Kontent Marketinq Nədir? Üstünlükləri, Növləri və Strategiyaları

Kontent marketinq hazırki rəqəmsal dövrdə bizneslər üçün əvəzolunmaz strategiyaya çevrilib. Kontent marketinq hədəf kütləni cəlb etmək və əldə saxlamaq üçün dəyərli kontentin yaradılmasını əhatə edir. Bu məqalədə kontent marketinq anlayışını, faydalarını, müxtəlif növlərini və effektiv kontent marketinq strategiyasının necə yaradılacağından bəhs olunacaq.

Kontent Marketinq Nədir? Üstünlükləri və Strategiyalar

Rəqəmsal dövrdə ənənəvi reklam və təşviq üsulları artıq insanların diqqətini cəlb etmək üçün kifayət etmir. İnsanlar baxdıqları hər yerdə reklamlara məruz qalır, bu da reklamlardan yorulmağa səbəb olur. Kontent marketinqin işə düşdüyü yer budur. Dəyərli və maraqlı məlumat təqdim etməklə şirkətlər inam yarada, izləyicilər ilə qarşılıqlı əlaqə dərəcəsini yüksəldə və potensial müştəriləri real müştərilərə çevirmə yolunda ciddi üstünlük əldə edə bilərlər.

Kontent Marketinq Nədir?

Kontent Marketinq dəqiq müəyyən edilmiş auditoriyanı cəlb etmək və əldə saxlamaq üçün dəyərli və cəlbedici kontentin yaradılmasını və yayımlanmasını əhatə edən strateji rəqəmsal marketinq yanaşmasıdır. Kontent marketinqin məqsədi veb-sayt trafikini artırmaq, potensial müştəri məlumatları (lead’lər) əldə etmək və satış həyata keçirməkdən ibarətdir.

Kontentlər müştərilərinizin müvafiq suallarına cavab verməyə və ya sosial media, bloqlar, videolar, e-maillərdən istifadə edərək sizin hədəf auditoriyanızı maraqlandır biləcək mövzular haqqında məlumat verməyə kömək edir. Bu da öz növbəsində, inam yaradır və potensial müştəriləri sizdən məlumat almaları, məhsul və ya xidmətlərinizdən istifadə etmələri üçün təşviq edir.

Düzgün seçilmiş kontenləri izləyicilərinizlə payladığınız zaman onlar sizdən nə gözlədiklərini dəqiq bilirlər. Hər-hansı məhsul və xidmət əldə etmə mərhələsində isə rəqiblərinizdən daha çox sizi xatırlayacaqlar.

🎯 Ənənəvi MarketinqRəqəmsal Marketinq haqqında geniş məlumat əldə edin.

Kontent Marketinqin Əhəmiyyəti

Kontent marketinq insanlara brendiniz, təklif etdiyiniz məhsul və xidmətlər haqqında məlumat əldə etməyə kömək edir. İnsanlar rəqəmsal kanallarda sizin kontentlərinizi nə qədər çox görsələr, hansı işlə məşğul olmağınızı öyrənməkdə bir o qədər maraqlı olurlar. Daha vacibi isə, onlar üçün nə edə biləcəyinizi bilmək istəyirlər.

Biznesinizin ölçüsündən asılı olmayaraq, kontent marketinqinin vaxt sərf etməyə dəyər olmasının 4 əsas səbəbi var:

1. Gəlirləri Artırır

Kontent marketinq heç bir zaman “sürətli problem həlli” strategiyası olmasa da, zamanla şirkətinizə daha çox pul qazanmağa kömək edir. Kontentlər sizə auditoriya yaratmağa və onu əldə saxlamağa kömək edir ki, ənənəvi reklamlar heç də həmişə bunu etmir. Sürətli satışınızı reklam edərək tez pul qazanmağa çalışmaq əvəzinə, siz auditoriyanızı gələcəkdə istifadə edə biləcəkləri resurslar və məlumatlarla təmin edirsiniz. Nə qədər çox kontent hazırlasanız, bir o qədər çox sizə geri qayıdışı olacaq. İnsanlar nə qədər çox geri dönüş edərək şirkətinizlə əlaqə saxlasalar, pul qazanmaq şansınız bir o qədər yüksək olar. Düzgün kontent strategiyası ilə daha uzun müddət ərzində geri dönüş dərəcəniz də yüksək olacaq.

