SMM Nədir? Sosial Media Marketinqi Üstünlükləri və Biznesə Faydaları

Sosial Media Marketinqi, qısaca: SMM şirkətlər üçün yeni müştərilər əldə etmək və brend tanınırlığını artırmaq üçün rahat və əlçatan rəqəmsal marketinq sahəsidir. Əgər Facebook, Instagram və LinkedIn kimi sosial media kanallarında aktiv hesablarınız yoxdursa, hədəf kütlənizin böyük bir hissəsi yəqin ki, sizin kim olduğunuzu bilmir.

SMM Nədir Sosial Media Marketinqi

İnsanların gördüyünüz işlərdən, göstərdiyiniz xidmətlərdən məlumatı olsa belə, sosial mediada fəaliyyətinizə rast gəlməsələr, bu sizin nüfuzunuza xələl gətirə bilər.

Sosial Media Marketiniqi – SMM Nədir?

Sosial Media Marketinqinin faydalarına nəzər yetirmədən öncə, əsas anlayışlardan başlayaq: SMM nədir?

Sosial media marketinqi, brendinizi sosial media platformalarında hədəf auditoriyanıza çatmağa yönəlmiş rəqəmsal marketinq kanallarının toplusudur. Buraya məzmun yaratmaq, auditoriyanızla əlaqədə olmaq, reklamların idarə olunması, analizlər aparmaq, müştəri dataları toplamaq və s. daxildir.

Biznes dəyərlərinizin nə olduğunu və hansı məhsul, xidmətləri satdığınızı izah etmək üçün sosial media kanallarından istifadə edə bilərsiniz. Həmçinin, sosial media kampaniyaları vasitəsilə brendinizin əhatə dairəsini genişləndirmək üçün ölçülə bilən məqsədləri olan strategiyalardan istifadə edə bilərsiniz.

Ən yaxşı sosial media platformaları biznes sektorunuzdan asılı olsa da, ümumiyyətlə, biznesinizin marketinq fəaliyyəti üçün Azərbaycanda ən təsirli sosial media platformaları Facebook, Instagram, LinkedIn, YouTube və TikTok-dur.

Sosial Media Marketiniqi Nə Üçün Önəmlidir?

Sosial medianın gücündən istifadə etmək mümkün qədər geniş potensial kütləyə çatmağın və yeni və mövcud müştərilərlə əlaqə nöqtələri (touching point) yaratmağın ən yaxşı yoludur. Sosial media marketinqinin gücü, üç əsas xüsusiyyətindən qaynaqlanır: Əlaqə Qurmaq, KommunikasyaMüştəri məlumatları.

Əlaqə Qurmaq

Sosial media bizneslərin yerli və qlobal miqyasda hədəf kütləyə çatması və onlarla əlaqə qurması üçün müxtəlif vasitələr təklif edir. Rəqəmsal marketinqin əsas qolu olan sosial media marketinqi müəssisələrə müştərilərin məhsul və ya xidmət alışına qədər keçdiyi addımlarda daima əlaqədə olmağa imkan verir.

Kommunikasya

Ənənəvi marketinq biznesdən müştəriyə yönümlü yalnız birtərəfli kommunikasiya təklif etsə də, sosial media marketinqi bütün auditoriya arasında kommunikasiya qurmağa imkan verir. Sosial media strategiyası istifadəçi tərəfindən məzmunun yaradılmasına və paylaşılmasına imkan verdiyi üçün, bizneslər sosial media platformalarının gücündən və mövcud və potensial müştərilər arasında ağızdan-ağıza yayılan pulsuz reklam imkanlarından istifadə edə bilərlər.

Müştəri Məlumatları

Sosial media marketinqi şirkətlərə mövcud müştərilərlə əlaqə saxlamaq və yeni müştərilər əldə etmək imkanı verməklə yanaşı, həm də marketoloqlara kampaniyalarının nəticələrini izləməyə və gələcəkdə daha çox istifadəçi cəlb etməyə imkan verən analitik məlumatları təmin edir. Əksər sosial media platformalarında müştəri məlumatlarını (davranışları, maraqları, demoqrafik və s.) əldə etmək olur. Bu məlumatları biznesin optimal həllər və təkliflər yaratması üçün bazar araşdırmasında istifadəsi mümkündür.

Qeyd olunan SMM-in əsas xüsusiyyətləri veb sayta trafik çəkmək və məhsul / xidmətlərin satışını artırmaq kimi əsas məqsədə xidmət edir.

