SWOT Analiz Haqqında Bilməli Olduğunuz Məlumatlar

SWOT Analizi şirkətin daxili və xarici mühitini qiymətləndirmək üçün ən çox istifadə edilən təhlil metodlarından biridir və şirkətin strateji planlaşdırma prosesinin bir hissəsidir. SWOT analizi bir çox fərqli yerlərdə: məhsul, xidmət, istehsal və ya insanlar üçün istifadə edilə bilər. SWOT təhlil həm strateji planlaşdırmada istifadə olunur, həm də qərarların qəbuluna kömək edir, çünki, strateji alternativlər yaratmaq üçün perspektivli imkanlar təqdim edir.

SWOT Analiz Haqqında Bilməli Olduğunuz Məlumatlar

SWOT sözü ingilis dilindən: Güclü tərəflər, Zəif tərəflər, Fürsətlər və Təhlükələr (Strengths, Weaknesses, Opportunities, Threats) sözlərinin ilk hərflərinin birləşməsindən yaranıb.

Qısaca SWOT Analizi: Güclü və zəif tərəflərinizi anlamağa, fürsətləri tanımağa və qarşılaşa biləcəyiniz təhlükələri görməyə kömək etmək üçün sizin və biznesiniz üçün faydalı təhliletmə texnikasıdır.

SWOT Analizi ilə Nə Əldə Edəcəyik?

SWOT Analizin əsas məqsədi: Hər hansı şəxsi və ya işgüzar məsələ ilə bağlı qərarların qəbulu zamanı güclü və ya zəif, fürsətlər və ya mənfi tərəflərin bütövlükdə nəzərə alınmasını təmin etməkdir.

SWOT analizi bizə güclü və zəif tərəflərimizi, mümkün olan fürsətlər və təhlükələri qiymətləndirərək atılacaq düzgün addımları müəyyən etməyə kömək edir. Güclü tərəflərinizi üzə çıxararkən zəif cəhətlərinizi aradan qaldıra bilərsiniz. Eyni zamanda, bazardakı fürsətləri və təhlükələri müəyyən edərək, irəliləyişinizi asanlaşdıracaq yolu dəqiq bir şəkildə təyin edə bilərsiniz. Təkcə biznesiniz üçün deyil, startuplar, kiçik layihələr, hətta şəxsi inkişafınız üçün də SWOT Analiz-dən istifadə edə bilərsiniz. 

Bunlara əlavə olaraq SWOT analizi çərçivəsində öz biznesinizi və rəqabət aparan bizneslərinizi test edə və ya biznesinizi digərlərindən fərqləndirəcək marketinq strategiyaları və biznes inkişaf planları hazırlaya bilərsiniz. Bu təhlil metodu ilə uğurlu bizneslərin uğur qazanmasının səbəblərini görə biləcəksiniz.

SWOT Analizi Hansı Faktorlara Ayrılır?

SWOT Analizi 2 əsas hissəyə bölünür. Daxili və Xarici faktorlar. Güclü və Zəif tərəflərin cari dövrə və ya keçmişə, Fürsətlər və Təhlükələrin isə gələcəyə hesablanmış olduğunu qeyd etmək vacibdir. SWOT analizi aparmaqla şirkətin bu günə qədər əldə etdikləri ilə yaradılacaq strateji alternativlər arasında körpü qurmaq mümkündür.

SWOT Analiz Faktorları

Daxili Amillər Nələrdir?

Daxili amillər şirkətin güclü və zəif tərəfləridir. Güclü tərəflər biznesə rəqabət üstünlüyü verən xüsusiyyətlərdir, zəif tərəflər isə şirkətin öz fəaliyyətini yaxşılaşdırmaq üçün aradan qaldırmalı olduğu xüsusiyyətlərdir.

Daxili amillərə misal olaraq:

  • Şirkət mədəniyyəti
  • Şirkət imici
  • İş görmə səmərəliliyi
  • İş görmə qabiliyyəti
  • Brendin tanınırlığı
  • Bazar payı
  • Maddi resurslar
  • İşçi heyət
  • Təşkilati struktur

Xarici Amillər Nələrdir?

Xarici amillər şirkət üçün Fürsətlər və Təhlükələrdir. Fürsətlər şirkətin xarici mühitdə dəyər yaratmaq üçün gələcəkdə həyata keçirə biləcəyi elementlərdir. Təhlükələr şirkətin məqsədinə və ya missiyasına çatmasına və ya dəyər yaratmasına mane ola biləcək xarici mühit elementləridir.

Xarici mühitdə baş verən dəyişikliklərə səbəb ola bilər:

  • Sosial dəyişikliklər
  • Müştərilər
  • Rəqiblər
  • İqtisadi mühit
  • Hökumətin tənzimlədiyi qaydalar
  • Təchizatçılar
  • Tərəfdaşlar
  • Bazarda olan tendensiyalar

SWOT Analiz Aparılması Qaydası

SWOT Analiz cədvəli adətən elə qurulur ki, daxili amillər yuxarıda, xarici amillər isə aşağıda yerləşsin. Bundan əlavə, qrafikin sol tərəfindəki maddələr daha müsbət cəhətlərdir, sağdakı maddələr isə daha çox mənfi cəhətlərdir.

SWOT Analiz Cədvəli

SWOT analizi aparmaq üçün şirkətinizin güclü, zəif tərəflərini, fürsətləri və təhlükələri müəyyənləşdirin.

Güclü Tərəflərinizi Tapın

Daxili və istehlakçı baxımından güclü tərəfləri nəzərdən keçirin.