2. Xərc Baxımından Səmərəlidir

Bir çox kontent evergreen’dir (uzun müddət istifadəyə yararlı). Yəni bir dəfə uzun müddət istifadəyə yararlı kontent yaratsanız, uzun müddət insanlar həmin kontentdən faydalana biləcəklər. Köhnəlmiş məlumatları düzəltmək üçün müntəzəm optimallaşdırmalar etməlisiniz. Kontentin uzunömürlü olması onu şirkətiniz üçün daha az xərc tələb etməsi deməkdir. Ənənəvi reklam fəaliyyətləri göstərdikdə ildə bir neçə dəfə yeni kampaniya kontentləri yaratmalısınız. İstər bayram kampaniyaları, istərsə də satışları artırmaq məqsədli kampaniyalar hazırlamağınızdan asılı olmayaraq, hər biri üçün fərqli mətn, vizual və ya videolar lazımdır. Bu, çox vaxt və əmək tələb edir, nəticədə marketinq büdcənizi sərf edir.

Kontent marketinq daha uzun müddətlidir və digər rəqəmsal kanallarda təkrar istifadə oluna bilir Məsələn, iki il əvvəl fəaliyyət göstərdiyiniz sektor haqqında vacib bir mövzu haqqında bir bloq yazısı hazırlamısınız. İndi şirkətiniz YouTube kanalı açır və brendizi tanıtmaq üçün videolar hazırlayır. İllər öncə hazırladığınız bloq yazısınıdan istifadə edərək onu videonuz üçün ssenariyə çevirə bilərsiniz.

3. Müştəri Əlaqələri və Güvən Yaradır

Kontent, auditoriyanızla onların istək və ehtiyacları vasitəsilə əlaqə qurmağın bir yoludur. Ənənəvi reklamlar brendinizi diqqət mərkəzinə qoysa da, kontent izləyicilərinizi diqqət mərkəzində saxlayır. İzləyicilərinizə məhsullarınızın və xidmətinizin möhtəşəm olduğunu və nə üçün onları əldə etmələrini izah etmək əvəzinə, birbaşa olaraq onların ehtiyaclarını ödəyirsiniz. İzləyicilərinizi məhsullarınızı almağa inandırmaq lazım deyil, kontent marketinq ilə onlara öz problemlərini necə həll etməyi öyrətmiş olursunuz.

Kontentlər vasitəsilə siz məhsul və xidmətlərinizi potensial müştərilərinizin problemlərinə uyğun həll yolu kimi göstərə bilərsiniz ki, onlar da özləri nəticə çıxara bilsin. Qərarvermə prosesini potensial müştərilərinizə həvalə etdiyiniz zaman, sizin brendinizə olan inamları artmış olacaq.

4. Nüfuzu Artırır

Kontent strategiyanızı inkişaf etdirdiyiniz zaman, öz sektorunuzda tanınacaqsınız və brendinizin nüfuzunu da artırmış olacaqsınız. Brendiniz fəaliyyət göstərdiyiniz sektordakı hər mövzuda mütəxəssis olmaya bilər, lakin şirkətinizin və komandanızın bildiyi xüsusi mövzular var. Bu mövzular ətrafında nə qədər çox keyfiyyətli kontent hazırlasnız və bu kontentlər nə qədər dəqiq və etibarlı olsa, o qədər çox insan brendinizi həmin sahədə digərlərindən üstün hesab edəcək.

