommunikasiya kanallarında aydın, qısa və ardıcıl olmalıdır. Müştəriləri cəlb etmək və əldə saxlamaq üçün kommunikasiya strategiyanıza e-mail kampaniyalarını, sosial media kampaniyalarını, axtarış motoru kampaniyalarını və daha çoxunu əlavə edə bilərsiniz.

Müntəzəm yüksək keyfiyyətli kontentlərinizin olması təkcə markanızı nüfuzlu etmir, həm də axtarış motorlarında reytinqinizi artırır. Sektorunuza uyğun açar sözləri kontentlərinizə daxil etmək Google və digər axtarış motorlarında görünmənizi əhəmiyyətli dərəcədə artırır.

4P və 4C Arasında Əsas Fərqlər

Marketinqdə 4C yanaşması istehlakçıların ehtiyaclarını daha yaxşı ödəmək üçün yaradılmış daha yeni bir çərçivədir. 4P isə şirkətin ehtiyaclarına yönəlmiş daha ənənəvi çərçivədir.

4P şirkətlərə məhsul və xidmətlərini bazara çıxarmaqda kömək etmək məqsədi ilə yaradılmış çərçivədir. Bu, istehlakçının ehtiyaclarını nəzərə almayan daha çox şirkət mərkəzli bir yanaşmadır. 4C isə istehlakçı nəzərə alınmaqla yaradılmış bir çərçivədir. Müştərinin ehtiyaclarına və bu ehtiyacların ən yaxşı şəkildə necə qarşılanacağına diqqət yetirir.

4P Metodu4C Metodu
MəhsulMüştəri
QiymətXərc
YerləşməRahatlıq
TəşviqatKommunikasiya

Bu iki çərçivənin hər bir elementi arasındakı fərqi onların marketinq dünyasındakı əhəmiyyətinə əsaslanaraq anlayaq:

  1. Müştəri və Məhsul: Marketinqin 4C-si müştəri, onun istək və ehtiyacları ilə başlayır. Marketinqin 4P-si məhsuldan başlayır.
  2. Xərc və Qiymət: Ümumi xərc: məhsul istehsal etmək və ya xidmət göstərmək üçün çəkdiyidi xərclərin cəmidir. Qiymət, müştərinin məhsul və ya xidmət üçün nə qədər ödəyə biləcəyidir.
  3. Rahatlıq və Yerləşmə: Rahatlıq müştərinin məhsul və ya xidməti tapıb istifadə etməsini asanlaşdırmaqdır. Yerləşmə məhsul və ya xidmətin müştərinin axtardığı yerdə mövcud olmasını təmin etməkdir.
  4. Kommunikasiya və Təşviqat: Kommunikasiya müştəri ilə ikitərəfli dialoq yaratmaqdır. Təşviqat, şirkətin məhsul və ya xidmətini təbliğ etdiyi birtərəfli ünsiyyətdir.

4P və 4C-nin Birlikdə İnteqrasiyası

4P və 4C yanaşmalarının fərqli elementlərə malik olmasına baxmayaraq, onlar bir-birinə zidd deyil. Əslində, onlar bir-birini tamamlayır və hərtərəfli marketinq strategiyaları yaratmaq üçün birlikdə istifadə oluna bilirlər.

Marketoloqlar həm şirkətin perspektivini (4P ilə), həm də müştərinin perspektivini (4C ilə) nəzərə alaraq biznes məqsədləri və müştəri ehtiyacları arasında balans yarada bilərlər. Uğurlu marketinq strategiyaları məhsul, qiymət, yerləşmə və təşviqat elementlərinin müştəri, xərc, rahatlıq və kommunikasiya elementləri ilə uyğunlaşdırılmasını əhatə edir.

🚀 Addım-addım Marketinq Strategiyasının Hazırlanması Qaydası ilə Tanış Ol.

Marketoloqlar üçün inkişaf edən bazar dinamikası və müştəri gözləntilərinə uyğun olaraq öz marketinq yanaşmalarını və müştəri yönümlü strategiyalarını daim qiymətləndirmək və optimizasiya etmək çox vacibdir. 4P və 4C metodları effektiv marketinq strategiyalarının işlənib hazırlanmasında, müştəri məmnunluğunun artırılmasında, hazırkı dinamik və rəqabətli bazarda davamlı biznes inkişafına nail olmaqda marketoloqlara rəhbərlik etmək üçün dəyərli alətlər kimi xidmət edir.

Nəticə

Nəticə olaraq, marketinqdə 4P və 4C yanaşmaları uğurlu marketinq strategiyalarının hazırlanması üçün hərtərəfli çərçivələr təqdim edir. Bu çərçivələrin inteqrasiyası marketoloqlara biznes məqsədləri və müştəri ehtiyacları arasında tarazlıq yaratmağa, dəyər yaratmağa və güclü müştəri əlaqələri qurmağa imkan verir. Bu çərçivələrdən səmərəli istifadə etməklə şirkətlər daim inkişaf edən marketinq dünyasında müştəri məmnuniyyətini, sədaqətini artıra və uzunmüddətli uğur əldə edə bilərlər.

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button