Rəqəmsal Marketinq Nədir? Digital Marketing Haqqında Geniş Təlimat

Rəqəmsal marketinq məhsul və xidmətləri tanıtmaq, eləcə də potensial müştərilərlə əlaqə yaratmaq üçün rəqəmsal texnologiyalardan və platformalardan istifadədir. Bu, bütün dünyada insanlara çatmaq üçün müxtəlif yollarla istifadə edilə bilən inanılmaz dərəcədə çox yönlü və güclü bir vasitədir. Rəqəmsal marketinq reklamlarla ötürülmək istənilən mesajları çatdırmaq üçün mobil telefonlar, kompüterlər və digər çoxsaylı rəqəmsal texnologiyalardan istifadə edir. Reklam kampaniyasının məqsədlərindən asılı olaraq B2B və B2C marketinqi üçün istifadə oluna bilər.

Rəqəmsal Marketinq Nədir - Digital Marketing

Rəqəmsal marketinq daha geniş əhatə dairəsi, təkmilləşdirilmiş hədəfləmə və daha yaxşı ROI kimi üstünlükləri özündə birləşdirir. Düzgün strategiya və taktika ilə şirkətlər tanınırlıqlarını artırmaq və daha geniş auditoriyaya çatmaq üçün rəqəmsal marketinqdən istifadə edirlər.

Rəqəmsal Marketinq Nədir?

Rəqəmsal marketinq: Sosial Media, SEO, E-mail, Axtarış Motoru və digər rəqəmsal kanallar vasitəsilə məhsul və xidmətlərin təşviqi prosesidir. Bu, bizneslərə hədəf auditoriyalarına çatmağa, birbaşa əlaqələr yaratmağa və rəqəmsal kanallar vasitəsilə satışları artırmağa kömək edən marketinq formasıdır. Rəqəmsal marketinq onlayn sferada effektiv mövcudluq yaratmaq üçün sosial media, kontent marketinq, SEO – axtarış motoru optimizasiyası, SEM – axtarış motoru marketinqi, e-mail marketinq və başqa alətlərin birləşməsindən istifadə edir.

Rəqəmsal marketinq şirkətlərin potensial müştərilərinə çatması və onlarla düzgün şəkildə əlaqə yarada bilməsi üçün güclü bir vasitədir. Bu, bizneslərə müştəriləri üçün reklamları fərdiləşmiş şəkildə çatdırmağa imkan verir, bununla da qarşılıqlı əlaqə dərəcəsinin (engagement rate) və satışın həyata keçmə ehtimalını artırır. Bundan əlavə, şirkətlər müştəri davranışını izləmək və üstün olduqları sahələrini müəyyən etmək üçün rəqəmsal kanallardan istifadə edə bilərlər. Rəqəmsal analitikaya əsaslanan üsullardan istifadə etməklə, marketoloqlar müştərilərinin ehtiyaclarını və davranışlarını daha yaxşı başa düşərək təkliflərini buna uyğunlaşdıra bilirlər. Rəqəmsal marketinq həm də dünyanın istənilən bölgəsindəki insanları hədəfləyə bilmə qabiliyyətinə görə bizneslərə ənənəvi marketinq kanallarından daha çox auditoriyaya çatmaq imkanı verir.

Cəlbedici kontent yaratmaqdan reklamları dəqiqliklə hədəflənmiş auditoriyaya çatdırmağa qədər rəqəmsal marketinq biznesin böyüməsi və uğuru üçün əvəzolunmaz vasitədir həm də müştərilərə vaxtlarının çoxunu sərf etdikləri yerlərdə çatmaq üçün internetin gücündən istifadə edir.

🎯 Ənənəvi Marketinq haqqında geniş təlimata göz atın.

Rəqəmsal Marketinq Hansı Növlərə Ayrılır?

Daha çox potensial kütləyə çatmaq üçün istifadə edə biləcəyiniz çox sayda rəqəmsal marketinq növü var. Geniş rəqəmsal marketinq kanallarından istifadə etmək daha yaxşı nəticələr verə bilən hərtərəfli strategiya yaratmağa kömək edir.

Hansı strategiyaların biznesiniz üçün ən yaxşı nəticə verə biləcəyini müəyyən etmək üçün istifadə olunan əsas rəqəmsal marketinq növləri bunlardır:

  • Axtarış Motoru Optimizasiyası (SEO)
  • Kontent Marketinq
  • Sosial Media Marketinqi (SMM)
  • Klikə Görə Ödəniş (PPC)
  • E-mail Marketinq
  • Influencer Marketinq
  • Affiliate Marketinq
  • Mobil Marketinq

Axtarış Motoru Optimizasiyası (SEO)

