SEO Nədir? A-dan Z-ə Axtarış Motoru Optimizasiyası Haqqında Hər Şey

SEO axtarış motoru optimizasiyası deməkdir və bu, axtarış motoru nəticələri səhifələrində (SERPs) ilk sıralarda yer tutmaq üçün veb səhifələrinizi optimallaşdırmaq üçün edilən işlərin toplusudur. SEO həm də veb-sayta trafik çəkmək və dönüşüm dərəcələrini (conversion rate) artırmaq üçün etibarlı və büdcəyə uyğun rəqəmsal marketinq strategiyasının bir parçasıdır.

SEO-nun nə olduğunu daha yaxşı başa düşmək üçün bu məqalə sizi axtarış sistemi və SEO-nun əsasları ilə tanış edəcək, axtarış alqoritmlərinin necə işlədiyini və saytınızın reytinqinə hansı amillərin təsir etdiyini izah edəcək.

SEO Nədir? A-dan Z-ə Axtarış Motoru Optimizasiyası Haqqında

Axtarış motorları istifadəçilərin axtarış ehtiyaclarına cavab verən kontentləri təmin etməklə, istifadəçilərin axtarış təcrübəsinə, səhifənin sıralanmasına dəstək verən digər SEO işlərinə görə çalışır. Bu işlərə: səhifə başlıqlarında, meta açıqlamalarda, kontent başlıqlarındada (H1, H2 və s.) müvafiq açar sözlərdən istifadədə, link strukturunda və digər SEO işləri ilə səhifənin ümumi konteksini axtarış motoruna tanıtmaq aiddir.

Axtarış motorları insanlara internetdə axtardıqlarını tapmağa kömək edir. İstər məhsul araşdırması, istər restoran axtaran zaman, istərsə də hotel rezerv edirsinizsə, lazımı məlumata ehtiyacınız olduqda axtarış motorları əsas alətdir. Biznes sahibləri üçün axtarış motorları veb sayta trafik çəkmək üçün dəyərli fürsətlər təqdim edir.

SEO Nədir?

SEO – Axtarış Motoru Optimizasiyası adından da göründüyü kimi, Google, Yandex və Bing kimi axtarış motorları vasitəsilə istifadəçilərin istədiyi məlumatları tapmağı asanlaşdırmaq üçün veb-saytın təkmilləşdirilməsi prosesidir. Bu, axtarış motorunun saytı müvafiq axtarış sözləri üçün tövsiyə etmə ehtimalını artırır, beləliklə, istifadəçilər sizi lazım olan məqamda tapa bilirlər.

Axtarış etdiyiniz zaman, açar sözlərə əsaslanan nəticələrin siyahısını görəcəksiniz. Daha sonra axtarış sisteminin alqoritmi nəticələri uyğunluq dərəcələrinə görə sıralayır. Ən yaxşı axtarış nəticələri arasında olsanız, trafikin çox hissəsini siz alacaqsınız. 

Bu da SEO-nu önəmli rəqəmsal marketinq alətinə çevirir. Veb saytınızın tanınırlığınızı artırır, daha çox müştəri qazandırır. Başqa sözlə, SEO yüksək investisiya dönüşümünü təmin edə bilən rəqəmsal marketinq səylərindən biridir.

SEO Necə İşləyir

Google və digər axtarış motorları istifadəçi sorğularına cavab vermək üçün müvafiq məlumatları toplamaq, analiz etmək və göstərmək üçün işləyir.

Bunun üçün onlar üç əsas prosesdən keçirlər, o cümlədən:

Saytların Skan Olunması (Crawling)

Axtarış motorları internetdəki kontentləri tapmaq üçün hörümçək botlar (spider bot) kimi tanınan veb skanerlərə güvənir. Veb skanerlər səhifəni indeksləşdirmək üçün lazım olan məlumatları tapmağa və toplamağa kömək edir.

İndeksləmə (Indexing)

Axtarış motorlarının veb səhifələrinin topladığı və saxladığı prosesdir. Veb skanerlər saytda açar sözlərə uyğun yeni məzmun kimi məlumatları tapdıqda, veb səhifəni axtarış indeksinə əlavə edirlər. Məzmununuzu tapmağa kömək etmək üçün veb saytınızı axtarış motorlarına tanıtmalısınız. İstifadəçilər müvafiq məlumatları axtardıqda, axtarış sistemi indekslənmiş veb saytları sıralayacaq.

Sıralama (Ranking)

İndekslənmiş veb səhifələr daha sonra axtarış nəticələrində ən uyğun məzmundan, uyğunluyu az olan məzmuna doğru sıralanacaq.

