E-mail Marketinq Nədir? Düzgün Həyata Keçirilmə Qaydaları, İpucular və Platformalar
E-mail marketinq müştərilərinizə və auditoriyanıza birbaşa çıxış kanalıdır. Buna görə hər bir biznes e-mail marketinqdən istifadə etməlidir. E-mail marketinq həm bizneslərlər, həm də fiziki şəxslər üçün ən sərfəli rəqəmsal marketinq kanallarından biri hesab olunur. Lakin e-mail kampaniyalarınızdan maksimum yararlanmaq üçün onları strateji olaraq həyata keçirməlisiniz. Bunun üçün də istifadəçi mərkəzli bir yanaşma etmək lazımdır.
Tanıtım və ya reklam mesajlarını düzgün insanlara çatdırmaq üçün istifadəçiləri tanıyın və e-mail abunəçi listinizi seqmentlərə bölün. E-maillərinizi nə vaxt və nə qədər tez-tez oxumaq istədiklərini araşdırın. Güclü bir mövzu auditoriyanızın diqqətini çəkəcək, hekayələr isə onları rəqiblərinizə qarşı sizi seçməyə ruhlandıracaq.
E-mail Marketinq Nədir?
E-mail marketinq marketoloqların kontent təmin etdiyi və e-mail vasitəsilə potensial müştərilərlə əlaqə saxladığı rəqəmsal marketinq kanalıdır. E-mail marketinq kampaniyalarının bütün rəqəmsal marketinq kanalları arasında ən yüksək investisiya gəlirliliyi (ROI) sahib olduğu bilinir. Uğurlu bizneslərin əksəriyyəti e-mail marketinqdən daimi istifadə edir, çünki bu, onlara müştəriləri ilə münasibətlərini fərdiləşdirməyə, brend tanınırlığını artırmağa və daha çox konversiya (dönüşüm), satış əldə etməyə imkan verir.
E-mail marketinq əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur:
- Qarşılıqlı əlaqə yaratmaq: Maraqlı bloq yazıları və məqalələr kimi cəlbedici kontentlərlə e-mail abunəçilərinizi oxumağa təşviq edin
- Məlumatlandırmaq: Müştəriləri yeni məhsullar, xidmətlər və ya biznes siyasətindəki dəyişikliklər barədə xəbərdar edin
- Konversiya etmək: Xüsusi endirimlər, hədiyyə kuponlarını e-mail ilə təklif edəərk satışları artırın
🎯 Ənənəvi Marketinq və Rəqəmsal Marketinq haqqında geniş təlimatlara göz atın.
E-Mail Marketinqin Növləri
E-mail marketinqin müxtəlif növləri var. Hər biri fərqli məqsədə xidmət edir və auditoriyanızı cəlb etmək üçün fərqli bir yol izləyir. Biznesiniz üçün optimal e-mail marketinq kampaniyası həyata keçirmək üçün müxtəlif e-mail növlərindən istifadə etməlisiniz.
Tanıtım e-mailləri
E-mail marketinq kampaniyaları xüsusi təkliflər, yeni məhsul və xidmətlər, e-kitablar və vebinarlar kontentləri və ümumilikdə brendinizi təbliğ edir. Kampaniya hətta bir neçə gün və ya həftə ərzində göndərilən ardıcıl e-maillərdən ibarət ola bilər.
Tanıtım e-maillərinə aydın fəaliyyətə çağırış mətnləri (ing: Call to Action – CTA) də olmalıdır. CTA-lar, izləyicilərin veb saytınızdakı səhifələrə keçid etmək və ya kupondan istifadə edərək alış-veriş etmək kimi müəyyən bir hərəkətə təşviqi özündə əks etdirməlidir.
Biznesinizin satış və marketinq yanaşması marketinq e-maillərini nə qədər tez-tez göndərməli olduğunuzu müəyyən edir. Məsələn: Black Friday kimi dövrlərdə 24 saat ərzində birdən çox tanıtım e-maili göndərə bilərsiniz. E-mail marketinq fəaliyyətiniz ümumi marketinq təqviminizə uyğun olaraq müvafiq zamanlarda müxtəlif tezlikdə olmalıdır.