Axtarış Motoru Optimizasiyası (SEO – Search Engine Optimization): Axtarış Motorlarında yer almaq üçün strateji bir yoldur. SEO: “Veb saytları axtarış motorları üçün cəlbedici etmək sənəti” desək, yanılmarıq. SEO prosesi ciddi araşdırma tələb edir və axtarış motorlarında sıralama baxımından istənilən nəticələrə nail olmağa kömək edən müxtəlif amilləri nəzərə alır. Google öz alqoritmini daim yeniləyir. SEO mütəxəssisi olaraq bu dəyişiklikləri yaxından izləmək və buna uyğun addımlar atmaq lazımdır. Veb saytları axtarış motorları üçün optimizasiya edərkən nəzərə alınmalı əsas amillər bunlardır:

  • Kontentin keyfiyyəti
  • İstifadəçilərin saytla əlaqə dərəcəsi
  • Mobil uyğunluq
  • Backlink’lərin sayı və keyfiyyəti

🔎 SEO üzrə A-dan Z-ə təlimatı SEO Nədir? bloq yazsından əldə edin.

Kontent Marketinq

SEO-nun ayrılmaz hissəsi olan Kontent Marketinq hədəf auditoriyanıza uyğun keyfiyyətli məzmunun yayılmasına əsaslanan strategiyadır. Kontent marketinqin məqsədi potensial müştəriləri cəlb etmək və daha sonra onları tədricən real müştəriyə çevirməkdir. Ənənəvi marketinq strategiyalarından istifadə etməyə ehtiyac qalmadan kontent marketinqi tətbiq emtək mümkündür. Kontent marketinqin məqsədlərinə çatmaq üçün nəzərdə tutulan əsas amillər:

  • Əyləncəli və faydalı kontentlər yaratmaq
  • Məlumatlandırıcı kontentlərlə dəyər yaratmaq
  • Davamlı olaraq kontent yaratmaq
  • Axtarış motorları üçün kontentləri keyfiyyətli etmək

📝 Kontent Marketinq haqqında geniş məlumat əldə et.

Sosial Media Marketinqi (SMM)

Sosial media marketinqi – SMM hər-hansı bir biznesi və ya şəxsi hədəf auditoriyası ilə əlaqəyə keçməsi üçün sosial medianın gücündən istifadə edən və ən çox istifadə olunan rəqəmsal marketinq növüdür. Söhbət təkcə sosial mediada mövcud olmaqdan getmir, bizneslərə sosial platformalar və kontentlər ilə öz məqsədlərinə nail olmağa imkan verən strategiyanın yaradılmasından gedir.

Hər sosial media kanalı üçün strategiya fərqli olmalıdır. Bu, biznesinizin təklifin etdiyi xidmət və məhsullara, hədəf auditoriyanızın istək və davranışlarına uyğun olmalıdır. Sosial Media Marketinqi ilə məqsədlərə çatmaq üçün nəzərdə tutulan əsas amillər:

  • Kontent yaradılması və kurasiyası
  • Kontent planlaşdırılması və paylaşılması
  • Sosial media analitikası
  • Sosial dinləmə (Social listening)
  • Auditoriya idarəedilməsi
  • Sosial media reklamları

💻 SMMSMM Menecer Anlayışlarına Hakim Olun.

Klikə Görə Ödəniş (PPC)

Klikə Görə Ödəniş (PPC – Pay Per Click) marketinq axtarış motoru nəticələrində, sosial media platformalarında və ya digər veb-saytlarda reklam yerləşdirməkdən ibarətdir. PPC marketinqin məqsədi odur ki, siz yalnız istifadəçi reklamı kliklədikdə ödəniş edirsiniz. Reklam verənlər hədəf auditoriyaya uyğun olan xüsusi açar sözlər üzrə təkliflər verirlər. İstifadəçilər daha sonra bu açar sözləri axtararkən bu reklamları görürlər.

Axtarış motorlarında istifadəçilər reklamınızı necə və nə vaxt görəcəyi isə bir neçə amildən asılıdır. Bu, reklamı necə konfiqurasiya etdiyinizdən, demoqrafik göstəricilərdən, auditoriya növündən və bir sıra digər amillərdən asılıdır. Alqoritm hər bir mövcud reklamı bir neçə amil əsasında prioritetləşdirir və əsas olanlar:

  • Reklamın keyfiyyəti
  • Açar söz uyğunluğu
  • Açılış səhifəsinin keyfiyyəti
  • Klikə görə təklif edilən məbləğ
Axtarış motorlarında şirkət reytinqinizi yükəltmək üçün Google Reklamları Xidmətindən faydalanın.

E-mail Marketinq

E-mail marketinq bizneslərə yeni məhsullar, ximətlər və yenilikləri müştəriləri ilə paylaşmağa imkan verən birbaşa rəqəmsal marketinq kanalıdır. Yüksək investisiya gəlirliliyi (ROI – Return on Investment) e-mail marketinqi əksər şirkətlərin rəqəmsal strategiyası üçün vacib edir.