SEO, saytınızı axtarış motorları üçün daha cəlbedici etməklə tanınırlığızı yüksəldir. Başqa sözlə, saytınızın skan olunmadan tutmuş sıralamaya qədər bu addımlardan nə dərəcədə düzgün edildiyini müəyyən etməyə çalışır.

Məsələn, səhifələrinizdəki yaxşı strukturlaşdırılmış daxili keçidlər (url strukturu) veb skanerlərin bir səhifədən digərinə keçməsini asanlaşdırır. Bu, onlara veb saytınızı dərindən araşdırmağa və məzmununuzu daha çox indeksləşdirməyə imkan verir.

Müəyyən səhifələrin axtarılmasını istəmirsinizsə, robot.txt faylından istifadə edərək botları bloklamaq mümkündür. Həmçinin, axtarış motoru alqoritmləri müvafiq açar sözlər, backlink keyfiyyəti, məzmunun keyfiyyətli və yeni olması kimi hərtərəfli sıralama amillərini nəzərə alır.

Buna görə də, bu amilləri nəzərə alaraq veb saytınızın məzmununu optimallaşdırmaqla axtarış nəticələrinizi əhəmiyyətli dərəcədə artıra bilərsiniz.

SEO-ya Təsir Edən Ən Mühüm Amillər

SEO-ya təsir edən amillər axtarış motorlarının istifadəçilərə göstərdikləri nəticələri necə əldə etdiyini başa düşmək, saytın reytinqini yaxşılaşdırmaq üçün səhifədəki məzmunu necə tərtib edə biləcəyinizi bilməyə kömək edəcək. 

Üst sıralamalarda yer almaq çox sayda tarfik almaq üçün vacibdir. Axtarış zamanı istifadəçilərinin 75%-i ikinci və sonrakı səhifələrə keçmir. Beləliklə, birinci səhifədə olmasanız, əksər istifadəçilərin veb səhifənizin varlığından xəbərdar olmayacaqları olduqca aydındır.  

Buna görə də Google-un sıralama faktorlarına çox diqqət yetirmək lazımdır. Bu faktorlar Google-un axtarış alqoritmləri ilə birlikdə daim inkişaf edir. Daha yaxşı istifadəçi təcrübəsi üçün ən uyğun məzmunu çatdırmağa kömək edir.
SEO Nədir : SEO-ya Təsir Edən Amillər

Səhifənin yüklənmə vaxtından vebsayt təhlükəsizliyinə qədər bilməli olduğunuz sıralamaya təsir edən əsas faktorlar bunlardır:

Səhifə Sürəti

Veb səhifənin yüklənməsi üçün lazım olan vaxtdır. Sürətli yüklənən səhifə saytınızın axtarış nəticələrində daha yüksək yer tutmasına kömək edə bilər. Saytınızın performansını müntəzəm olaraq izləyin və saytınızın nə qədər yaxşı performans göstərdiyini anlamaq üçün Google-un PageSpeed ​​​​InsightsGTmetrix kimi alətlərdən istifadə edin.

Mobil Uyğunluq

Müxtəlif cihazlara avtomatik uyumluluq göstərən (responsive) dizayn veb sayt elementlərini müxtəlif ekran ölçülərinə uyğunlaşdırmaq üçün tənzimləyir və bütün cihazlarda istifadəçilər üçün optimal görünüş təmin edir. Mobil uyumlu dizayna malik veb saytlar axtarış nəticələrində daha yüksək pillələrdə sıralanır. Saytınızın mobil uyumlu olmasını öyrənmək üçün Google-un Mobil Uyumluluq Testindən istifadə edə bilərsiniz.

Yüksək Keyfiyyətli Məzmun

Xüsusi sorğulara cavab vermək üçün müvafiq və dəqiq məlumatlardan ibarət məzmunlar hazırlayın. Google məzmunun uzunluğunu, strukturunu, müvafiq açar sözləri qiymətləndirir. Daha çox trafik əldə etmək və saytınızın tanınırlığını artırmaq üçün həmişə unikal və orijinal məzmun yaradın.

Backlink’lər

Digər saytlardan vebsaytınıza yönləndirilmiş keçidlərdir və reytinq göstəricisi kimi xidmət edir. Veb sayt linkiniz hər-hansı başqa bir saytda kontentə daxil edildikdə saytınız müvafiq mənbə kimi nəzərə alınır. Etibarlı saytlarda yüksək keyfiyyətli backlink’ləri olan saytlar axtarış nəticələrində daha yüksək pillələrdə yer tuta bilirlər.