  • Şirkətinizin hansı üstünlükləri var?
  • Başqalarında olmayan hansı unikal resurslarınız var?
  • Şirkətinizin Unikal Satış Təklifi nədir?
  • Şirkətiniz haqqında müştərilər nə düşünür?
  • Başqalarının əli çatmayan hansı ucuz resurslara çıxışınız var?

Zəif Tərəflərinizi Tapın

Zəif tərəfləri daxili və müştəri tərəfindən qiymətləndirin.

  • Şirkətiniz nəyi yaxşı eləmir?
  • İstehlakçılar şirkətinizdə hansı zəif cəhətləri görürlər?
  • Brend imicinin zəifləməsinə nələr təsir edir?

Fürsətləri Axtarın

Fürsətləri kənardan baxmaqla qiymətləndirin.

  • Bazarda hansı yaxşı təkliflər mövcuddur?
  • Şirkətinizin faydalana biləcəyi tendensiyalar hansılardır?
  • Şirkətinizin faydalana biləcəyi texnoloji vəziyyət və ya bazarlarda hər hansı dəyişikliklər varmı?
  • Şirkətinizin faydalana biləcəyi həyat tərzi, sosial modellərdə və s. dəyişikliklər varmı?

Təhlükələri Təyin Edin

Təhlükələri xarici perspektivdən qiymətləndirin.

  • Şirkətiniz hansı maneələrlə üzləşir?
  • Rəqibləriniz nəyi sizdən daha yaxşı edir?
  • Texnologiyanın dəyişməsi şirkətinizin mövqeyinə təhlükə yaradırmı?
  • Zəif cəhətləriniz sizi hansı təhlükələrə məruz qoyur?
  • Həyat tərzi, sosial modellər və s. dəyişikliklər şirkətiniz üçün təhlükə yaradırmı?

SWOT Analizi Aparılması Üçün Maraqlı Nümunə

McDonald’s səhmləri üçün SWOT analizi aşağıdakı kimi aparıla bilər:

Güclü Tərəflər Hansıdır?

  • McDonald’s fast food sənayesindəki hər hansı digər rəqibdən daha çox ölkədə müştərilərə xidmət göstərir
  • Əhəmiyyətli dərəcədə sahə effekti yaradır
  • Geniş auditoriyaya sahibdir
  • McDonald’s tədarükçülər və rəqiblər üzərində bazar hakimiyyətini həyata keçirir
  • Fast food sənayesində ən tanınmış brendidir
  • Rəqabətli qiymət strategiyasına malikdir

Zəif Tərəflər Hansıdır?

  • Yüksək işçi sayı
  • Mənfi reklam (McDonald’s-ı qeyri-sağlam yemək seçimi kimi qəbul edirlər)
  • Mövsümi məhsulları arasında çox fərq yoxdur
  • Françayzinq əməliyyatlarında keyfiyyət uyğunsuzluğu
  • İstehlakçılar üçün daha sağlam seçimlərə deyil, fast fooda diqqət yetirir

Fürsətlər Hansılardır?

  • Daha sağlam seçimlərə doğru sosial dəyişikliklərə həssas olmaq
  • Dünyanın yeni bölgələrində biznesin genişlənməsi
  • Allergensiz seçimlər və qlütensiz qidalar
  • Korporativ Sosial Məsuliyyət

Təhlükələr Nələrdir?

  • Sağlamlığa daha çox diqqət yetirən müştərilər
  • Müxtəlif ölkələrdəki rəqiblərdən təhlükə
  • İqtisadi tənəzzül təhlükəsi
  • Daha balanslı yemək üçün sosial dəyişiklik
Şirkətlərin uğuruna ciddi təsir göstərən PESTEL Analiz metodunu da gözdən keçirin

SWOT Analizi Nəticəsinin Qiymətləndirilməsi

SWOT analizi üzrə 4 əsas başlığın suallarını cavablandırdıqdan sonra yuxarıdakı 4 sütunlu şəkilə baxmaq və müəyyən qiymətləndirmələr aparmaq lazımdır. Məsələn;

  1. Güclü tərəfləri necə qiymətləndirə və istifadə edə bilərsiniz?
  2. Zəif tərəfləri necə gücləndirə və zərərsizləşdirə bilərsiniz?
  3. Fürsətləri ən yaxşı şəkildə necə qiymətləndirə bilərsiniz?
  4. Təhlükələrə qarşı necə müdafiə oluna bilərsiniz?

Göründüyü kimi, SWOT Analizi aparmaq sadə prosesdir, lakin şirkətin güclü və zəif tərəflərini, qarşılaşa biləcəyi imkan və təhlükələri təhlil etmək üçün faydalı vasitədir. Bu, güclü tərəflərinizə diqqət yetirməyə, təhlükələri minimuma endirməyə və müsbət fürsətləri üstünlüyə çevirməyə kömək edir.

SWOT analizi biznesə başladıqda və ya davam etdirərkən ciddi marketinq araşdırması və strategiyası vasitəsi kimi istifadə olunur. O, həm də sizə perspektiv verir, rəqiblərinizi başa düşməyə və uğurla rəqabət aparmağa kömək edir.

Nümunə SWOT Analizi Şablonları

Swot analizi edərkən hazır şablondan istifadə etmək vaxt qazanmaq və struktur qurmaq baxımından daha əlverişli olur. Müxtəlif şirkətlər tərəfindən hazırlanmış şablonları bu linkə keçid edərək əldə edə bilərsiniz. Qeyd edim ki, şablonlar ingilis dilindədir və düzəliş oluna bilən formatdadırlar. Ümumilikdə 7 ədəd Microsoft Word, PowerPoint və Excel üçün də hazır şablonlar mövcuddur.

İstifadə olunmuş mənbələr: 1 / 2

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Back to top button