PESTEL Analizi Nədir? Açılışı və Mənası Nədir? Hansı Faktorlar Var

PESTEL analizi hər hansı bir şirkətin fəaliyyət göstərdiyi biznes mühitini qiymətləndirmək üçün istifadə olunan strateji analiz metodudur. PESTEL təhlili düzgün zamanda düzgün qərarların alına biləcəyi, şirkətin uğuruna təsir göstərə biləcək mühitin xüsusiyyətlərini və ətraf mühitdəki dəyişikliklərin qiymətləndirilməsində mühüm rol oynayır.

PESTEL Analizi Nədir Açılışı və Mənası Nədir Hansı Faktorlar Var

Biznes mühitində nəzarət edə biləcəyiniz və edə bilməyəcəyiniz şeylər var. PESTEL analizi ilə idarəolunmazları idarə etməyi öyrənəcəksiniz.

PESTEL Analizi Nədir?

PESTEL analizi şirkətlərə hazırda və gələcəkdə biznesə təsir edə biləcək faktorları kəşf etməyə və qiymətləndirməyə imkan verən bir vasitədir.

PESTEL: Political, Economic, Social, Technological, Environment və Legal (Siyasi, İqtisadi, Sosial, Texnoloji, Ətraf Mühit və Hüquqi) sözlərinin ilk hərflərindən yaranıb. Bu analiz metodu biznesin vəziyyəti ilə bağlı bu amilləri qiymətləndirir. Təhlil bu altı amildən irəli gələn imkanları və təhlükələri araşdırır.

Bu amillər marketinq dünyasını dəyişmək üçün birlikdə işləyir. PESTEL analizinin amilləri təkcə marketinqə təsir etmir, həm də marketinq bu amillərə təsir edə bilər. Bu da o deməkdir ki, marketinqin gələcəyini daha yaxşı başa düşmək istəyirsinizsə, PESTEL-ə ciddi yanaşmalısınız.

PESTEL analizindən çıxan nəticələrlə: bazar araşdırması apararkən, marketinq strategiyası qurarkən, yeni məhsullar hazırlayarkən və şirkət üçün daha yaxşı qərarlar qəbul edərkən əlverişli baxışa sahib olmaq mümkündür.

PESTEL Analizinə Daxil Olan Faktorlar

İlk başlarda PEST analiz kimi: Political, Economic, Social, Technological (Siyasi, İqtisadi, Sosial və Texnoloji) istifadə olunan bu metoda yaxın zamanda Environment və Legal (Ətraf Mühit və Hüquqi) amilləri də əhatə edilərək PESTEL halına gətirilib.

PESTEL Analizinə Daxil Olan Faktorlar

PESTEL Analizi tam şəkilə aşağıdakı amillləri özündə birləşdirir:

  • Political (Siyasi)
  • Economic (İqtisadi)
  • Social (Sosial)
  • Technological (Texnoloji)
  • Environment (Ətraf Mühit)
  • Legal (Hüquqi)

Siyasi Faktorlar

Siyasi Faktorlar dövlət və hökumət siyasətinin şirkətə və ya konkret sənayeyə nə dərəcədə təsir göstərə biləcəyini müəyyən edir. PESTEL analizi bunun necə baş verə biləcəyini qiymətləndirmək üçün cavabdehdir.

Nəzərə alınacaq məsələlərə vergi qaydaları, müəllif hüquqları və əqli mülkiyyət hüququnun tətbiqi, siyasi sabitlik, ticarət qaydaları, sosial və ətraf mühitin təhlili siyasəti, əmək qanunları və təhlükəsizlik qaydaları daxildir.

Şirkətlər həmçinin yerli və federal güc strukturunu nəzərə almalı və hakimiyyətdə gözlənilən dəyişikliklərin onların biznesinə necə təsir edə biləcəyini araşdırmalıdırlar.

İqtisadi Faktorlar

İqtisadi Faktorlar şirkətin uğuruna təsir edə biləcək xarici iqtisadi məsələlərin araşdırılmasından ibarətdir.