İstifadəçi Təcrübəsi

Google istifadəçi təcrübəsini çoxlu siqnallar vasitəsilə ölçür, o cümlədən səhifəyə baxmadan ayrılmaq sürəti (bounce rate) və saytda keçirilən vaxt (dwell time). İstifadəçilər sayta daxil olduqdan qısa müddət sonra tərk edərlərsə, Google saytı əhəmiyyətsiz hesab edəcək. Digər tərəfdən, əgər istifadəçilər bir müddət saytda qalırlarsa, bu, saytın dəyərli məlumat verdiyini göstərir.

Saytın Təhlükəsizliyi

Veb-saytın və onun istifadəçilərinin kiberhücumlardan qorunmasına yönəlmiş bütün tədbirləri əhatə edir. Buna görə də Google HTTPS (SSL Sertifikatı) ilə qorunan vebsaytlara üstünlük verir. Əgər saytınızda SSL sertifikatı yoxdursa hostinqinizdən (çox zaman əlavə ödənişli olur) və Cloudflare-dən (ödənişsiz) əldə edə bilərsiniz. Təhlükəsizlik hər bir istifadəçi üçün prioritet olduğundan, saytınıza SSL sertifikatı əlavə etmək çox vacibdir.

SEO Hansı Növlərə Ayrılır?

Veb saytın skan olunması zamanı robotlar sayt daxilindəki səhifələr haqqında hər cür məlumatı toplayır. Bu, axtarış edən şəxsə saytınızdakı müvafiq səhifəni asanlıqla tapmağa imkan verir. Səhifənizin açılış sürəti, başlıqlar, sosial media səhifələrindən gələn siqnallar, saytın url strukturu, backlink’lər və s. kimi bir çox məlumat toplanılır.

Veb saytınızı axtarış motorları üçün optimallaşdırmaq üçün Professional SEO Xidmətindən yararlanın

Saytınızın SEO üçün nə dərəcədə optimallaşdırıldığını müəyyən edən 200-dən çox səhifə sıralama faktoru var.

SEO Nədir : SEO Hansı Növlərə Ayrılır

Bu faktorlar üzrə optimallaşdırmalar ayrılıqda SEO növlərinin ayrı-ayrı hissələrindən ibarətdir. SEO-nun 3 növü var:

  • Səhifə Daxili SEO (On-page SEO)
  • Səhifə Xarici SEO (Off-page SEO)
  • Texniki SEO (Technical SEO)

Səhifə Daxili SEO

Bütün səhifə daxili SEO strategiyaları veb saytınızın daxilində baş verir. Səhifə daxili SEO, veb səhifələrinizin ətraflı şəkildə optimallaşdırılması və axtarış sisteminə uyğun məzmunla təchiz edilməsi prosesidir.

Səhifə daxili SEO, reytinqlərinizi yaxşılaşdırmaq üçün kontent yaratmaqdır. Bu proses müntəzəm olaraq yüksək keyfiyyətli məzmun istehsal edərək, səhifələrinizə və məzmununuza açar sözlər əlavə etməkdir. Kontent istehsal edərkən, meta teqləriniz və başlıqlarınız açar sözlərlə zəngin və yaxşı yazılmış olmalıdır.

Səhifə daxili SEO-nun məqsədi odur ki, veb səhifə axtarış sistemi standartlarına cavab versin və potensial istifadəçilər üçün faydalı və yaxşı məzmun yaratsın.

Səhifə Daxili SEO, veb səhifəni SERP-də (axtarış motorları nəticələri səhifəsi) sıralamaq üçün istifadə edə biləcəyiniz bütün səhifədaxili texnikaları özündə birləşdirir. Səhifənin keyfiyyətini yaxşılaşdırmaq üçün məzmun və texniki elementlərdən istifadə edilir, beləliklə, nə qədər çox səhifədaxili SEO optimallaşdırması etsəniz, veb saytınıza bir o qədər çox trafik əldə edəcəksiniz və bu trafik bir o qədər axtarış edilən açar sözlərə uyğun olacaq.

Səhifə sıralamanızı yüksəltmək üçün Səhifə Daxili SEO ilə optimallaşdırıla bilən veb səhifənin bir çox aspektləri var və bunlara aşağıdakılar daxildir:

Saytın Məzmunu

Google məzmunun, səhifələrin və saytların keyfiyyətini qiymətləndirmək üçün E-A-T (expertise, authoritativeness, trustworthiness – təcrübə, səlahiyyət, etibarlılıq) kimi tanınan bir prinsipdən istifadə edir. Etibarlı müəlliflər tərəfindən hazırlanmış və etibarlı veb saytlarda olan yüksək keyfiyyətli məzmuna üstünlük verir. Beləliklə, axtarış nəticələrində daha yüksək reytinq əldə etmək üçün səhifənizi bu meyarlara cavab verdiyindən əmin olmaq istəməlisiniz.