Kontent Marketinqin Növləri

Kontent marketinqin bütün potensial formalarını düşünsəniz, yəqin ki, bir siyahı hazırlayıb bitirə bilməzsiniz. Odur ki, dörd əsas kontent növü var: mətn, audio, video və şəkil. Lakin bu əsas kateqoriyalar daxilində, brend tanınırlığını artırmaq və hədəf auditoriyanızı təşviq etmək üçün istifadə edə biləcəyiniz çoxlu müxtəlif kontent növü var. Ən çox istifadə olunan 11 kontent növü aşağıdakılardır:

1. Bloq Kontentləri

Bloq yazıları şirkətlər tərəfindən istifadə edilən ən çox yayılmış kontent marketinq növlərindən biridir. Bloq yazıları şirkətlər üçün sektordakı əsas anlayışları, bu səhənin ekspertlərinin düşüncələrini və dəyərli məlumatları hədəf auditoriyaları ilə bölüşmək üçün hazırlanır. Bloq yazıları axtarış motorları üçün optimizasiya (SEO) oluna bilər ki, bu da veb-saytın axtarışlar zamanı görünməsini artırmaq və orqanik trafik çəkmək üçün əla üsuldur. Üstəlik, bloq yazılarını sosial media platformalarında asanlıqla paylaşmaqla, kontentin daha çox insana çatmasını təmin edə bilərsiniz.

Bloq yazıları yaradarkən, bu yazıları oxuyacaq şəxslərə dəyərli və hərkətə keçirici məlumatların ötürülməsini təmin etmək lazımdır.

🔎 Axtarış Motoru Optimizasiyası Haqqında Daha Çoxunu SEO Nədir? Bloq Yazısından Əldə Edin.

2. Sosial Media Kontentləri

Sosial media paylaşımları kontent marketinqində mühüm rol oynayır, bizneslərə Facebook, Instagram, TikTok və LinkedIn kimi müxtəlif platformalarda öz auditoriyaları ilə qaşrılıqlı əlaqə yaratmağa imkan verir. Sosial media kontentləri: mətn, şəkillər, videolar və infoqrafika, müştəri dəyərləndirmələri kimi müxtəlif formatlarda ola bilər ki, bu da onları çox yönlü edir.

Şirkətlər cəlbedici sosial media kontenti yaratmaqla brend tanınırlığını artıra, veb sayt trafikini artıra və hədəf auditoriyasını əlaqəyə keçmələri üçün təşviq edə bilərlər. Bundan əlavə, sosial media platformaları bizneslərə öz auditoriyasını daha yaxşı başa düşməyə və kontent strategiyasını müvafiq olaraq optimallaşdırmağa kömək edə biləcək dəyərli statistikalar təqdim edir.

💻 SMMSMM Menecer Anlayışlarına Hakim Olun.

3. İnfoqrafik Kontentlər

İnfoqrafik kontentlər məlumatların vizual şəkildə toplusundan ibarətdir. Bu kontent növü mürəkkəb məlumatları qısa və cəlbedici şəkildə təqdim etmək üçün şəkilləri, diaqramları, qrafikləri və mətnləri özündə birləşdirir. İnfoqrafik kontentlərin istifadəçilər tərəfindən paylaşılma dərəcəsi çox yüksəkdir və mühüm statistik məlumatları, prosesləri və ya müqayisələri çatdırmaq üçün effektiv yoldur.

Məlumatlandırıcı və cəlbedici infoqrafik kontentlərin yaradılması bizneslərə mürəkkəb məlumatları tez çatdırmağa kömək edə və onları vizual kontentlərə üstünlük verən izləyicilər arasında populyar edə bilər. Sosial media platformalarında, veb-saytlarda və bloqlarda infoqrafik məlumatların paylaşılması brendin daha çox tanınmasını təmin edir.

4. Video Kontentlər

Videolar son illərdə kontent marketinqinin güclü formasına çevrilib. YouTube, TikTok və Instagram kimi platformaların yüksəlişi və sosial mediada video kontentlərin populyarlığının artması ilə şirkətlər videoların kontent strategiyasına daxil edilməsinin vacibliyini dərk etdilər.