Bu faktorlara faiz dərəcələri, inflyasiyanın dəyişməsi, məşğulluq və ya işsizlik dərəcələri, ümumi daxili məhsul, xammal xərcləri və valyuta məzənnələri kimi müxtəlif amillərin qiymətləndirilməsi daxildir.

Sosial Faktorlar

Sosial amillər sayəsində şirkətlər bazarın sosial-iqtisadi mühitini qiymətləndirə, istehlakçıların ehtiyaclarının necə formalaşdığını və onları satın almağa nəyin sövq etdiyini anlamağa imkan verir. Bu da öz növbəsində marketoloqlara istehlakçı ehtiyaclarını və istəklərini daha yaxşı anlamağa kömək edir.

Bu faktorlara müxtəlif ailə demoqrafikləri, əhalinin artım tempi, təhsil səviyyələri, mədəni meyllər, işə münasibət, həyat tərzi dəyişiklikləri daxildir.

Texnoloji Faktorlar

Texnologiya şirkətlər üçün çox vacibdir, çünki biznesə müsbət və ya mənfi təsir göstərə bilər. Yeni məhsulların, yeni texnologiyaların və xidmətlərin yaranması ilə hər-hansı bir bazara uyğunlaşmaq çətinləşə bilər, ona görə də bu faktoru hər tərəfli araşdırmaq vacibdir.

Texnoloji faktorlar bazara və ya sənayeyə təsir edə biləcək texnoloji innovasiya və inkişafın sürətini nəzərə alır. Araşdırılmalı olan mövzulara: texnologiya tədqiqatlarına dövlət xərcləri, mövcud texnologiyanın həyat dövrü, internetin rolu və potensial informasiya texnologiyaları təsirləri daxildir.

Çox vaxt yalnız rəqəmsal texnologiyalar nəzərə alınır, lakin müasir paylama, istehsal və logistika üsulları da bu faktorları araşdırarkən nəzərə alınmalıdır.

Ətraf Mühit Faktorları

Ətraf mühit faktorlarına ətraf mühitin və ekoloji elementlərin təsirinə məruz qalınan amillər aiddir. KSM (Korporativ Davamlılıq Məsuliyyəti) və davamlılığın artan əhəmiyyəti ilə bu faktor təşkilatların öz bizneslərini necə idarə etmələri üçün daha mərkəzləşdirilmiş olur.

Faktorlara iqlim, təkrar emal prosedurları, karbon tullantısı, tullantıların utilizasiyası və davamlılıq, epidemiyalar və digər fövqəladə hallar aiddir.

Hüquqi Faktorlar

Şirkətlər fəaliyyət göstərdiyi regionlarda nəyin qanuni olduğunu və nəyə icazə verildiyini başa düşməlidirlər. Onlar həmçinin qanunvericilikdə baş verən hər hansı dəyişikliklərdən və onun biznes fəaliyyətinə təsirindən xəbərdar olmalıdırlar. Bu səbəbdən hüquqi faktorlar da sonradan PEST analizinə əlavə olunub.

Hüquqi Faktorlara məşğulluq qanunvericiliyi, istehlakçı hüququ, sağlamlıq və təhlükəsizlik, beynəlxalq ticarət qaydaları və məhdudiyyətləri daxildir.

Siyasi amillər hüquqi amillərlə bəzən kəsişir, lakin əsas fərq ondan ibarətdir ki, siyasi faktorlar hökumət siyasəti tərəfindən idarə olunur, hüquqi amillərə isə əməl olunması lazımdır.

PESTEL Analizi Necə Aparılmalıdır?

PESTEL analizi apararkən bir neçə mərhələ var. Birincisi, biznesin müxtəlif sahələrindən olan bir qrup insanı bir araya toplamaq və düşüncələri bölüşdürmək (brainstorming etmək) vacibdir.