Açar Sözlərin Optimallaşdırılması

Məzmununuza açar sözlər yerləşdirmək axtarış alqoritminə onun hansı məlumatı təqdim etdiyini müəyyən etməyə kömək edir. Hədəf açar sözü tapmaq və məzmununuzu onun ətrafında qurmaq üçün Ahrefs Keywords Explorer və ya SEMRush Keyword Overview Tool kimi SEO alətləri ilə açar söz araşdırması apara bilərsiniz.

Səhifə Başlığı

Səhifə başlığı olaraq da bilinən bu təq insanların axtarış motorunun nəticələri səhifələrində gördükləri, kliklənən keçid başlıqları kimi görünür. İstifadəçinin axtarış məqsədi üçün səhifənin uyğunluğunu müəyyən edir. Yaxşı yazılmış başlıq daha çox klik əldə edəcək və səhifəyə daha çox trafik çəkəcək. Həmçinin, Google kimi axtarış motorları orqanik nəticələrdə daha yüksək yer tutmaq üçün açar sözlərdən ibarət qısa başlığa üstünlük verirlər.

Başlıq Etiketləri

Məzmununuzu başlıq teqləri (H1, H2…H6) ilə seqmentləşdirmək daha yaxşı istifadəçi təcrübəsi təmin edir və skanerlərin səhifənizi indeksləşdirməsini asanlaşdırır. İstifadəçilər açar sözlər yazdıqda, axtarış sistemi müvafiq məlumatları axtarmaq üçün bu etiketlərdən istifadə edir. Bu, səhifənizin axtarış nəticələrində daha üst sıralarda görünmə şansını artırır.

Alternativ Mətn

Saytın baxa bilmədiyi müəyyən bir görüntünü təyin edir. Səhifəni analiz edən robotlar şəkli təsvir etmək üçün Alternativ Mətn (və ya alt mətn) məlumatlarından istifadə edirlər. Axtarış motoruna şəklin (vizualın) səhifənizdə dəyərli bir element olduğunu bildirir. Bu zaman kontentinizdəki şəkillər Google-un Şəkil Axtarış nəticələrində görünə biləcəyi üçün, daha çox trafik əldə etməyi bacaracaqsınız.

Meta Açıqlama

SERP-lərdə səhifə başlığı və URL ilə birlikdə əlavə açıqlama kimi görünən səhifələrin qısa təsvirinə deyilir. Meta açıqlamalar açar sözləri özündə əks etdirə bilər və səhifənin verdiyi məlumatları dəqiq təsvir edir. Məzmun istifadəçinin niyyətinə uyğundursa, düzgün yazılmış meta açıqlama daha çox klik əldə edəcək.

Səhifə Daxili SEO-ya Kontentin Təsiri

Texniki aspektlər vacib olsa da, Səhifə Daxili SEO-nun ən vacib elementlərindən biri kontentdir, çünki saytınıza trafik gətirən əsas element budur.

Ancaq hər hansı bir sadə kontent kifayət etmir. Bu gün internet istifadəçiləri ehtiyaclarını ödəyən və ya həll yolu təklif edən müvafiq, maraqlı, cəlbedici və məlumatlandırıcı məzmun axtarırlar. Başqa sözlə, insanlar yaratdığınız məzmunu istifadə etmək istəməlidirlər ki, bu da bir neçə əsas məzmun növlərindən ola bilər:

  • Maarifləndirici Bloglar
  • Maarifləndirici Videolar
  • Maraqlı İnfoqrafikalar
  • Podkastlar
  • Elektron Kitablar və ya Jurnallar
  • Müsahibələr
  • Biznes Keyslər
  • Detallı Araşdırmalar
  • Yön Göstərici (İzahedici) Məqalələr
  • Testlər, Quizlər və s.

Hazırladığınız hər hansı məzmunun orijinal olması vacibdir. Bununla belə, yaratdığınız məzmunun digər mühüm cəhəti başqalarının həmin yazıya backlink verə bilmələridir. Hazırladığınız kontentlər orijinal və diqqət çəkici olduqda backlink sayınız orqanik olacaq artacaq.

Səhifə Xarici SEO

Səhifə Xarici SEO, axtarış sistemlərinin nəticələri səhifələrində (SERP) saytın sıralamasını yaxşılaşdırmaq üçün vebsaytdan kənarda həyata keçirilən bütün fəaliyyətləri özündə birləşdirir. Buraya veb saytınızdan kənarda istifadəçilərin axtarış sorğularına görə sıralamağa kömək edən elementlər: backlink’lər və sosial media siqnalları daxildir. Məsələn, veb saytınızın kontenti (mövzusu) ilə bağlı sosial mediada səs-küy yaratmaq sosial paylaşımlarının sayını artıracaq, unikal kontent, cəlbedici şəkillərlə və yüksək keyfiyyətli kontentlərlə insanlar həmin kontentlərə daha çox keçid edəcəklər.