Müasir e-mail marketinqi hər kəsə üçün ümumi hazırlanmış kütləvi e-maillər göndərməkdən fərqlənərək, bunun əvəzinə seqmentləşdirmə və fərdiləşdirməyə yönəlib. Bu, vaxt aparan proses olsa da, marketinqin avtomatlaşdırılması, şirkətləri ağır yükdən azad edir. Uzun müddət üçün nəzərdə tutulmuş və incə detallarına qədər hazırlanmış e-mail marketinq strategiyası təkcə satışları artırmaqla dayanmır, həm də loyal müştəri bazası formalaşdırmağınıza xidmət edir.

E-mail marketinq fəaliyyətinə başlamamışdan öncə aşağıdakılara mütləq diqqət edin:

  • Hansı növ e-maillər göndərəcəyinizi dəqiqləşdirin
  • İndividuallaşdırılmış mesaj başlıqları və mətnləri hazırlayın
  • Müştərilərinizə e-mail bildirişlərindən ayrılmaq imkanı verin
  • Satış və tanıtım e-maillərini birləşdirin

Influencer Marketinq

Influencer Marketinq şirkətlərin məhsul və ya xidmətlərini tanıtmaq üçün məşhur sosial media istifadəçiləri və brendlər arasında əməkdaşlığıdır. Influencer Marketinq məşhur şəxslərin öz izləyicilərinin yüksək etimadına görə işləyən marketinq növüdür. Onlardan gələn tövsiyələr şirkətinizin potensial müştəriləri üçün bir növ sosial sübut kimi xidmət edir.

Influencer Marketinq düzgün aparılarsa olduqca faydalı nəticələr əldə etmək mümkündür. Doğru seçilmiş influencer ilə əməkdaşlıq və uğurlu kampaniya nəticələrini təmin etmək üçün diqqət etməniz gərəkən detallar:

  • Düzgün məqsədlər və KPI-lar müəyyən etmək
  • İzləyici sayını yox əlaqə dərəcəsini (engagement rate) üstün tutmaq
  • İnfluencerə kampaniya haqqında detallı brief göndərmək
  • İnfluencer’in yaradıcılığına maneə yaratmamaq
  • Gözləntiləri öncədən təyin edə bilmək

Affiliate Marketinq

Affiliate Marketinq, şirkətin trafik yaratmaq, məhsul və xidmətlərinin satış səhifələrinə istifadəçilər cəlb etmələri üçün digər veb platformalara ödəniş etdiyi rəqəmsal marketinq modelidir. Affiliate ilə məşğul olan şirkətlər bir növ maklerlik fəaliyyəti ilə məşğuldurlar, qısa şəkildə desək: digər şirkətlərin məhsul və xidmətlərinin satışlarından müəyyən faiz dərəcəsində bonus əldə edirlər. 

Bu modelin məqsədi satışları artırmaq və həm treyder, həm də biznes sahibi üçün qazan-qazan (win-win) həlli yaratmaqdır. Sistem unikal və gəlirlidir, getdikcə populyarlaşır. Ümumiyyətlə, Affiliate Marketinq məhsul və xidmətlərin reklamı, brend tanınırlığını artırmaq və müştəri bazasını genişləndirmək üçün ucuz və effektiv üsuldur. Affiliate Marketinqə başlamaq üçün nəzərə almalı olduğunuz nüanslar:

  • Düzgün affiliate ödəniş metodu seçimi
  • Hədəf kütləni müəyyənləşdirmək
  • Satış ediləcək məhsulları tapmaq
  • Uyğun plaformaları seçmək

Mobil Marketinq

Mobil marketinq mobil cihazlarda: smartfon və ya planşetlərdə baş verən hər hansı rəqəmsal marketinq növüdür. Bura mobil reklamlar, mesajlar, push bildirişlər və s. daxildir. Kompüter və ya noutbuklardan fərqli olaraq, insanlar telefonlar ilə daha çox vaxt keçirdikləri üçün mobil marketinq yeni dövrün trendinə çevrilib. Mobil telefonların bir çox üstün hədəfləmə: coğrafi (ünvana görə) və ani bildiriş (push bildiriş və ya mesaj) imkanları şirkətləri bu sahədə fokuslanamağa təşviq edib. Mobil marketinqdən istifadə zamanı diqqət yetirilməli əsas amillər:

  • Hədəf auditoriyanızı müəyyənləşdirin
  • Mobil marketinq kanallarını siyahılaşdırın
  • Bir çox kanalı mobil marketinqə tətbiq edin
  • Göndəriləcək mesajları qısa və aydın yazın
  • Nəticələri təhlil edin və nəticə çıxarın

Rəqəmsal marketinqin hər bir növünün öz üstünlükləri və mənfi cəhətləri var. Bu səbəbdən, biznes məqsədlərinizə çatmaq üçün marketinq fəaliyyətinizi tətbiq edə biləcəyiniz və hədəf auditoriyanızın müəyyən qədər istifadə etdiyi düzgün kanalları seçməlisiniz.