Sosial Media Sahəsini dərindən öyrənərək axtarılan mütəxəssis olmaq üçün Sosial Media Marketinq Kursuna vaxt itirmədən qoşulun!

Marketinqdə Sosial Medianın İstifadəsi

Şirkətiniz üçün sosial mediadan istifadə etməyə gəldikdə, ilk öncə bu platformalardan öz xeyrinizə ən yaxşı şəkildə necə istifadə edə biləcəyinizi müəyyən etmək üçün strategiya müəyyən etməlisiniz. Sosial media platformaları təkcə kontent paylaşmaq üçün deyil, hər birinin fərqli üstünlüyü var.

SMM Nədir : Marketinqdə Sosial Medianın İstifadəsi

Müştərilərinizlə birbaşa əlaqə saxlaya, onların şirkətiniz haqqında nə dediklərini öyrənə, məhsul və xidmətləri necə tanıda biləcəyinizi müəyyən edə bilərsiniz. Bu cür faydaları uğurlu SMM planı nəticəsində əldə edə bilərsiniz.

Sosial media marketinq kampaniyalarına başlamaq üçün əvvəlcə aşağıdakı üç suala cavab verməlisiniz:

1. Sosial mediadan istifadə etməkdə əsas məqsədləriniz nədir?
Biznesiniz və marketinq fəaliyyətiniz üçün məqsədlərinizi təyin etdikdə, bu məqsədlərə çata bilməyiniz üçün sosial media kanallarının üstünlüklərini nəzərə almalısınız. Brend tanınırlığının artırılması, veb saytınıza trafik çəkmək, potensial müştərilərlə əlaqə qurmağı asanlaşdırmaq və s. haqqında düşünə bilərsiniz.

2. Məqsədlərinizə çatmaq üçün hansı sosial media kanallarından istifadə edəcəksiniz?
Sosial medianın idarəetməsi davamlı olmalıdır. Bu qədər platformanın olduğu vaxt onların hamısını eyni anda istifadə etməyə çalışsanız, iş yükünüz həddindən artıq çox olar. Hədəf auditoriyanızın və əsas müştəri kateqoriyanızın hansı platformalardan istifadə etdiyini düşünün və onlardan başlayın. Başlamaq üçün sadəcə bir neçə əsas platforma seçin və daha sonra platformaların əhatə dairəsini genişləndirməyə başlaya bilərsiniz.

3. İstifadəçilərə hansı kontentləri göstərmək istəyirsiniz?
Brendinizin necə danışdığı, istifadəçilər və müştərilər üçün hansı kontenti yaratmaq istədiyiniz barədə dərindən düşünməlisiniz. İdeal müştərinizi təmsil edən profil düşünün, daha sonra hansı kontentlərin onun diqqətini çəkəcəyini və biznes səhifələriniz ilə əlaqə yaradacağını (mesaj yazması, paylaşımı “like” etməsi və s.) müəyyənləşdirin.

Bu suallar üzərində düşünüb sosial media marketinq hədəflərinizə çatmaq üçün enerjinizi hara və necə sərf edəcəyinizi müəyyən etdikdən sonra sosial media kampaniyanıza başlaya bilərsiniz.

Biznes sahibi olaraq, sosial media kanallarınızdakı bütün fəaliyyətlərə kimin cavabdeh olacağına qərar verməlisiniz. Bu tapşırığı öz üzərinə götürəcək, bir komanda üzvünə həvalə edəcək və ya kimisə xüsusi olaraq sosial media koordinatoru kimi işə götürəcəksiniz? Əgər maliyyə resurslarınız kifayət qədər deyilsə, ilkin olaraq bu məsuliyyətləri öz üzərinizə götürməli olacaqsınız.

Bununla belə, sosial media kampaniyaları yaratmağınıza kömək etmək üçün çoxlu onlayn resurs mövcuddur.