Yaxşı qurulmuş Səhifə Xarici SEO strategiyası veb saytınızın nüfuzunu artırmağa və axtarış nəticələrində daha yüksək pillələrdə yer tutmasına kömək edir. Əsas Səhifə Xarici SEO faktorları aşağıdakılardır:

Backlink’lər

Digər saytlardan öz saytınıza keçidlərin əldə edilməsidir. Google-un alqoritmi əsasən backlink’lərə əsaslanır. Aldığınız hər bir backlink saytınızın reytinq dərəcəsinə təsir edir. Bununla belə, həmişə backlink miqdarını keyfiyyətdən üstün tutmağa çalışın və yalnız etibarlı saytlardan keyfiyyətli bağlantılar əldə etdiyinizə əmin olun. Qeyd edim ki, kəmiyyət dedikdə qara siyahıda, sayta mənfi təsir edəcək backlink almağı düşünməyin.

Sosial Media Siqnalları

Güclü bir sosial media tanınırlığı yaratmaq biznesiniz üçün vacibdir. Bu, istifadəçilər üçün reputasiyanızı yoxlamağın əsas yoludur. Sosial şəbəkələrdə maraqlı məzmunun yerləşdirilməsi daha geniş auditoriyaya çatmağınıza kömək edir. Üstəlik, məzmununuz dünyanın hər yerindən trafik əldə etməyi bacardıqda, axtarış sistemi saytınızın etibarlı olduğunu görəcək. Düzdür, sosial media üzərindən sayta verilən keçidlər backlink sayılmır, ancaq, axtarış motorları bunu sosial media siqnalları kimi dəyərləndirir.

Forumlar

QuoraReddit kimi forumlar veb saytınızı tanıtmaq üçün möhtəşəmdir. Burada başqa şəxslərin ünvanladığı suallara cavab verməklə, öz təcrübənizi və etibarlılığınızı nümayiş etdirmək məqsədilə istifadəçilər ilə məlumat alış-verişi edə bilərsiniz. Saytınızdakı uyğun səhifələrə backlink əlavə edərək seo reytinqinizi yüksəldə bilərsiniz.

E-kataloqlar

Biznesinizi Google My Business, Yelp, Yellow Pages və digər internet kataloqlara əlavə edin. Əlavə edildikdən sonra bütün məlumatların düzgün olduğundan və adınızın, ünvanınızın, telefon nömrənizin bütün platformalarda uyğun olduğundan əmin olun. Beləliklə, biznes ünvanınız Google Maps-də yayımlanacaq, digər kataloq saytlarından backlink almış olacaqsınız, həm də fəaliyyət göstərdiyiniz sektora uyğun açar sözlər üzrə istifadəçilər sizi asanlıqla tapa biləcəklər.

Texniki SEO

Texniki SEO veb saytınızı skan olunma və indeksləşdirmə mərhələsi üçün optimallaşdırma üsuludur. Veb saytın faktiki kontenti və ya veb saytınızın hər hansı bir hissəsi ilə limitlənmədiyi üçün bu seo yanaşması “Texniki SEO” kimi tanınır. Texniki SEO-nun əsas məqsədi veb-saytın daxili infrastrukturunu optimallaşdırmaqdır. Bura sayt sürətinin optimallaşdırılması, mobil uyğunluq, veb sayt arxitekturası və s. daxildir.

Texniki SEO axtarış reytinqinizlə birlikdə, istifadəçi təcrübənizi də yaxşılaşdırır. İstifadəçilər və axtarış motorları sürətli yükləmə vaxtı və yüksək təhlükəsizliyə malik güclü strukturlaşdırılmış sayta üstünlük verirlər – bunların hamısı əsas texniki SEO amilləridir. Veb saytınızı optimallaşdırarkən nəzərə alınmalı olan əsas Texniki SEO faktorları aşağıdakılardır:

SSL Sertifikatı

SSL şifrələməsi olan vebsaytın url adresində “https” aktiv olur. Bu, vebsayt və onun istifadəçiləri arasında ötürülən hər hansı məlumatın təhlükəsiz və şifrəli olduğunu göstərir. Google HTTPS-i sıralama faktorlarından biri kimi dəyərləndirdiyinə görə, bunun aktivləşdirilməsi veb saytınızın daha yüksək axtarış reytinqlərinə nail ola biləcəyi deməkdir. Əgər hostinq planınızda SSL sertifikatı varsa, mütləq aktivləşdirin.

