İnfluencer Marketinq Nədir? Növləri və Effektiv Strategiyalar

İnfluencer marketinq ağızdan-ağıza marketinqin müasir dövrdə istifadə olunan versiyasıdır. İnfluencer’lər insanların alış-veriş qərarlarına təsir etmək və trendlərin hansı yöndə olacağına qərar vermək üçün yüksək dərəcədə gücə malikdirlər. Hazırki rəqabətli rəqəmsal marketinq dövründə marketoloq olaraq məqsədiniz: İnfluencer’ləri şirkətinizin məhsul və ya xidmətlərini reklam etməyə razı salmaq olmalıdır.

Influencer Marketinq Nədir?

Effektiv influencer marketinq strategiyası brendinizi tanıtmaq, məhsul və xidmətləriniz barədə daha çox insanı məlumatlandırmaqla sizə rəqabət üstünlüyü verir. İnfluencer marketinqin nə olduğunu, necə işlədiyini və bu strategiyadan tam istifadə etmək üçün nə etməli olduğunuza bu məqalədə nəzər yetirəcəyik.

İnfluencer Marketinq Nədir?

İnfluencer marketinq hər-hansı bir şirkətin özünü, məhsulunu və ya xidmətini daha geniş kütləyə tanıtmaq üçün influencer’lərlə işləməsidir. Bu proses adətən şirkət ilə ortaq kontent yaratmağı əhatə edən ödənişli razılaşmalardır. İnfluencer’lərlə razılaşma əsasında onlara ödəniş edilir, bir çox hallarda isə şirkət öz məhsullarını hədiyyə kimi onlara göndərir və ya çox bahalı məhsullar üçün endirim kuponları da verə bilir.

İnfluencer marketinq: öz sahəsində ekspert hesab edilən və ya izləyicilərinin sayına görə influencer kimi müəyyən edilən insanların məhsul və ya xidmətləri reklam etdikləri marketinq fəaliyyətidir.

İnfluencer’lər müəyyən bir sahədə reputasiya qazanmış və ya şəxsi brendlərini inkişaf etdirərək onun ətrafında geniş auditoriya toplayan şəxslər yaxud məşhurlardır.

İnfluencer’lər TikTok, Instagram, YouTube və LinkedIn kimi sosial şəbəkələr üçün davamlı olaraq kontent hazırlayırlar. Bu isə sosial media marketinqinin bir formasıdır və biznesin rəqəmsal marketinq fəaliyyətnin bir hissəsi halına gəlib.

İzləyici kütlələri üçün influencer’lər öz sahələrində savadlı və etibarlı hesab olunurlar, buna görə də onların tövsiyələrinə etibar edirlər. İnfluencer’lərlə işləmək onların izləyiciləri ilə yaratdığı xoş niyyətdən faydalana bilmək deməkdir.

💻 SMMSMM Menecer Anlayışlarına Hakim Olun.

İnfluencer Marketinqin Üstünlükləri

İnfluencer marketinq sosial media marketinqi ilə sıx bağlıdır, çünki influencer’lərin əksəriyyəti öz auditoriyasını sosial platformalardan toplayır. Bu da öz növbəsində bu xidmətdən yararlanmaq istəyən şirkətlərə böyük auditoriyaya çıxış imkanı verir.

Daha da yaxşısı, influencer marketinq ənənəvi reklam vasitəsilə çata bilməyəcəyiniz insanlarla çatmağa imkan verir. Artıq, influencer marketinqdən istifadə edən şirkətlər bu reklam növünün effektivliyini qəbul ediblər. Odur ki, influencer marketinqin 5 əsas üstünlüyünü nəzərdən keçirək:

1. Daha Dəqiq Hədəfləmə

Düzgün auditoriyanı müəyyən etmək və hədəfləmək istənilən marketinq strategiyasının vacib hissəsidir. Bununla belə, hədəfləmə çox vaxt aparan, çətin prosesdir və potensial müştərilərinizin kim olduğunu dərindən araşdırmağı tələb edir.

İnfluencer marketinq sizi bu araşdırmanı aparmaqdan azad edir, çünki bu proses influencer’lər tərəfindən həll edilmiş sayılır. Etməli olduğunuz tək şey influencer’lərin sizin reklam məqsədinizlə əlaqəli olduğuna və brendinizin imicinə uyğun olduğuna əmin olmaqdır.

Tutaq ki, siz uyğun qiymətli müasir tərzli paltarlar satan pərakəndə satış şirkətinin sahibisiniz. Moda sahəsi üzrə tanınmış modellər və bloggerlərlə əməkdaşlıq etmək, onların moda və geyim ilə maraqlanan auditoriyasına məhsullarınızın tanıtımınızı etməyə imkan verəcək.

2. Brend Tanınırlığının Yüksəldilməsi

İnfluencer’lər geniş kütləyə çata bilmələri sayəsində brendinizin tanınırılığını artırmaq imkanına malikdirlər. İnfluencer brendinizi tövsiyə etdikdə və ya reklam etdikdə, onların izləyiciləri çox güman ki, bu tövsiyələri nəzərə alacaqlar. Həmçinin, məşhur influencer’lərin tövsiyələri daha realist kimi qəbul edilir.

İnfluencer’lərlə işləmək standart sosial media reklamlarından kənarlaşmağa, şirkətinizi fərqləndirməyə və insanları brendinizə cəlb etməyə imkan verir. Bu da brendinizin daha çox insan tərəfindən tanınmasını təmin edir.