Videolardan maraqlı hekayələr danışmaq, məhsul və ya xidmətləri nümayiş etdirmək, təlimlər keçirmək, müsahibələr aparmaq və s. üçün istifadə edilə bilər. İzləyicilərlə əlaqə saxlamaq, onların diqqətini çəkmək və mesajları effektiv şəkildə çatdırmaq üçün dinamik və cəlbedicidirlər.

Məlumatlı, əyləncəli və brendin stilinə uyğun yüksək keyfiyyətli videoların yaradılması izləyicilərin cəlb edilməsinə və brendin tanınırlığına əhəmiyyətli dərəcədə təsir göstərir.

5. Podkastlar

Podkastlar son illərdə böyük populyarlıq qazanaraq, şirkətlərə öz təcrübələrini bölüşmək və izləyiciləri ilə əlaqə yaratmaq üçün rahat və əlçatan bir yol təqdim edir. Podkastlar şirkətlərə sektorları ilə bağlı müxtəlif mövzularda audio kontent yaratmağa, yazılı və ya vizual kontentlərdən daha çox audioya üstünlük verən auditoriyaya çatmağa imkan verir.

Podcastlar ilə şirkətlər dərin müzakirələr, mütəxəssislər ilə müsahibələr, hekayələr və dəyərli fikirlər təqdim edə bilər. Podkastlar gününün çox hissəsini işə fokuslanan insanlar tərəfindən də dinlənilir ki, bu da onları məşğul peşəkarlar və maşın sürən insanlar üçün ideal kontent formatına çevirir. Həmçinin, podkastları bloq yazılarına, sosial media paylaşımlarına, hətta yazılı kontentlərə çevirmək də mümkündür ki, bu da podkastların əhatə dairəsini və təsir gücünü artırır.

6. Təqdiqatlar

Tədqiqatlar şirkətin məhsul və ya xidmətlərinin konkret problemlərin həllinə və ya müştəriləri üçün arzu olunan nəticələrin əldə edilməsinə necə kömək etdiyinə dair sınaqdan keçirilmiş real nümunələridir. Tədqiqatlar potensial müştərilərə şirkətin məhsul və xidmətlərindən istifadə zamanı əldə edə biləcəkləri dəyər və faydaları göstərən sübut və etibarlılığı təmin edir.

Təqdiqatlar tez-tez müştərinin probleminin detallarını, şirkət tərəfindən təqdim olunan həlli və əldə edilən ölçülə bilən nəticələri özündə birləşdirir.

Tədqiqat apararkən problemli nöqtələri, həyata keçirilən yanaşmaları və müştəriyə təsiri ölçüləbilən formada göstərmək vacibdir. İstinad və sitatlardan istifadə etməklə apardığnızı təqdiqatın etibarlılığını və cəlbediciliyini artıra bilərsiniz.

7. Vebinarlar

Vebinarlar bizneslərə real vaxt rejimində öz izləyiciləri ilə əlaqə saxlamağa imkan verən onlayn canlı seminarlardır. Vebinarlar çox vaxt maarifləndirici xarakter daşıyır və müəyyən bir mövzu haqqında ətraflı məlumat verməyi planlaşdırır.

Vebinarlar iştirakçıların sual verə biləcəyi, müzakirələrdə iştirak edə biləcəyi və mütəxəssislərdən dəyərli fikirlər əldə edə biləcəyi interaktivliyi təmin edir. Vebinarlar məhsullar və xidmətləri nümayiş etdirmək, xüsusiyyətlərini vurğulamaq, təlim vermək və digər məqsədlər üçün istifadə edilə bilər.

İzləyicilər tez-tez vebinarlardan qeydiyyatdan keçmək üçün əlaqə məlumatlarını təqdim etdikləri üçün, həm də potensial müştəri məlumatlarının (lead’lərin) toplanılması üçün faydalıdır.