İnformativ e-maillər
İnformativ e-maillər ən populyar e-mail marketinq növlərindən biridir. Adından da göründüyü kimi, bu yanaşma əsasən biznesiniz haqqında məlumatları özündə əks etdirməlidir. Biznesinizin əldə etdiyi yeni nailiyyətlər, sektorda etdiyiniz yeni araşdırmalar kimi dəyərli kontentlər buna nümunələrdir. Sadə dillə desək, informativ e-mail anlayışı: düşüncələr, məsləhətlər, tövsiyələr və s. auditoriyanıza daha çox dəyər verən hər şeyi paylaşmaq imkanıdır.
E-mail çox vaxt vacib məlumatların göndərilməsi üçün əsas kanallardan biridir. Veb saytınızda problem yaranıbsa və ya sisteminizdə/proqram təminatınızda nasazlıq varsa, e-mail müştərilərinizlə əlaqə saxlamağın ən yaxşı üsuludur. Üstəlik, təhlükəsizdir və ani zamanda e-maillər göndərmək mümkündür.
Əldə saxlama e-mailləri
Əldə saxlama e-mailləri müştərilərinizi xoşbəxt edir və həmişə daha çox şey qazandırmaq üçün onları geri qaytarır. Əldə saxlama e-mailləri e-mail marketinqin dəyərli yanaşmasıdır, çünki yeni bir əlaqə və ya müştəri əldə etmək mövcud müştərini əldə saxlamaqdan daha baha başa gəlir.
Bu e-maillər müştərilərə brendinizlə qarşılıqlı əlaqə yaratmağa imkan verir. Müştərilərinizi məhsulunuzla tanış edə, məhsulunuzdan necə istifadə etməklə bağlı məsləhətləri paylaşa, uzun müddət sizdən məhsul və ya xidmət əldə etməyən müştəriləri geri qazanmaq üçün hədəfləyə bilərsiniz.
Əldə saxlama e-maillərinə aid bəzi nümunələr:
- Məhsuldan istifadə haqqında
- Endirim kuponları
- Yeni məhsullar
Tranzaksiya e-mailləri
E-mailmarketinq üçün vacib olan dördüncü kateqoriya tranzaksiyalardır. Bu e-maillər, müştərinin elektron mağazanızdan məhsul alması kimi hərəkətlər zamanı həyata keçən avtomatlaşdırılmış e-maillərdir.
Tranzaksiya e-maillərininə nümunə olaraq:
- Sifariş təsdiqləri
- Səbətdə qalan məhsullar
- Oxşar məhsullar
Bu e-maillərdə birbaşa yanaşmada “marketinq” prosesi görünməsə də, müştəri məmnuniyyəti üçün çox vacibdir. Bu ani e-maillər müştərilərin istədiklərini əldə etdiklərinin təsdiqi kimi xidmət edir.
📰 E-mail marketinqə aid maraqlı məlumatları və yenilikləri hazırladığım siyahıdakı 72 marketinq bloqundan izləyə bilərsiniz.
E-Mail Marketinqin Biznesə Faydaları
E-mail marketinq hər bir biznesin istifadəsində olması gərəkən son dərəcə güclü marketinq vasitəsidir. Saysız-hesabsız faydaları olsa da, biznesə birbaşa təsir edə biləcək əsas 5 faydaya göz ataq:
Brend tanınırlığını artırır
E-maillər izləyicilərə qiymətli resurslar, maraqlı kontentlər, xəbərlər, yeniliklər və s. paylaşmaqla brendiniz, məhsullarınız və xidmətləriniz haqqında məlumat verməyə kömək edir.
Həmçinin brend tanınırlığını yüksəltmək üçün e-mail kontentinizi və e-mail dizaynlarını marka stilistikasına uyğunlaşdırmalısınız.
Veb sayt trafikini artırır
E-mail marketinq veb saytınıza daha çox trafik çəkmək üçün əla bir vasitədir. Veb saytınızda paylaşdığınız məqalələriniz və ya bloq yazılarınız haqqında qısa məlumat verərək, maraq göstərən abunəçiləri bu məqalə və ya bloqların tam versiyalarını oxumağa yönəldə bilərsiniz. Həmçinin, məhsullarınız haqqında ətraflı məlumat almaq üçün abunələrinizi satış səhifələrinizə yönəldən tanıtım e-maillərinizdə CTA-lar istifadə edə bilərsiniz.