Sosial Media Sahəsini dərindən öyrənmək üçün sizin üçün siyahıladığım Ödənişsiz Kurslara göz atın

SMM-də Kontent Növləri

Sosial media marketinqində əvvəllər şirkətlər məhsul və ya xidmət satmaq məqsədi ilə istifadəçiləri veb sayta yönləndirmək üçün istifadə edirdilər. Hazırki dövrümüzdə isə sosial media kanalları şirkətin veb saytının bir qolu kimi qəbul edilir. Yəni, istifadəçi ilə qarşılıqlı əlaqəsi dərəcəsini (engagement rate) artırmaq və sosial media alqoritmlərini təmin etmək üçün kontentlə birbaşa sosial media kanalları üçün hazırlanmalı və paylaşılmalıdır. Sosial mediada kontent iki formada olur: Orqanik KontentÖdənişli Kontent

Orqanik Kontent

Orqanik kontentdən maksimum yararlanmaq üçün şirkətlər fəaliyyət göstərdikləri sosial media platformalarında mövcud olan pulsuz alətlərdən və resurslardan istifadə etməlidirlər: Profil şəkli, örtük şəkli, iş saatları, veb sayta keçidlər, mətn, foto, video, GIF şəklində paylaşımlar və s.

Orqanik kontentlərin çatımlılıq dərəcəsi istifadəçilərin ana səhifələrində paylaşımları aktuallıq və dərc olunma vaxtı ilə sıralayan alqoritmlərindən asılıdır. Alqoritmlər istifadəçinin sizin paylaşımınızı görmək istəməsinin nə dərəcədə mümkün olduğuna qərar verir. İstifadəçinin sizin öncəki paylaşımlarınızla qarşılıqlı əlaqədə olması (like etməsi, yadda saxlaması və s.), istifadə etdiyiniz #hashtag-lər istifadəçinin öz zaman lentində hansı orqanik kontenti tapacağını müəyyənləşdirir.

Məsələn, hər hansı bir istifadəçi instagram-da avtomobilə aid bağlı postu bəyənsə və ya yadda saxlasa, alqoritm həmin şəxsin avtomobillərlə maraqlandığını güman etdiyi üçün həmin istifadəçiyə daha çox avtomobillərlə əlaqəli paylaşımlar göstərəcək.

Ödənişli Kontent

Ödənişli sosial media orqanik kontentinizi reklam kampaniyaları vasitəsilə biznesiniz üçün daha çox hədəf kütləyə çatmağa kömək edir. Bir çox SMM mütəxəsissləri alqoritmlərin paylaşılmış kontentlərin səhifə izləyicilərinə çatma dərəcəsində mənfi düşüncədədilər. Bəzən, səhifələrdə on minlərlə (real izləyici nəzərdə tutulur) izləyici olmasına baxmayaraq, orqanik paylaşımlar çox vaxt gözlənən qədər geri dönüş əldə etmir. Ödənişli sosial media reklamları və ya istifadəçinin ana səhifə lentində görünən “sponsorlu” paylaşımlarla kontentinizi daha geniş auditoriyaya çatdıra bilərsiniz.

Paylaşılmış reklam kontentinizin göstəriləcəyi auditoriyaya daha çox nəzarət edə bilirsiniz. Sosial media kanalları: demoqrafik, məkan, maraq dairələri və s. əsasında xüsusi auditoriyanı hədəf almağa imkan verir.

SMM ilə uğur qazanan brendlər həm orqanik, həm də ödənişli kontenti özündə birləşdirən strategiya həyata keçirirlər. Onlar hər addımı araşdırdıqlarından, planlaşdırdıqlarından və optimallaşdırdıqlarından əmin olurlar.

Sosial Media Marketinq Təqvimi Yaratmaq

Düzgün planlaşdırma uğurlu sosial media strategiyasının əsas hissəsidir. Kontentin paylaşımından əvvəl və sonrakı hər addımın vaxtında və qüsursuz şəkildə həyata keçirilməsini təmin edir. Sosial media marketinq təqvimi həftəlik və ya aylıq nəzərdə tutduğunuz paylaşımlar üzrə düzgün kontent hazırlamağa və planlaşdırma kömək edir. SMM təqviminiz üçün nəzərə alınmalı bəzi amillər aşağıdakılardır:

Aralıq (tezlik) və ardıcıllıq

Tezlik, sosial mediada hansı aralıqla paylaşım etdiyinizi göstərir. Ardıcıllıq isə həmişə performansı nəzərə alaraq eyni keyfiyyətdə və ya bir-birinin ardını gətirən kontentlərin mütəmadi hazırlaması və paylaşılmasıdır.

Sosial media marketinqinin effektivliyini artırmaq üçün məzmununuzun paylaşılma tezliyi və ardıcıllığı ilə bağlı planınız olmalıdır.