8. İnteraktiv Kontent

İnteraktiv kontent auditoriyanı cəlb etmək və onların fəal iştirakını təşviq etməkdən ibarətdir. Buraya viktorinalar, sorğular, qiymətləndirmələr, oyunlar və interaktiv infoqrafikalar daxil ola bilər. Belə kontentlər hədəf auditoriyanın fəal iştirakını tələb edir, onlara kontentlə qarşılıqlı əlaqədə olmağa və fərdiləşdirilmiş nəticələr və ya tövsiyələr almağa imkan verir.

İnteraktiv kontenti marketinq strategiyalarına daxil etməklə, şirkətlər izləyici kütləsinin sosial media səhifələri ilə qarşılıqlı əlaqə dərəcəsini (engagement rate) artıra bilər, auditoriyası haqqında statistik məlumatlar toplaya və rezonans doğuran yaddaqalan təcrübələr əldə edə bilərlər.

9. Müştəri Rəyləri

Müştəri rəyləri məhsul və ya xidmətlər haqqında düşüncə və qiymətləndirmələrin paylaşılmasını əhatə edən kontent marketinqinin bir növüdür. Məhsul rəyləri yazılar, video dəyərləndirmələr və ya hətta insanların öz təcrübələrini və tövsiyələrini bölüşdüyü sosial media postları ola bilər.

Məhsul rəyləri istifadəçilərin satın alma qərarlarında yüksək təsirə malikdir. Potensial müştərilər məhsul almadan əvvəl məhsulun keyfiyyəti, performansı haqqında fikir əldə etmək üçün rəylərə göz atırlar.

Şirkətlər məmnun qalmış müştəriləri öz rəylərini və təcrübələrini bölüşməyə təşviq etməklə ciddi şəkilə faydala götürə bilərlər. Şirkətin veb saytında və ya sosial media platformalarında müsbət rəylərin olması inam yaradır. Həmçinin, mənfi rəylərlə ciddi yanaşaraq müştərilərin problemlərini həll etmək müştəri məmnuniyyətinə sadiqliyi nümayiş etdirir.

10. “Necə Edilir?” Təlimatları

“Necə Edilir?” Təlimatları müəyyən bir problemin həllini addım-addım izah edərək izləyiciləri istiqamətləndirən kontentlərdir. Bu kontent növü son dərəcə praktikdir və izləyiciyə konkret nəticələr əldə etməyə kömək edən yol göstərir.

Təlimatlar yaradarkən mürəkkəb prosesləri aydın və qısa addımlara bölmək vacibdir. Şəkillərdən və ekran görüntülərindən istifadə etməklə istifadəçilərin başa düşmələrini asanlaşdıra bilərsiniz. Bununla da kontentlər daha geniş auditoriya tərəfindən əlçatan olacaq.

11. Tez-tez Verilən Suallar

Tez-tez verilən suallar (İngilis dilində: F.A.Q.) potensial müştəri kütləsinin narahatlıqlarını həll edə bilən dəyərli resurslardır. Tez-tez verilən suallar adətən sual-cavab formatında təqdim olunur, əsas məqsədi hədəf kütləni maarifləndirmək və düzgün yönəltməkdir.

Şirkətlər tez-tez verilən suallara qısa və asan başa düşüləcək şəkildə cavablar hazırlamaqla, təkrarlanan sualları minimuma endirir, vaxt və resurslara qənaət edirlər. Tez-tez verilən sualları yaradarkən dəqiq, aktual və asanlıqla əldə oluna bilən olmasını diqqət etmək vacibdir.

Özünüzü inkişaf etdirərək bu sahədə axtarılan mütəxəssis olmaq üçün Rəqəmsal Marketinq Kursuna Qeydiyyatdan Keçin!

Kontent Marketinq Strategiyasının Əsas Elementləri

Brendiniz üçün kontent marketinq strategiyası yaradarkən, hədəf auditoriyanızı və onlarla əlaqə qura biləcəyiniz kanalları nəzərdən keçirin. Kontent marketinq strategiyasının dörd əsas elementi bunlardır: brendin pozisiyalandırılması, dəyər təklifinin hazırlanması, investisiya gəlirliliyinin təyin olunması və planın hazırlanması.