Satışı və gəliri artırır
E-mail məhsul və xidmətlərinizi müştərilərə göstərməyə və daha çox gəlir əldə etmək üçün müxtəlif tanıtım üsullarını sınamağa dəstək olur. Məsələn, alış-verişə təkan vermək üçün endirimlər və pulsuz çatdırılma təklif edə bilərsiniz. Orta sifariş həcmini artırmaq üçün üst satış (up selling) və çarpaz satış (cross selling) üsullarından da istifadə edə bilərsiniz.
Digər marketinq kanallarını gücləndirir
E-mail marketinq sizə digər marketinq kanallarınıza inteqrasiyalar etməyə imkan yaradır. Bununla da e-mail kontentlərinizin daxilində sosial media kanallarınıza, tədbir və ya seminarlarınıza qeydiyyat səhifələrinə trafik çəkməyə imkan verir. Məsələn, veb saytınızdan qeydiyyat keçmiş yeni müştərilərdən Facebook səhifənizdə dəyərləndirmə etmələrini və ya Instagram səhifənizdə müsabiqəyə qoşulmaları üçün dəvət göndərə bilərsiniz.
Dəyərli datalar əldə edir
E-mail sizə müştəri məlumatlarını toplamağa və onların davranışları haqqında daha çox məlumat əldə etməyə imkan verir. Bunu, statistikaları izləməklə və ya e-maillər vasitəsilə sorğular göndərməklə əldə edə bilərsiniz. E-mail kontentlərinizi, məhsul və ya xidmətlərinizi təkmilləşdirmək üçün bu məlumatdan istifadə edə bilərsiniz.
Tədris proqramını hazırki dövrün tələblərinə uyğun hazırladığım A-dan Z-ə Rəqəmsal Marketinq Təliminə indi qoşularaq karyeranız üçün ilk addımı atın!
Uğurlu E-Mail Marketinq Kampaniyası Yaratmaq
E-mail marketinq kampaniyalarınızdan yüksək dərəcədə geri dönüş əldə etmək üçün tövsiyə olunan bu yanaşmalara diqqət etmək lazımdır:
1. Kampaniyaya uyğun e-mail listi hazırlayın
E-maillərinizin maksimum təsirə malik olmasını təmin etmək üçün onları düzgün hədəf kütləsinə göndərməlisiniz.
Məsələn, dünyanın hər yerində tədbirlər təşkil edən şirkət, hər hansı bir regionda tədbir təşkil edəcəksə, yalnız həmin regiondakı auditoriyanı hədəf almalıdır. Düzgün auditoriya üçün seqmentləşdirmənin digər hissələrinə isə demoqrafik məlumatlar (yaş aralığı, cins və s.) daxildir.
Hazır e-mail siyahısının alınması kimi qeyri-etik üsullarından istifadə etməyin. Bu, həm geri dönüş dərəcələrinizin az olmasına gətirib çıxarır, həm də e-mail xidmət təminatçıları (ing: Email Service Provider – ESP) tərəfindən bloklanmanıza səbəb ola bilər.
2. E-maili dizayn edin
Hazırladığınız e-mail dəyərli kontentlərlə dolu ola bilər, lakin yaxşı görünmürsə, o qədər də təsirli olmayacaq. Bunun üçün isə e-mail kontentini cəlbedici dizayn etmək lazımdır:
Brend elementlərindən istifadə edin: Loqonuzu əlavə edin, brend rənglərinizdən, şriftlərinizdən istifadə edin və dizaynın brendin elementlərinizlə uyğun olmasını təmin edin.
Boşluqlardan istifadə edin: Mətn və vizualların ətrafınnda boşluqlardan istifadə edin ki, kontentiniz nəfəs ala bilsin. Bu boşluqlar, e-maillərinizin peşəkar görünməsinə kömək edir və istifadəçilərin məlumatları oxumasını asanlaşdırır.
Şəkillərdən istifadə edin: Təkcə mətndən istifadə etdikdə e-mailiniz darıxdırıcı görünəcək, buna görə də e-maillərinizi daha cəlbedici etmək üçün şəkillər əlavə edin.