📰 Rəqəmsal marketinqin bütün kanalları haqqında daim yeniliklərdən xəbərdar olmaq üçün hazırladığım siyahıdakı 72 marketinq bloqunu izləyə bilərsiniz.

Rəqəmsal Marketinqin Üstünlükləri

Rəqəmsal marketinq istənilən uğurlu biznes strategiyasının vacib komponentidir. Şirkətlərə daha geniş auditoriyaya çatmağa və müştərilərlə individual əlaqə yaratmağa imkan verir. Bundan əlavə, rəqəmsal marketinq bizneslərə real vaxt rejimində analitikalardan istifadə etmə imkanı verir, onlara düzgün qərarlar qəbul etməyə və reklam kampaniyalarının uğurunu izləməyə imkan verir. Rəqəmsal marketinq məhsul və ya xidmətinizi almaq ehtimalı yüksək olan potensial müştəriləri hədəfləmə imkan verir.

Rəqəmsal marketinqin üstünlükləri arasında brend tanınırlığının artırılması, təkmilləşdirilmiş müştəri loyallığı, daha az marketinq xərcləri və yüksək investisiya gəlirliliyi (ROI) yer alır. Bundan əlavə, rəqəmsal marketinq satışları və mənfəəti artırmaq, eləcə də müştərilərlə davamlı əlaqələr yarada bilmək potensialına malikdir.

Rəqəmsal marketinqin əsas üstünlüklərinə aiddir:

  • Geniş hədəfləmə imkanı
  • Daha az xərc
  • Xüsusi hədəf kütlələri
  • Ölçülə bilən nəticələr
  • Fərdiləşdirmə imkanı
  • Böyük brendlərlə rəqabət aparmaq imkanı
  • Asan öyrənilə bilir

Geniş hədəfləmə imkanı

Reklamı internetdən istifadə edərək yerləşdiririksə, deməli, internetin var olduğu yerlərdə reklamımızı yayımlaya bilərik. Bu da o deməkdir ki, coğrafi olaraq heç bir məhdudiyyət olmadan dünyanın istənilən bölgəsini hədəfləyə bilərik. Geniş hədəfləmə imkanı şirkətlərə yeni bazarlara asan yolla çıxma imkanı verir.

Daha az xərc

Rəqəmsal marketinq: televiziya, radio reklamları və digər ənənəvi marketinq üsullarından daha sərfəlidir. Reklam kampaniyalarının hədəf auditoriyanızdakı insanların diqqətini çəkə bilmələri üçün sadə bir vizual və açıqlama mətni kifayətdir. Bunları ödənişsiz şəkildə də təmin etmək mümkündür. Başqa bir nümunə olaraq: müştərilərinizə təsirli mesajlar çatdıran çox sayda e-mail marketinq kampaniyaları hazırlayıb göndərə bilərsiniz. 

Ümumiyyətlə, rəqəmsal marketinq daha sərfəli həll yoludur və çəkdiyiniz xərclərin müqabilində daha çox dəyər əldə etməyinizi təmin edir. Sosial media, youtube və ya axtarış motoru reklamları kimi daha çox xərc tələb edən strategiyalar əvəzinə SEO və ya e-mail marketinq kimi büdcə dostu üsulları seçmək imkanı hər zaman var.

Xüsusi hədəf kütlələri

Hədəf auditoriyanız haqqında dəqiq təsəvvürünüz olmasa belə, rəqəmsal marketinq hansı auditoriyanın sizin üçün daha yaxşı işləyəcəyini bilir və kampaniyanızı həmin auditoriyalar üçün optimallaşdırmaq üçün imkan yaradır. Demoqrafik, maraq sahələri, coğrafi məlumatlar kimi bir çox fərqli hədəfləmə variantı mövcuddur.

Sizin ixtiyarınızda olan hədəfləmə imkanları ilə hər bir reklam kampaniyasının düzgün auditoriyaya çatmasını təmin edə bilərsiniz. Rəqəmsal marketinq, həmçinin müştərilərin dəyişən davranışlarını təhlil etməyə və kampaniyaları buna uyğunlaşdırmağa kömək edir. Müştərilərin dəyişən ehtiyaclarını tez başa düşmək isə istənilən şirkət üçün uğura aparan etibarlı yoldur.

Ölçülə bilən nəticələr

Rəqəmsal marketinq alətləri ilə onlayn fəaliyyətinizdən əldə edilən nəticələri və məlumatları təhlil edə bilərsiniz. Bu məlumatları təhlil etməklə müştərilərinizin seçimlərini və istəklərini başa düşə və analizlər əsasında onların alış vərdişlərinə təsir edə biləcək yeni kampaniyalar hazırlaya bilərsiniz. Həmçinin, əldə etdiyiniz nəticələr əsasında düzgün büdcə formalaşdırmaq, yeni startegiyalar yaratmağı asanlaşdırır.