Hər bir sosial şəbəkə üçün hədəf auditoriyanızla əlaqə yarada bilmə qabiliyyətinizi optimallaşdıran təxmini paylaşım tezliyi var. İnsanların sizi daha yaxşı tanıması və yadda saxlaması üçün istifadə etdiyiniz tonda, ünsiyyət tərzində, paylaşdığınız məzmunun növlərində və paylaşım cədvəlinizdə də ardıcıl olmalısınız.

Orijinal və Kurasiya Olunmuş Kontent

Ənənəvi marketinqin ümumi təcrübələrindən biri mümkün qədər çox orijinal məzmun yaratmaq idi. Ancaq gündəlik olaraq orijinal və cəlbedici məzmun yaratmaq çox vaxt aparır. Marketoloqlar hazır məzmun üçün başqa mənbələrə etibar edir və vaxtaşırı paylaşım edirlər. Bu vəziyyət məzmun kurasiyası terminini ortaya çıxardı.

Brendinizə xas olan orijinal məzmun yaratmağınız mənasına gələn məzmun yaradılmasından fərqli olaraq, məzmun kurasiyası məqsədinizə uyğun mövzuda mövcud məlumatların toplanması və onu izləyicilərinizlə paylaşma prosesidir.

Brendiniz üçün unikal məzmun yaratmağa gəldikdə orijinal məzmun vacib olsa da, hər gün yeni orijinal kontent hazırlamaq çox vaxt apara və çətin ola bilər. Ümumiyyətlə, kurasiya olunmuş məzmun yeni məzmun yaratmaqdan daha az səy tələb edir. Bununla belə, kurasiya olunmuş məzmundan istifadə edərkən brendinizin nüfuzunu nəzərə almalısınız.

Hər bir məzmun növünün müsbət və mənfi cəhətlərini nəzərə alaraq, həm orijinal, həm də kurasiya olunmuş məzmunların qarışığından istifadə etmək yaxşıdır. Hər ikisi sosial media strategiyanız və təqviminiz üçün güclü vasitədir və brendinizin böyüməsinə kömək edə bilər.

Açıqlama Mətni, Başlıq və Hashtag

Açıqlama mətni sosial media strategiyanızın uğurunu müəyyən edə biləcək mühüm faktordur. Əksər sosial media platformalarının paylaşılan şəkil və videolara əsaslandığı doğru olsa da, bütün bunlar açıqlama mətni olmadan natamam qalır. Instagram postunun açıqlama mətni şəkil və ya videonun arxasındakı hekayəni izləyiciyə izah edərək məna qatır. Üstəlik, effektiv açıqlama mətni izləyicilərin öz düşüncələrini bildirməyə, bir-biriləri ilə fikir mübadiləsi aparmağa gətirib çıxarır.

Açıqlama mətninə əlavə olaraq, postunuza müvafiq hashtag-lar əlavə etmək yeni auditoriya tərəfindən kəşf edilmə şansınızı artıraracaq. Bütün bu amillər Instagram alqoritminə qalib gəlmək və sosial media strategiyanızın uğurlu olmasını təmin etmək üçün lazımdır.

Açıqlama yazarkən və hashtaglardan istifadə edərkən mütləq nəzərə almaslısınız:

  • Sadə olsun
  • Orijinal olun
  • İlk cümlə diqqət çəkici olsun
  • Vurucu sözlərdən istifadə edin
  • Sual verin və ya hərəkətə keçirici söz (Call to action) işlədin
  • Satış cümləsi istifadə etməyin

Paylaşımlarınızın daha çox insana çatmasını təmin etmək üçün müvafiq hashtag-ları əlavə etməyi unutmayın. Insanlar paylaşımınızı hashtaglar vasitəsilə tapa bilər.

SMM üzrə biliklərinizi inkişaf etdirmək və bu sahə üzrə yenilikləridən daim xəbərdər olmaq üçün 72 marketinq bloqunu izləyin

SMM Strategiyası Necə Hazırlanır?

Sosial media marketinq strategiyanız şirkətin marketinq fəlsəfəsi və mövcud rəqəmsal planına uyğun olmalıdır. Sosial media çox dinamikdir, bu səbəbdən dəyişən maraqlara və ehtiyaclara ayaq uydura bilən strategiya hazırlamaq vacibdir.