Brendinizi Pozisiyalandırın

Əvvəlcə brendinizi, dəyərlərinizi və mövqenizi müəyyənləşdirin. Tutaq ki, siz portmanat (cüzdan) satırsınız. Süni dəridən hazırlanmış Çin istehsalı olan portmanatlar satırsınız, yoxsa əldə hazırlanmış təbii dəridən hazırlanmış portmanat? Potensial müştəri hər ikisini ala bilsə də, burada olan keyfiyyətlilik və buna uyğun məhsulun qiyməti fərqlilik yaradır. Bu səbəbdən brendinizi pozisiyalandırarkən demoqrafik məlumatları və coğrafi zonaları nəzərə almalısınız. Unikal brend təcrübəsi yaratmaq və strategiya hazırlamaq üçün rəqiblərinizi analiz edə bilərsiniz.

Dəyərinizi Müəyyənləşdirin

Brendinizi və pozisiyanızı təyin etdikdən sonra, kontentlər ilə hansı dəyəri təqdim edəcəyinizi müəyyən etməlisiniz. Sosial media paylaşımları, bloq yazıları kimi kontentlər ilə brendinizi izləyən müştərilərlə əlaqələr saxlaya bilərsiniz. Təklif etdiyiniz kontent həm brendiniz üçün mənalı olmalı, həm də dolayı yolla olsa da satışa təşviq etməlidir.

İnvestisiya Gəlirliliyinizi (ROI) Təxmin Edin

Pozisiyanızı və dəyərinizi nəzərə alaraq, biznesinizi irəli aparmaq məqsədilə kontentlər üçün əsaslandırılmış səbəblər hazırlayın. Biznesinizin məqsədlərinə çatmasına kömək etməyən kontentlər hazırlamaq üçün vaxt və resurs sərf etməyin heç bir faydası yoxdur. Kontent strategiyanızın faydalarını, risklərini və büdcəsini qiymətləndirən bir plan hazırlayın. Şirkətiniz əmin olmalıdır ki, bu strategiyanı həyata keçirmək üçün yatırılan investisiyadan yüksək gəlir əldə edəcək.

Planınızı Müəyyənləşdirin

İnvestisiyadan əldə oluna biləcək potensial gəliri təxmin etdikdən sonra strategiyanızın necə, nə vaxt və harada həyata keçiriləcəyini nəzərə alan plan yarada bilərsiniz. Planınız biznes məqsədlərinizə uyğun olmalı və digər satış və marketinq strategiyalarına paralel həyata keçməlidir. Bu dörd əsas elementi nəzərə alaraq, biznesinizi irəli aparacaq kontent marketinq strategiyası hazırlaya bilərsiniz.

📰 Kontent Marketinq və Ümumi Marketinqə aid Bloqlar ilə Bu Sahələrdəki Yeniliklərdən Daim Xəbəriniz Olsun.

Kontent Marketinq Strategiyasının Hazırlanması

Strategiya hazırlama prosesinə başlamazdan əvvəl kontent marketinq strategiyasının nə demək olduğunu başa düşmək çox vacibdir. Kontent marketinq strategiyası konkret biznes məqsədlərinə çatmaq üçün kontentin planlaşdırılması, yaradılması, kanallar arasında bölüşdürülməsi və nəticələrin ölçülməsini əhatə edir. Dəqiq müəyyən edilmiş auditoriyanı cəlb etmək və əldə saxlamaq üçün dəyərli və ardıcıl kontentlərin hazırlanmasını özündə birləşdirir. 6 addımda Kontent Marketinq Strategiyası Hazırlanması qaydasını nəzərdən keçirək:

1. Məqsədlərinizi Müəyyən Etmək

Kontent yaratmağa başlamazdan əvvəl hədəflərinizi təyin etmək çox vacibdir. Kontent marketinq ilə nəyə nail olacağınızı özünüzdən soruşun. Brendinizi tanıtmaq, müştəri məlumatları toplamaq, satış əldə etmək və ya tamamilə başqa bir şey? Məqsədlərinizi aydın şəkildə müəyyənləşdirmək kontent yaratma prosesinizi formalaşdıracaq və uğurunuzu ölçməyə kömək edəcək.