Fərdiləşdirmə asandır

Rəqəmsal marketinq müştəri məlumatlarını ənənəvi marketinqin edə bilməyəcəyi şəkildə toplamağa imkan verir. Bu məlumatları isə daha da spesifikləşdirmək mümkündür. Müxtəlif meyarlar əsasında çox sayda seqmentə uyğun auditoriyalar yaratmaq olar. Bu auditoriyaların maraq sahələrini dəqiq hədəfləyən müxtəlif kontentlərlə reklam kampaniyaları yaratmaq mümkündür. Məsələn: Hər hansı bir mobil telefonu (Məs: iPhone 13 Pro) iki fərqli hədəf kütləsinə müxtəlif vizual və mətnlərlə göstərə bilmək olar.

Böyük brendlərlə rəqabət aparmaq imkanı

Fəaliyyətə başlayan zaman kiçik bizneslərin reklam büdcləri çox olmadığından televiziya və radiolarda reklam yerləşdirə bilmirlər. Ancaq, rəqəmsal marketinq kanalları ilə az büdcələr ilə reklam kampaniyaları yayımlanması mümkündür. Bununla da böyük şirkətlərin yer aldığı bazardan pay götürmək mümkünləşir. Hətta daha düzgün strategiyalar ilə qısa bir müddətdə brend tanınırlığını müəyyən dərəcədə artırmaq olar.

Asan öyrənilə bilir

Rəqəmsal marketinq sürətlə inkişaf edən bir sahədir. Öyrənmək üçün bir çox aspekti olsa da, kifayət qədər resurs olduğu üçün olduqca asandır. Biznes məqsədlərinizə uyğun olaraq rəqəmsal marketinqin bir çox kanalını istifadə edərək düzgün strategiyalar tətbiq edə bilərsiniz. Bunun üçün vaxt itirmədən tədris etiyim A-dan Z-ə Rəqəmsal Marketinq Kursuna başlamağınız kifayətdir.

Bütün Şirkətlər üçün Rəqəmsal Marketinq

Rəqəmsal marketinq istənilən sektorda fəaliyyət göstərən istənilən biznes üçün tətbiq edilə bilər. Şirkətinizin hansı növ məhsul və ya xidmət satmasından asılı olmayaraq, rəqəmsal marketinq hədəf auditoriyanızın ehtiyaclarını müəyyən etməklə onlar üçün dəyərli kontentin yaradılmasını özündə birləşdirir. Lakin, bu o demək deyil ki, bütün şirkətlər eyni rəqəmsal marketinq strategiyasını tətbiq etməlidirlər.

B2B rəqəmsal marketinq biznesləri digər bizneslərlə əlaqələndirməyə fokuslandığı halda, B2C marketinqi biznesi fərdi istehlakçılarla əlaqələndirməyə diqqət yetirir. B2B rəqəmsal marketinq B2C rəqəmsal marketinqlə müqayisədə bir neçə əsas fərqə malikdir. Bu fərqlərə hədəf auditoriya, məhsulun dəyəri, satış dövrü və istifadə olunan rəqəmsal marketinq kanallarıdır.

B2B üçün Rəqəmsal Marketinq

Əgər şirkətiniz B2B fəaliyyət göstərirsə, rəqəmsal marketinq səyləriniz çox güman ki, onlayn şəkildə potensial müştəri məlumatlarının, yəni lead’lərin əldə olunmasına yönəlib. Bu halda son məqsəd satış nümayəndəsinə potensial müştəri məlumatlarının çatdırılmasıdır. Rəqəmsal marketinq strategiyanızın məqsədi veb saytınız və sosial media kanallarınız vasitəsilə satış nümayəndələriniz üçün yüksək keyfiyyətli potensial müştəriləri cəlb etmək və onları real müştəriyə çevirmək olacaq.

💼 Kiçik bizneslər üçün rəqəmsal marketinqin nə dərəcədə əhəmiyyətli olduğunu öyrənin.

B2C üçün Rəqəmsal Marketinq

Əgər şirkətiniz B2C fəaliyyət göstərirsə, rəqəmsal marketinq səylərinizin məqsədi, potensial auditoriyanı veb saytınıza cəlb etmək və onları veb sayt üzərindən real müştəriyə çevirməkdən (yəni, veb saytdan alış-veriş etmələri) ibarət olmalıdır. Bu halda veb saytınız istifadəçi təcrübəsinə uyğun hazırlanmalı və məhsul / xidmət satışının həyata keçmə prosesi rahat olmalıdır. B2C fəaliyyət zamanı Facebook, Instagram, Axtarış Motoru və Görüntülü Şəbəkə reklamlarından istifadə etmək məqsədəuyğundur.