Səhifə Yükləmə Sürəti

Yüklənməsi çox olan veb saytın bounce rate-i də yüksək olur və reytinqi aşağı olur. Veb saytın keşinin təmiz olması, daxilindəki şəkillərin həcmlərinin azaldılması, səhifə yönləndirmələrinin (403, 404 və s.) azaldılması kimi addımlar sürəti optimallaşdırmağın təsirli yollarından bəziləridir. Hansı komponentlərin optimallaşdırılacağını müəyyən etmək üçün GTmetrix-dən istifadə edə bilərsiniz.

Sayt Xəritəsi

Sayt xəritəsi veb saytınızdakı olan bütün səhifələrin, bloq yazılarının və s. birlikdə toplusudur. Yol xəritəsi rolunu oynayır və axtarış motorlarına veb saytınızdakı vacib səhifələrə daha sürətli çatmağa imkan verir. Hazır CMS istifadə edən WordPress saytları üçün Yoast SEO plugin-indən istifadə etməklə XML formatında sayt xəritəsi hazırlamaq olar. Alternativ olaraq Screaming Frog-dan istifadə edə bilərsiniz.

Link Strukturu

Veb saytdakı səhifələrin bir-biri ilə əlaqələndirilməsi prosesidir. Daxili bağlantılar yerləşdirməklə, axtarış motorları veb saytınızda daha çox səhifə tapacaq və indeksləşdirəcəkdir. Düzgün tətbiq edildikdə, daxili keçidlər səhifənin nüfuzunu yaxşılaşdıra, səhifədə qalma müddətini artıra bilər.

Schema

Axtarış motorunun veb sayt məzmununuzu daha yaxşı başa düşməsinə kömək etmək üçün əlavə edə biləcəyiniz HTML kod şəklindəki təqlərə aiddir. Schema təqlərinin əlavə edilməsi axtarış nəticələrində səhifənizin görüntülənmə versiyalarını yaxşılaşdıracaq. Məsələn, səhifəni daha cəlbedici etmək üçün meta açıqlama mətni ilə yanaşı istifadəçi reytinqləri, cədvəllər və ya tez-tez verilən sullar üzrə schema təqləri əlavə edə bilərsiniz. Bununla da axtarış səhifələrində digər saytlardan daha cəlbedici görünüşdə saytınız sıralanacaq və daha çox klik əldə edəcəksiniz.

Sürətləndirilmiş Mobil Səhifələr (AMP)

Mobil cihazlardan istifadə edən şəxslərə saytın yüklənməsini optimallaşdırmaq üçün daha sürətli səhifələr təqdim edir. AMP-i aktivləşdirdiyiniz zaman Google veb səhifələrinizə təyin edilmiş keş vasitəsilə xidmət göstərir və veb saytınızın dərhal yüklənməsini sürətləndirir. Google həmçinin AMP ilə veb saytları prioritetləşdirir və yüksək keyfiyyətli saytlar arasına daxil edir.

SEO Sahəsində peşəkar mütəxəssis olmaq üçün Rəqəmsal Marketinq Kursuna vaxt itirmədən qeydiyyatdan keçin!

SEO Marketinq Üçün Niyə Vacibdir?

SEO rəqəmsal marketinq strategiyasının əsas hissəsidir, çünki insanlar hər il trilyonlarla axtarış aparır və bu axtarışlar çox vaxt məhsul və xidmətlər haqqında məlumat tapmaq üçün kommersiya məqsədilə edilir. Axtarış çox vaxt brendlər üçün rəqəmsal trafikin əsas mənbəyidir və digər marketinq kanallarını tamamlayır. Axtarış nəticələrində rəqiblərinizdən daha üst sıralarda görünmək daha yüksək gəlir qazandıra bilər.

Qısaca olara tamamlasaq, SEO vahid rəqəmsal marketinq ekosisteminin əsasını təşkil edir. Veb istifadəçilərinizin nə istədiyini başa düşdükdən sonra (seo nəticəsində müəyyən qədər istifadəçi davranışlarına uyğun məlumat topladıqdan) reklam kampaniyalarınıza, vebsaytınıza, sosial media səhifələrinizin inkişafına və s. tətbiq edə bilərsiniz.

Ağ və Qara Şapkalı SEO

SEO geniş sektorda olduğu üçün saytın optimallaşdırılmasının ən təsirli yolları haqqında bir çox fərqli fikirlərlə qarşılaşacaqsınız. Bu taktikaların çoxu işləyə bilər və hansının “ən yaxşı” olması fikri əsasən subyektiv olsa da, bilməli olduğunuz bir fərq var: Ağ Şapkalı və Qara Şapkalı SEO.