Sonra, işiniz xaricində mütəxəssislərlə məsləhətləşmək və onlardan məsləhət almaq istəyə bilərsiniz. Bunlar: biznesinizi yaxşı bilən müştəriləriniz, distribyutorlarınız, təchizatçılarınız və ya məsləhətçiləriniz ola bilər.

Üçüncü mərhələ isə təhlilinizdə yer alan hər bir fikir üçün dəlilləri araşdırmaq və toplamaqdan ibarət olacaq. Sonra hər bir maddənin:

  • “ehtimal” baş vermə ehtimalı
  • “təsir” biznesinizə nə qədər təsir göstərə biləcəyi

baxımından dəyərləndirməlisiniz.

Son mərhələdə, altı kateqoriyanın hər birində idarə edilə bilən sayda dəyər əldə edənə qədər fikirlərinizi dəqiqləşdirməli və əsaslandırmalısınız.

SWOT analizdə əhatə olunan məsələlərin bir çoxu şirkətiniz və onun qərarlarından təsirlənə və ya formalaşa bilər. Digər tərəfdən PEST təhlili yalnız mövcud və gələcək qaydalar: vergilər, siyasi məsələlər, ətraf mühit haqqında qanunvericilikdə dəyişiklik, məşğulluq qanunları kimi xarici amillərə diqqət yetirir.

SWOT Analiz haqqında olan məqalədə tam ətraflı izah olunmuş təhlil və nümunə araşdırmaya baxa bilərsiniz.

PESTEL Təhlilinin Aparılması Üzrə Tövsiyələr

PESTEL analizinin nə olduğunu və yerinə yetirilməsi lazım olan addımları bildikdən sonra onu effektiv şəkildə həyata keçirməyə kömək edəcək bəzi tövsiyələr:

  • Mütəxəssis bilikləri və yeni perspektivlər təqdim edə biləcək iştirakçıları diqqətlə seçin
  • Müxtəlif ölkələrdən sahələri üzrə mütəxəssis şəxsləri cəlb edin və onların fikirlərini alın
  • Ümumi fikirlər deyil, konkret fikirlər təklif edin (alın)
  • Mümkünsə, konkret problem və ya həllə fokuslanaraq kəmiyyətli məlumatlardan istifadə edin
  • İdeyaları sıralayın və prioritetləşdirin
  • Nəticələri maraqlı tərəflərə mütləq şəkildə çatdırın və təhlil prosesini mütəmadi olaraq izləyin

PESTEL Analizinin Üstünlükləri və Zəif Cəhətləri

PESTEL Analizi hər hansı bir tədqiqatçının istifadə etdiyi əsas təhlil metodlarından biridir, lakin bununla yanaşı bəzi üstünlükləri və zəif cəhətləri var.

PESTEL Analizinin Üstünlükləri:

  • Potensial təhlükələr və imkanlar barədə əvvəlcədən məlumat almaq mümükndür
  • Biznesləri fəaliyyət göstərdikləri xarici mühiti nəzərə almağa təşviq edir
  • Analitika şirkətlərinə xaricidəki davranışları anlamağa kömək edə bilir

PESTEL Analizinin Zəif Cəhətləri

  • Bir çox tədqiqatçılar modelin kifayət qədər əhatəli olmadığını iddia edir
  • Modelin yalnız xarici mühitin qiymətləndirilməsinə əsaslanması

PESTEL Təhlili Üzrə Son Nəticə

PESTEL təhlili cari və gələcəkdəki bazarları anlamaq və ölçmək istəyən hər bir şirkət üçün idealdır. Qeyd etmək lazımdır ki, şirkətin PESTEL təhlilində hər bir amilə yanaşması onun diqqət yetirdiyi sənayedən asılıdır. PESTEL analizi ilə şirkətlər riskləri vizuallaşdıra və bazarda biznes imkanlarından maksimum istifadə edə bilərlər.

İstifadə olunmuş mənbələr: 1 / 2 / 3

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button