2. Auditoriyanızı Anlamaq

Auditoriyanızla rezonans doğuran kontent yaratmaq üçün əvvəlcə onların kim olduğunu başa düşməlisiniz. İdeal müştərilərinizin alıcı personalarını hazırlayın. Demoqrafik, maraq dairələri, gözləntilər kimi amilləri nəzərdən keçirin. Bu anlayış sizə onların xüsusi ehtiyac və istəklərinə cavab verən kontent yaratmağa imkan verəcək.

3. Uyğun Mövzuları Araşdırın

Ararşdırma etmək sizə yeni kontent ideyaları tapmağa kömək edəcək. Digər şirkətlərin daha öncə paylaşılmış sosial media postlarına, bloq yazılarına, YouTube videolarına baxaraq hansıların daha çox görüntülənmə əldə etməsinə və ya bəyənmə (like) sayına görə hədəf auditoriyanızın hansı tip konentləri sevdiyini müəyyən etmiş olacaqsınız.

4. Kontent Təqviminin Yaradılması

Kontent təqvimi kontentlərinizi planlaşdırmağa kömək edir. Ardıcıllığı təmin edir və kontentinizi mövsümi trendlər, yerli və qlobal olaraq təyin olunmuş bayram günlərinə uyğunlaşdırmağa imkan verir. Kontent təqviminizi effektiv şəkildə yaratmaq və idarə etmək üçün Notion, Google Calendar və oxşar alətlərdən istifadə edə bilərsiniz.

📅 Kontent Strategiyanızda SMM Təqvimindən Mütləq İstifadə Edin.

5. Kontentləri Şaxələndirin

Fərqli kontent formatlarının yaradılması müxtəlif auditoriyaları müxtəlif platformalarda cəlb etmək üçün çox vacibdir. Bloq yazılarını, videoları, infoqrafikaları, podkastları və sosial media kontentlərini strategiyanıza daxil edin. Bu şaxələndirmə sizə daha geniş auditoriyaya çatmağa və onları hər bir platformada məlumatlandıra bilməyə kömək edəcək.

6. Kontentləri Analiz Edin

Kontentlərin performansını mütəmadi olaraq izləmək və təhlil etmək strategiyanızı təkmilləşdirmək və effektivliyi artırmaq üçün vacibdir. Veb sayt trafiki, dönüşüm (conversion) nisbətləri, görüntülənmə sayı və digər metrikləri izləmək üçün Google Analytics kimi analitik vasitələrdən istifadə edin. Bu məlumatlarla hansı kontentlərin yaxşı nəticə əldə etdiyini və nəyin təkmilləşdirilməsi lazım olduğunu görəcəksiniz.

🚀 Addım-addım Marketinq Strategiyasının Hazırlanması Qaydası ilə Tanış Ol.

Nəticə

Kontent marketinq şirkətlər üçün hədəf auditoriyaları ilə əlaqə qurmaq, inam yaratmaq və onlayn satışları artırmaq üçün güclü bir strategiyadır. Ardıcıl olaraq dəyərli və cəlbedici kontent yaratmaqla, şirkətlər brend tanınırlığını artıra və veb saytlarına orqanik trafik cəlb edə bilər. Effektiv kontent marketinq auditoriyanızı anlamaq, dəyərli məlumat vermək, axtarış motorları üçün optimizasiya etmək və auditoriyanızı hərəkətə keçirməyi tələb edir. Düzgün planlaşdırma, kreativlik və kontentlərin ardıcıllığı sayəsində şirkətlər kontent marketinqinin bütün potensialından yararlana bilərlər.

İstifadə olunmuş mənbələr: 1 / 2

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button