Fərqli Yönlər

B2B rəqəmsal marketinqdə hədəf auditoriya digər şirkətlər, korporativ qərar qəbul edən şəxslər və peşəkarlardır. Bu o deməkdir ki, B2B rəqəmsal marketinqində istifadə olunan kontent və mesajlar daha konkret olmalı və hədəf auditoriyaya dəyər verməyə yönəlməlidir.

B2B üçün məhsul dəyəri də B2C-dən fərqlidir. B2B məhsulları daha bahalı və mürəkkəbdir, satın almadan əvvəl daha çox araşdırma və qiymətləndirmə tələb edir. B2B məhsulları üçün satışın həyata keçmə dövrü B2C məhsulları ilə müqayisədə daha uzundur.

Rəqəmsal marketinq kanalları baxımından B2B marketoloqları daha çox LinkedIn, press relizlər və vebinarlar kimi peşəkar şəbəkələrə diqqət yetirirlər. Digər tərəfdən, B2C marketoloqları daha çox Facebook, Instagram kimi sosial media kanallarına və Axtarış motoru reklamlarına diqqət yetirirlər.

Veb saytınızın Axtarış Motorlarında ilkin sıralarda görünməsi üçün SEO Xidmətindən faydalanın.

Rəqəmsal Marketinq Fəaliyyəti Necə Həyata Keçirilir?

Rəqəmsal marketinq fəaliyyətinin olması hər bir biznesin vacib hissəsidir. Rəqəmsal marketinq fəaliyyətinə istədiyiniz məqsədlərə effektiv şəkildə çatmağı təmin etmək üçün araşdırma aparmaq, planlaşdırma etmək və fəaliyyətə keçmək daxildir. Yaxşı planlaşdırılmış rəqəmsal marketinq fəaliyyəti, hədəf auditoriyanıza çatmağınıza, brend tanınırlığınızı artırmağınıza və daha çox satış əldə etməyinizə aparacaq.

Rəqəmsal marketinq üçün fəaliyyət planı yaradarkən aşağıdakı addımları nəzərə almaq vacibdir:

  1. Məqsədlərinizi təyin edin
  2. Hədəf auditoriyanızı müəyyənləşdirin
  3. Fəaliyyətinizə uyğun rəqəmsal kanalları seçin
  4. Rəqəmsal kanallar üçün büdcə təyin edin
  5. Ödənişli və ödənişsiz yanaşmalar arasında tarazlıq yaradın
  6. Maraqlı kontentlər yaradın
  7. Kontentlərinizi mobil cihazlara uyğun optimallaşdırın
  8. Analitika əsasında optimizasiyalar edin

1. Məqsədlərinizi təyin edin

Rəqəmsal marketinq fəaliyyətinə başlayarkən hədəflərinizi düzgün təyin etmək çox vacibdir, çünki strategiyanızı bu məqsədlərə uyğun quracaqsınız. Məsələn, məqsədiniz brendinizin tanınırlığını artırmaqdırsa, diqqətinizi sosial media vasitəsilə geniş auditoriyalara çatdırmağa yönəltməlisiniz. Məhsul satışlarını artırmaq istəyirsinizsə, ödənişli reklamlar vasitəsilə trafik çəkmək üçün PPC kampaniyalarından istifadə etməlisiniz. Nə olursa olsun, şirkətinizin əsas hədəflərini müəyyən etdikdən sonra rəqəmsal marketinq fəaliyyətinə başlamaq asandır.

2. Hədəf auditoriyanızı müəyyənləşdirin

Rəqəmsal marketinqin əsas üstünlüklərindən biri konkret auditoriyanı hədəfləmək imkanıdır. Ancaq alıcı kütlənizin kimlər olduğunu müəyyən etməsəniz, düzgün auditoriyalar yarada bilməyəcəksiniz. Qeyd etmək lazımdır ki, hədəf auditoriyanız müəyyən bir məhsul, kampaniya, sosial media kanalınızdan və ya məqsədlərinizdən asılı olaraq dəyişə bilər. Məsələn: Kişi ətiri məhsulunun satışı üçün çatdırılma edə bildiyiniz ərazilər üzrə 18 yaşdan böyük kişləri hədəfləyə bilərsiniz.

3. Fəaliyyətinizə uyğun rəqəmsal kanalları seçin

Biznes məqsədlərinizə çata biləcəyiniz rəqəmsal marketinq kanallarının seçilməsi vacibdir. Sırf bu kanallarda fəaliyyətinizi düzgün apararaq hədəf auditoriyanıza çata biləcəksiniz. Düzgün kanalları seçməmişdən öncə auditoriyanızın hansı kanallarda daha çox olduğunu, biznes məqsədlərinizə o kanallar vasitəsilə çata biləcəyinizi araşdırmalısınız. Məsələn: Veb sayt vasitəsilə məhsul satışını həyata keçirmək istəyən kiçik şirkətsinizsə lokal bazarda Facebook, Instagram, Axtarış Motorları uyğun kanallardır.