Mobilə uyğunlaşdırın: E-mailləriniz həm kompüter, həm də mobil cihazlarda əla görünməlidir. E-maili dizayn edərkən şəkillərdən elə istifadə edin ki, həcmi az olsun – sürətli yüklənsin, həm də mobil cihaz ekranlarında normal görünsün.
📝 Kontent Marketinq haqqında geniş məlumat əldə et.
3. Mövzu başlığı və kontent mətnlərini fərdiləşdirin
Abunəçiləriniz, onlara fərdi yanaşmanızı istəyirlər. E-mailin kontentinin fərdiləşdirilməsi sizə məhz bunu etməyə imkan verir.
Fərdiləşdirmə: e-mailinizin mövzu başlığını, daxili kontentini və ya dizaynını abunə listinizdəki insanlara uyğunlaşdırmaq üçün abunəçi məlumatlarından istifadə etmək deməkdir.
E-mailləri fərdiləşdirməyin bir neçə üsulu var:
- Diqqəti cəlb etmək üçün mövzu başlığında abunəçinin adını qeyd edin
- Satışa təşviq etmək üçün abunəçinin lokasiyasından istifadə edin
- Öncəki satışlar əsasında xüsusi məhsul tövsiyələri göndərin
4. Təşviq edin və xatırladın
Bəzən yalnız bir e-mail göndərməklə iş bitmir. Abunəçilərinizi uğurlu müştəriyə çevirmək üçün ikinci və ya hətta üçüncü e-maili göndərməlisiniz. Siz bunu müxtəlif e-mail kampaniyası növləri ilə tətbiq edə bilərsiniz:
- Endirim kuponları göndərin
- Məhsulların tezliklə bitəcəyi barədə məlumat göndərin
- Məhsul əldə etdikdə hədiyyə əldə edəcəyini xatırladın
Unutmayın, təşviq etmək və bezdirmək arasında incə bir nüans var. E-maillərinizi fasilələrlə göndərin və göndərdiyiniz e-maillərin sayını məhdudlaşdırın. Bunu etməsəniz, izləyiciləriniz abunə listindən çıxa bilərlər.
5. E-mailləri real şəxs adı ilə göndərin
Təsəvvür edin ki, “[email protected]” ünvanından e-mail gəlib sizə. Dəfələrlə bu adresdən e-mail gəldikdə, sıxıcı olmağa başlayacaq və ya mail nə qədər də səmimi olarsa, bunun bir şirkət tərəfindən göndərildiyni bildiyiniz üçün, o səmimilik qalmayacaq.
Bunun əksinə, real insan adı ilə e-mail göndərsiniz:
- E-maillər istifadəçilərin birbaşa inbox-una düşəcək
- Şirkət deyil, şəxs kimi səmimiyyət yarada biləcəksiniz
Məsələn: “Bolt’dan Faiq” adi ilə e-mail göndərmək yaxşı bir fikir ola bilər.
6. A/B test edin
Bu e-mail “mükəmməldir” deyə bir şey yoxdur. Sadəcə, e-maillərinizi göndərməzdən əvvəl müxtəlif testlər etsəniz, kifayət qədər geri dönüş dərəcəsini artırmağa nail ola bilərsiniz.
A/B testi müxtəlif yanaşmalar üzrə həyata keçirilə bilir. Yaxşı olar ki, hədəf kütlənizin bir qisminə e-mail kampaniyanızın iki fərqli versiyasını göndərin. Hansı versiyanın daha yaxşı nəticə əldə etdiyini analiz etdikdən sonra, həmin versiyanı nəzərdə tutduğunuz bütün hədəf kütləyə göndərin.
E-mailləri A/B test etmək kampaniyalarınızı təkmilləşdirməyə imkan verməklə yanaşı, həm də hədəf auditoriyanız haqqında daha çox məlumat əldə etməyə kömək edir: onların nəyi bəyəndikləri, nəyi bəyənmədikləri və hansı linklərə klik etdikləri, hansı saatlarda daha çox e-mail oxuduqları və s. Bu da, uzun müddətdə daha yaxşı e-mail kampaniyaları yaratmağa imkan yaradır.