Güclü SMM strategiyası hazırlamaq üçün əsas 5 amilə baxaq:

Hədəf Kütlə Araşdırması

Əvvəlcə hədəf auditoriyanızı, maraqlarınızı və müştəri davranışlarınızı müəyyənləşdirin. Cəlb etməyə çalışdığınız demoqrafik göstəriciləri nəzərdən keçirin və onları müxtəlif qruplara ayırın. Hədəf kütlənizin hansı markaları və influencer-ləri izlədiklərini, rəqib şirkətlərlə necə qarşılıqlı əlaqədə olduqlarını və hansı kontentləri sevdiklərini öyrənin.

Rəqibləri Tanımaq

Rəqibləriniz də yəqin ki, marketinq məqsədlərinə çatmaq üçün sosial mediadan istifadə edirlər. Bu o deməkdir ki, onların sosial mediada fəaliyyətlərini müşahidə edə bilərsiniz. Rəqiblərinizin kim olduğunu, onların güclü və zəif tərəflərini anlamaq üçün analiz aparın. Rəqib analitikası ilə sektorunuzda həyata keçirilən marketinq səyləri haqqında anlayışları başa düşərək, buna uyğun olaraq öz məqsədlərinizi təyin edə bilərsiniz.

Həmçinin, rəqiblərinizin sosial media strategiyasının necə işlədiyini və ya işləmədiyini müəyyən edə və onların səhvlərindən dərs çıxara bilərsiniz. Müşahidələrinizə əsasən daim öz strategiyanızı və kontentlərinizi inkişaf etdirin.

Düzgün Platforma Seçimi

Marketinq üçün vahid sosial media kanalı yoxdur. Hansı sosial şəbəkələrdən istifadə edəcəyinizə qərar verərkən, rəqabətin harada olduğuna, hədəf kütlənizin mövcudluğuna və potensial müştərilərin sözügedən platforma ilə necə qarşılıqlı əlaqədə olduğuna baxmalısınız.

Hədəf auditoriyanızın sizi tapa bilmədiyi yerdə vaxtınızı itirməyin. Məsələn, şirkətiniz müasir telefon keysləri satırsa, bu məhsullar çox güman ki, gənc auditoriyaya müraciət edəcəkdir. Bu halda, Instagram və TikTok-dan istifadə edə bilərsiniz.

SMART Məqsədlər Təyin Etmək

Hər hansı bir marketinq strategiyasına başa düşülən istiqamət ilə başlamaq vacibdir. Bu, məqsədlərinizə uyğun gələn və əldə edilə bilən hədəflər seçmək deməkdir. SMART məqsədlər aşağıdakıları özündə birləşdirməlidir:

  • Specific (Spesifik)
  • Measurable (Ölçülə bilən)
  • Achievable (Əldə Edilə Bilən)
  • Relevant (Əlaqəli)
  • Time-bound (Zamana bağlı)

Nəticələri müqayisə etmək üçün heç bir performans göstəriciləriniz (KPI) yoxdursa, sosial media marketinqinin performansını və investisiya gəlirliyini (ROI) ölçməyiniz çətin olacaq. Bunun üçün əvvəlcə nələri, hansı zamanda və necə əldə etmək istədiyinizə düzgün qərar verin.

Metriklərin Təhlili

KPI-larınızla (əsas performans indiqatorları) şirkətinizin marketinq strategiyasını təhlil edin. Bütün sosial media platformalarında nələrin işlədiyini müəyyən etmək üçün istifadə edə biləcəyiniz analitik alətlər mövcuddur.

Bununla belə, istifadəçiləri yönləndirdiyiniz veb saytınızda baş verən hərəkətləri və istifadəçi davranışlarını Google Analytics, Yandex Metrika kimi alətlərdən istifadə edərək ölçə bilərsiniz.

Bu vasitələrdən nə qədər çox istifadə etsəniz, marketinq strategiyanızın düzgün işlədiyini ölçmək və qiymətləndirmək üçün bir o qədər çox məlumat əldə edə biləcəksiniz. Müxtəlif kontent növlərini sınamaq və SMM planlarınızı daim təkmilləşdirmək üçün sosial media kanallarının analitika alətlərindən istifadə etmək lazımdır.

Məs: Hansı kontentlər daha çox trafik gətirir? Bu sualın cavabını tapmaq üçün analitika vasitələrindən məlumatları əldə edərək, daha çox trafik əldə edən kontetləri müəyyən edib gələcəkdə oxşar kontentlər hazırlaya bilərsiniz.

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button