4. Rəqəmsal kanallar üçün büdcə təyin edin

Fəaliyyət göstərəcəyiniz rəqəmsal kanallar üzrə büdcənizi düzgün bölüşdürməlisiniz. Sosial media kontentləri hazırlayaraq reklam kampaniyaları həyata keçirirsinizsə və SEO prosesləri üçün blog yazıları hazırlayırsınızsa çox büdcə ayırmağınıza ehtiyac yoxdur. Axtarış motoru reklamlarında rəqabət çox olan açar sözlər üzrə reklam yayımlamaq istəyirsinizsə, LinkedIn-dən peşəkar şəxslərə ciddi rəqəmlərlə məhsul və xidmət satışını həyata keçirməyi planlaşdırırsınızsa, bu zaman ciddi şəkildə rəqəmsal marketinqə büdcə ayırmalısınız.

Çalışmaq lazımdır ki, fəaliyyət göstərdiyiniz bütün rəqəmsal kanallar üzrə büdcə ayırasınız. Büdcəni təkcə reklamlar üçün yox, həm də keyfiyyətli kontentlər hazırlamağa və ya agentliklərlə işləmək üçün ayıra bilərsiniz. Əsas məqsəd, hər bir kanal üzrə nəzərdə tutulan məqsədə çatmaq mümkün olsun. 

5. Ödənişli və ödənişsiz yanaşmalar arasında tarazlıq yaradın

Rəqəmsal marketinq fəaliyyətinizdən tam effekt əldə etmək üçün həm ödənişli, həm də ödənişsiz yanaşmalar tətbiq etməyiniz vacibdir.

Məsələn: uzunmüddətli düşündükdə axtarış motoru reklamlarına ciddi rəqəmlərdə reklam büdcəsi ayıraraq, eyni zamanda paralel şəkildə daha az xərc tələb edən SEO prosesi həyata keçirərək yüksək geri dönüşlər əldə edə bilərsiniz.

Əlavə olaraq, hər-hansı bir reklam kampaniyası yaratmamışdan öncə ödənişsiz şəkildə dərin araşdırma apararaq belə az büdcə ilə yüksək geri dönüş əldə edə biləcəyiniz kampaniyalar hazırlaya bilərsiniz.

6. Maraqlı kontentlər yaradın

Hədəf auditoriyanızı təyin etdikdən və büdcənizi bölüşdürdükdən sonra fəaliyyət göstərəcəyiniz müxtəlif rəqəmsal kanallar üçün kontent yaratmaq lazımdır. Kontent növləri: sosial media postları, blog yazıları, PPC reklamları üçün başlıqlar və açıqlama mətnləri, e-mail marketinq kontentləri və s. ola bilər.

Kontentiniz əsas marketinq məqsədlərinizə çatmağa və brend tanınırlığınızı artırmağa yönəldiyi ümün hədəf auditoriyanız üçün maraqlı və cəlbedici olmalıdır. Kontent hazırlayarkən çatdırılması istənilən mesajı ötürə bilməsinə və sadə olmasına diqqət yetirmək lazımdır.

7. Kontentlərinizi mobil cihazlara uyğun optimallaşdırın

Rəqəmsal marketinqin digər mühüm komponenti mobil marketinqdir. Son dövrlərdə istifadəçilərin böyük qisminin mobil cihazlarla daha çox vaxt keçirməsinin nəticəsi olaraq, mobil cihazlar üçün rəqəmsal reklamlarınızı, veb səhifələrinizi, sosial media şəkillərinizi və digər rəqəmsal fəaliyyətlərinizi optimallaşdırmalısınız. Veb sayınız varsa responsiv dizaynda olmalıdır ki, mobil cihazlardan da uyğun görünüşə sahib olsun. Sosial media vizuallarınız üzərində olan yazılar elə böyüklükdə olmalıdır ki, mobil cihazlarda oxuna bilsin. Veb saytınızın səhifə meta başlıqları və açıqlama mətnləri mobilə uyumlu limitdə olmalıdır. Bütün bu optimizasiyalar mobil cihazlardan gələn geri dönüş dərəcəsinin yüksəldilməsi üçündür.

8. Analitika əsasında optimizasiyalar edin

Rəqəmsal marketinq fəaliyyət planı yaratmaq üçün analitika əsasında optimizasiyalar etmək vacibdir. Bu halda daha dəqiq hədəflər seçə bilər və planınızı daha dəqiq hazırlaya bilərsiniz.