Bəzi SEO mütəxəssisləri bunları iki fərqli yanaşma sahəsi kimi təsvir etsələr də, bunlar SEO-nun düzgün və ya yanlış yolu kimi ayrılmalıdır. Buna görə də bu Ağ və Qara Şapkalı SEO arasındakı fərqləri bilməyinizdə fayda var.

Ağ Şapkalı SEO Nədir?

Ağ Şapkalı SEO saytı optimallaşdırmaq üçün düzgün, etik yola deyilir. Ancaq bunun nə demək olduğuna dair daha konkret bir fikir vermək üçün ağ şapka strategiyası aşağıdakı üç meyara cavab verir.

Axtarış Motoru Qaydalarına Əməl Edir

Ağ Şapkalı SEO-nun ən çox qəbul edilən tərifi onun Google Webmaster Təlimatlarına əməl etməsidir. Bunlar, Google-un saytı optimallaşdırmağın düzgün yolunu müəyyən etmək üçün irəli sürdüyü qaydalardır. Reytinqləri manipulyasiya etməyə və ya Google-un alqoritmini başqa cür aldatmağa çalışmadığınız halda, yəni ki, onların təlimatlarına əməl etdikdə, deməkdir ki, ağ şapka SEO yanaşmasından istifadə etmiş olursunuz.

Auditoriyasına Diqqət Yetirir

Ağ şapkalı SEO saytın ziyarətçiləri üçün faydalı olan dəyişiklikləri əhatə edir. Google-un əsas prioritetinin istifadəçilərinə mümkün olan ən yaxşı nəticələri çatdırmaq olduğunu nəzərə alsaq, bu, SEO-nun “düzgün” yolunun vacib komponentidir. Ən təsirli SEO strategiyalarının da bir çoxu saytın istifadəçi təcrübəsini yaxşılaşdıran addımlar atmağı əhatə edir.

Yüksək keyfiyyətli məzmunun dərc edilməsi və səhifənin yüklənmə müddətinin yaxşılaşdırılması kimi taktikalar istifadəçilər üçün saytdan istifadə dərəcəsini artırır və onları Google tərəfindən təsdiqlənmiş strategiyalara çevirir.

Uzunmüddətli Yanaşma Tələb Edir

Google-un təlimatlarına əməl edən və müsbət istifadəçi təcrübəsi yaradan strategiyalar çox vaxt qara şapkalı SEO metodlarından daha çox vaxt və səy tələb edir. Bu o deməkdir ki, istədiyiniz nəticələri görmək üçün vaxt lazımdır.

Ancaq digər tərəfdən, ağ şapkalı SEO-nun daha qalıcı təsiri var. Bunun səbəbi, ümumi sayt təcrübənizi yaxşılaşdırmaq üçün hazırlanmış strategiyalardan istifadə etdiyiniz zaman hədəf açar sözləriniz üçün sabit reytinqləri uzunmüddətli əldə edə bilərsiniz. Ağ şapkalı SEO prosesi daha uzunmüddətli bir yanaşmadır, çünki bu, illər ərzində nəticə verə biləcək məzmuna investisiya etməyi və sizi Google-un nəticələrinə qarşı riskə atmayan taktikalardan istifadə etməyi nəzərdə tutur.

Qara Şapkalı SEO Nədir?

Qara şapkalı SEO mahiyyətcə ağ şapkalı SEO-nun tam əksidir. Əgər istifadə edilən SEO taktikası aşağıdakı meyarlara cavab verirsə, onu qara şapkalı SEO kimi adlandırmaq olar etmək olar.

Axtarış Motoru Qaydalarını Pozur

Qara şapkalı SEO taktikaları Google-un təlimatlarını pozur və bir çox hallarda bu təlimatlarda istifadə edilməməli olan təcrübələri tətbiq edir.

Manipulyasiya Taktikasına Əsaslanır

Ağ şapkalı SEO istifadəçi təcrübəsini yaxşılaşdırmaq yollarını axtarsa ​​da, qara şapkalı SEO reytinqləri yaxşılaşdırmaq üçün Google-un alqoritmini manipulyasiya etməyə əsaslanır.

Sadə dillə desək, əgər bir taktika Google-a saytın istifadəçilərə olduğundan daha çox dəyər verdiyini düşünməsi üçün nəzərdə tutulubsa, bu, aldadıcıdır və qara şapkalı SEO taktikasıdır.

“Tez Qələbələr” Üzərində Fokuslanır

Qara şapkalı SEO ilə əlaqəli strategiyaların əksəriyyəti Google-un alqoritmindəki boşluqlardan istifadə etməyə yönəlmişdir ki, bu da çox iş görmədən reytinqlərin yaxşılaşmasına səbəb ola bilər.