7. Kampaniya nəticələrinizi izləyin
E-mail marketinqi ilə bağlı ən yaxşı yanaşmalardan biri də odur ki, kampaniyalarınızın performansını daim izləmək və optimallaşdırmaq mümkündür. Əksər e-mail marketinq alətləri kampaniya nəticələrini anlamağımıza kömək etmək üçün ətraflı statistik məlumatlar verə bilir.
E-mail marketinq kampaniyaları üçün izləməli olduğunuz bəzi metriklərə göz ataq:
Oxuma dərəcəsi: Bu metrik, e-maillərin orta hesabla oxunma dərəcəsini bildirir. Oxunma dərəcəsi e-maillərin mövzu başlıqlarının, kim tərəfindən göndərildiyinin effektivliyini təhlil etməyə kömək edir.
Klik dərəcəsi: Bu metrik, abunəçilərin e-mail daxilindəki linklərə və ya düymələrə orta hesabla neçə dəfə klik etdiyini göstərir. Klik dərəcəsi maillərin istifadəçi seqmenti ilə əlaqəsini anlamaq üçün vacib bir metrikdir.
Sıçrayış dərəcəsi (Bounce rate): Bu metrik, e-mailləriniz göndərilməyən və ya hər-hansı bir səbəbdən onlara çatmayan insanların faizini göstərir. Yüksək sıçrayış dərəcəsi e-mail siyahınızın qeyri-aktiv, saxta və ya köhnəlmiş kontaktlarla dolu olduğunu göstərir.
Abunəlikdən çıxanlar: Bu metrik, e-mail siyahınızdan çıxmış insanların sayını bildirir. Abunəlikdən çıxan insanların yüksək olması e-mail kontentlərinizin abunəçilərinizə uyğun olmadığını və ya e-maillərinizi düzgün auditoriyaya göndərmədiyinizi göstərir.
💡 Effektiv Marketinq Strategiyasının Hazırlanması qaydası ilə tanış ol!
Ən Yaxşı 5 E-mail Marketinq Servis Təminatçısı
E-mail servis təminatçısı (ing: Email service provider – ESP) platformaları e-mail kampaniyaları yaratmaq, göndərmək və optimallaşdırmaq üçün nəzərdə tutulmuş alətlər və ya platformalardır.
Bu platformalar adətən e-mail şablonu dizaynları, avtomatlaşdırma, iş flow-ları, abunə siyahısının seqmentasiyası, A/B testi və analitika alətləri kimi bir sıra funksiyaları özündə birləşdirir.
Abunə listinizin sayı, ay ərzində göndərəcəyiniz e-mail sayı, planlaşdırma və ya digər funksiyalara görə biznesiniz üçün uyğun e-mail marketinq alətini seçə bilərsiniz. Odur ki, qlobalda ən çox üstünlük verilən platformalara göz ataq:
1.Mailchimp
Mailchimp geniş istifadə olunan və üstünlük verilən e-mail marketinq alətidir. Mailchimp, e-mail marketinq kampaniyalarını həyata keçirmək istəyən kiçik və böyük büdcələri olan şirkətlər üçün uyğun seçimdir.
2. ActiveCampaign
ActiveCampaign güclü e-mail marketinq kampaniyalarının avtomatlaşdırılması xüsusiyyətləri ilə tanınır. Bu alət avtomatlaşdırma vasitəsilə bizneslərini genişləndirmək istəyən və e-ticarət şirkətləri üçün cəlbedici seçimdir.
3. Moosend
Moosend kiçik büdcələri olan bizneslər üçün uyğun olan ən sərfəli e-mail marketinq platformalarından biridir. Siz müxtəlif dizaynlı e-maillər hazırlaya, inandırıcı e-mail ardıcıllığı və formlar yarada bilərsiniz.
4. MailerLite
MailerLite əlverişliliyi və istifadə asanlığı səbəbindən kiçik biznes və fərdi sahibkarlar üçün e-mail marketinq platforması kimi özünü sübut edib.
5. ConvertKit
ConvertKit müəlliflər, podkasterlər və dizaynerlər kimi kontent yaradıcıları üçün ən yaxşı e-mail marketinq platformalarından biridir. Bu alət elektron kitablar və kurslar kimi rəqəmsal məhsullar satmaqla e-mail abunələrindən pul qazanmağa kömək edir.