Məsələn: Veb sayt trafikiniz aylar keçdikcə azalmağa başlayıb. Bunun üçün veb saytınız daxilində istifadəçi hərəkətlərini müxtəlif alətlər ilə (Hotjar, Microsoft Clarity, Yandex Metrica və s.) analiz edərək, fəaliyyət planınızda dəyişikliklər edə bilərsiniz. Əlavə olaraq, veb saytınıza gələn trafikin kanallarını nəzərdə keçirib (Google Analytics, Matomo və s. ilə) bu kanallar üzrə yenidən düzgün şəkildə düzəlişlər edə bilərsiniz.

Rəqəmsal Marketoloq Bacarıqları və Gördüyü İşləri

Rəqəmsal marketinqdə uğurlu olmaq üçün hərtərəfli bacarıq və biliklərdən istifadə tələb olunur. Rəqəmsal marketoloq ünsiyyətcil olmalı, yaradıcılıq, strateji, analitik və texniki bacarıqlara malik olmalıdır. Cəlbedici kontent yaratmağı, hədəf kütlənin diqqətini cəlb edəcək kampaniyalar hazırlamalı və fəaliyyətlərin uğurunu ölçməyi bacarmalıdır.

Rəqəmsal marketoloq SEO/SEM, e-mail marketinqi, sosial media və digər kanallarda rəqəmsal marketinq üçün mövcud olan müxtəlif alətləri və ümumi məntiqi başa düşməlidir. Ən azından sadə kodlaşdırma (HTML) bilikləri və veb sayt hazırlanmasının əsaslarını bilmək də effektiv rəqəmsal kampaniyalar yaratmağa kömək edəcəkdir. Bu sahədəki ən son yeniliklərdən xəbərdar olmalı və strategiyalar hazırlayarkən alıcı kütlə tərəfdən düşünmək bacarığına malik olmalıdır.

Rəqəmsal marketoloqun işi brend tanınırlığını artırmaq və rəqəmsal kanallar vasitəsilə potensial müştərilər yaratmaqdır. Yəni, rəqəmsal marketoloqlar: kontent yaratmaq, onları planlamaq və paylaşmaq, sosial media kanallarında bildirişləri izləmək, reklam kampaniyalarını hazırlamaq, idarə etmək və izləmək, şirkətin rəqəmsal kanallarını gücləndirmək üçün başqa işləri görməklə məşğul olurlar.

Rəqəmsal marketoloq olmaq

Rəqəmsal marketinq sahəsində karyeraya başlamazdan əvvəl bu sahənin nəzəriyyəsini və texniki alətlərdən sərbəst istifadə etməyi dərindən öyrənmək üçün peşəkar rəqəmsal marketinq kursuna başlamağınız vacibdir. Əsas üstünlüyü birbaşa olaraq rəqəmsal marketinq alətlərinə deyil, ümumi anlayışlara və işləmə prinsiplərinə verməyiniz vacibdir. Çünki, alətlər hər zaman dəyişir, inkişaf edir, ancaq ümumi işləmə prinsipi dəyişməz olaraq qalır.

Azərbaycanda psixoloji olaraq “Sertifikat” yanaşması var. Rəqəmsal marketinqi sertifikat əldə etmək üçün deyil, bilik və təcrübə qazanmaq üçün öyrənməyə başlayın. Çünki, iş görüşməsi zamanı heç kəs sizdən sertifikat tələb etməyəcək, əksinə, nə iş gördüyünüzü, hansı layihələrdə yer aldığınızı, hansı KPI-lar əldə etdiyinizi və nələri bildiyinizi soruşacaqlar. Odur ki, sertifikat üçün yox, bu sahəni öyrənmək üçün başlamalısınız.

Tədris proqramını hazırki dövrün tələblərinə uyğun hazırladığım A-dan Z-ə Rəqəmsal Marketinq Təliminə indi qoşularaq karyeranız üçün ilk addımı atın!

Nəticə

Rəqəmsal marketinq daim inkişaf edən və dinamik marketinq sahəsidir. Texnologiya inkişaf etdikcə və marketinq alətləri daha təkmilləşdikcə, rəqəmsal marketoloqlar üçün yeniliklərə ayaq uydurmaq çox vacibdir. Rəqəmsal marketinqin əhəmiyyətini, onun müxtəlif növlərini və alətlərini, uğurlu rəqəmsal marketinq strategiyasını necə inkişaf etdirəcəyini anlamaq, istənilən şirkətin məqsədlərinə çatmağına kömək edəcək. Rəqəmsal marketinq təkcə reklam etmək və post paylaşmaqdan ibarət deyil, həm də müştərinin onlayn məhsul və ya xidmət alarkən keçdiyi yolu başa düşmək və düzgün hədəf auditoriyaya çatmaq üçün təsirli fəaliyyət planı hazırlamaqdır. Hər zaman uğurlu olmaq üçün rəqəmsal marketoloqlar çevik olmalı və sektordakı ən son yeniliklərdən xəbərdar olmalıdırlar.

İstifadə olunmuş mənbələr: 1 / 2 / 3 / 4 / 5

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button