Bu taktikalardan bəziləri işləsə də, demək olar ki, həmişə qısamüddətli olur. Bunun səbəbi, Google axtarış edən istifadəçilərə ən yaxşı nəticələri çatdırmaq və normal istifadəçi təcrübəsi təqdim etməyən saytların yaxşı reytinq qazanmasının qarşısını almaq üçün daim alqoritmini təkmilləşdirməsidir. Bu o deməkdir ki, qara şapkalı seo strategiyalarından istifadə edən saytlar hər yeni alqoritm yeniləməsi ilə öz reytinqlərini itirmək riski ilə üzləşirlər.

SEO üzrə yenilikləri, dərin araşdırma və tövsiyələri Ən Yaxşı Marketinq Bloqları arasından seçərək, daim izləyə bilərsiniz.

SEO Yazarlığı Nədir?

SEO yazarlığı açar sözlərin tətbiqi vasitəsilə optimallaşdırılmış bloq yazısı ilə müəyyən edilir. SEO yazarlığı saytın orqanik nəticələrini və axtarış səhifəsindəki sıralama mövqeyini artırmaq üçün istifadə olunur.

Məsələn, yemək tarifləri mövzulu bir veb saytınız varsa, müəyyən bir yeməyin ‘Necə Hazırlanması’ mövzusunda məqalələr böyük ehtimalla sizin üçün uğurlu olacaq. Bu, mümkün qədər çox məqalə hazırlamaq və onları mümkün qədər çox açar sözlə doldurmaq qədər sadə deyil. Əsas olaraq məzmununuz faydalı olmalı və potensial müştərilərinizin suallarına cavab verməlidir. İnsanların üç əsas axtarış məqsdi olur:

  • Naviqasiya – İstifadəçi müəyyən veb saytı axtarır
  • Məlumatlılıq – İstifadəçilər müəyyən mövzu haqqında məlumat axtarırlar
  • Tranzaksiya – İstifadəçilər məhsul və ya xidmət almaq istəyirlər

SEO yazarlığı, bloq yazmaq kimi tanış ola biləcəyiniz digər SEO kontenti yazılarından fərqlənir, çünki əsas məqsəd orqanik trafik yaratmaqdan daha çox istifadəçiləri real müştərilərə çevirməkdir. Bundan əlavə, SEO yazarlığı daha qısa olur: bir bloq yazısında min söz ola bilər, sırf SEO yazarlığı üzrə məzmun bunun yarısından da az sözə malik ola bilər.

SEO Yazarlılığının prinsiplərini nəzərə alaraq qurulmuş CTA (hərəkətə keçirici söz) ilə blog yazısı yarada bilərsiniz və bu sözlər istifadəçilərə maraqlı gələr, onlar da təklif etdiyiniz pulsuz e-kitab və ya digər əlaqəli resursu yükləyərlər.

SEO-nun Şirkətlər Üçün Əhəmiyyəti

Axtarış motorlarından istifadə edən şəxslərin sorğularının arxasında duran səbəblər müxtəlifdir. Google və digər axtarış motorları bu axtarışlarla ayaqlaşmaq üçün daim inkişaf edir. Bu inkişaf əsnasında da SEO prosesi daha vacib olur.

SEO olmadan, veb saytınızın axtarış edən şəxsin suallarına cavab verməsinin, məhsullarınızın almaq istəyənlər üçün nə qədər faydalı ola biləcəyinin əhəmiyyəti yoxdur. Axtarış motorları veb saytınızı skan etməzsə indeksləşdirməz və sıralamazsa, heç kim onu ​​tapa bilməz. Bu səbəbdən SEO həm şirkətlər, həm də onlayn tanınırlığını artırmaq istəyən hər kəs üçün əhəmiyyətlidir. Güclü və hərtərəfli SEO strategiyası:

  • Çox sayda klik əldə emtək və trafik çəkmək üçün üst sıralarda qərarlaşmağınıza kömək edir
  • Etibarlılığınızı artırır – həmişə yüksək pillələrdə görünmək buna gətirib çıxarır
  • Auditoriya dairənizi genişləndirir və yeni auditoriyalar yaratmağa kömək edir
  • Qarşlılqılı əlaqə dərəcənizi (engagement rate) artırır
  • Veb saytınızda və ya e-ticarət biznesinizdə istifadəçi təcrübəsini yaxşılaşdırır

SEO-nun əsaslarını nə qədər tez və nə qədər yaxşı başa düşsəniz, bir o qədər uğurlu olacağını gözləyə bilərsiniz. Axtarış motoru alqoritmləri və istifadəçi yanaşmaları dəyişdikcə SEO-nun ən yaxşı təcrübələrinin də dəyişdiyini başa düşmək çox vacibdir.

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir Şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button