3. Artan Əlaqə Dərəcəsi

Sosial media paylaşımlarınızdakı bəyənmələri və şərh saylarını təbii şəkildə artırmaq həqiqətən çətindir. İzləyicilərinizin sosial media paylaşımlarınız ilə maraqlanma və əlaqə dərəcəsi (engagement rate) yaxşı vəziyyətdə olmasa, milyonlarla izləyici sayına sahib olmağınızınızın heç bir əhəmiyyəti yoxdur. İnfluencer marketinq bu problemin həlli üçün effektiv vasitədir.

Birincisi, influencer’lərlə əməkdaşlıq etmək kontentlərinizin keyfiyyətini yaxşılaşdırır və daha çox istifadəçi yönümlü hala gətirir. Bu tip kontentlər hədəf auditoriyanız üçün daha çox maraqlı olur.

İkincisi, influencer’lər sizin kontentinizi öz sosial media profillərində paylaşdıqda, onların izləyiciləri də həmin paylaşımı görəcəklər. İzləyicilər bu paylaşımı bəyənsələr, dostlarını tag etsələr və öz hesablarında paylaşsalar, post daha çox insana çatacaq və post ilə əlaqə dərəcəsi yüksək olacaq.

4. Artan Dönüşüm Nisbətləri

Hər bir biznesin əsas məqsədi satışları artırmaq və daha çox qazanc əldə etməkdir. Bununla belə, yeni yaranan şirkətlər üçün davamlı olaraq sosial media və axtarış motoru reklamlarından istifadə etməklə yanaşı influencer’lərlə də əməkdaşlıq etmək vacibdir. Çünki, potensial müştərilər yeni yaranmış brendlərdən məhsul almaqda ehtiyat edir və ya qərar verməzdən əvvəl çox vaxt saatlarla araşdırmalar edirlər.

İnfluencer’lər məhsul və ya xidmətlərinizi əldə etmələri üçün daha çox insanı cəlb etmək gücünə malikdirlər. Bunun səbəbi, insanların sevdikləri influencer’lərin tövsiyələrinə inanmasıdır. Bu səbəbdən də şirkətlər insanların alış-veriş qərarlarına təsir etmək və dönüşüm (conversion) nisbətlərini artırmaq üçün istifadə edə bilər. Araşdırmalar göstərir ki, insanların 33%-i influencer’lərin alış-veriş tövsiyələri üçün ən etibarlı mənbə olması ilə razılaşır.

5. Artan İnam və Etibarlılıq

İnfluencer’lərin sosial mediadan əldə etdikləri güc onların izləyicilərinin etibarıdır. Bu etibarlıq, sadiq izləyici kütləsi yaratmağa kömək edir.

Bir influencer məhsul və ya xidmətləriniz haqqında səmimi və dürüst şəkildə öz düşüncəsini bölüşdükdə, izləyicilər bunu referans olaraq qəbul edirlər. Bu da, brendinizin reputasiyasını gücləndirir və etibarınızı artırır.

Üstəlik, influencer’lərlə əməkdaşlıq onların auditoriyasının etibarını qazanmağa imkan verir. Uzunmüddətli düşündükdə isə bu, brendini müdafiəçisinə çevriləcək kütlə yaratmaq üçün mükəmməl vasitədir.

🎯 Ənənəvi MarketinqRəqəmsal Marketinq Haqqında Geniş Məlumat Əldə Edin.

İnfluencer’lərin Növləri

Hazırda şirkətlər unikal kontentlər hazırlayan, izləyiciləri ilə səmimi şəkildə ünsiyyət qura bilən və güclü ROI yaratmaq ehtimalı daha yüksək olan influencer’lərə müraciət edirlər. İnfluencer’lər izləyici saylarına görə 5 kateqoriyaya bölünür:

Nano İnfluencer’lər10.000  izləyiciyə qədər
Mikro İnfluencer’lər10.000-50.000  izləyici
Orta Səviyyə İnfluencer’lər50.000-500.000  izləyici
Makro İnfluencer’lər500.000-1.000.000 izləyici
Meqa İnfluencer’lər1.000.000 izləyicidən çox

Nano İnfluencer’lər

Nano influencer’lər yeni fəaliyyətə başlamış və şəxsi brendinqini inkişaf etdirməyə çalışan insanlardır. Onların sosial mediada adətən 10.000-ə qədər izləyicisi olur. Onların paylaşımları çox diqqət çəkici və ya çox effektiv deyil. İnfluencer olmaq üçün çox vaxt ayırmırlar.

Bununla belə, Nano influencer’lər iki səbəbə görə şirkətlər ilə işləmək üçün əladır:

  • Öz izləyiciləri ilə böyük inam yaradıblar, bu da yüksək geri dönüş nisbəti deməkdir
  • Birgə əməkdaşlıq etmək üçün qiymətləri daha münasibdir

Mikro İnfluencer’lər

Mikro influencer;lər 10.000-100.000 izləyicisi olan sosial media istifadəçiləridir. Bu qrup Instagramda kontent hazırlayan şəxslərin 47%-ni təşkil edir.

Mikro influencer’lər çox vaxt daha böyük hesablarla müqayisədə daha kompakt hədəf auditoriyaya malikdirlər. Onların müntəzəm olaraq əlaqədə olduqları sadiq izləyici kütləsi olur.

Mikro influencer’lərlə əməkdaşlıq nano influencer’lərdən daha bahalı ola bilər, lakin onlar məhsul və xidmətlərinizi tanıtmağa gəldikdə daha yüksək insana çata bilirlər.

Orta Səviyyə İnfluencer’lər

Orta səviyyə influencer’lər sosial media platformalarında 100.000-dən 500.000-ə qədər izləyicisi olan şəxslərdir. Yüz minlərlə izləyicisi olmasına baxmayaraq, orta səviyyə influencer’lərin düzgün seqmentləşmiş niş (eyni maraq dairəsinə sahib olan insanlardan ibarət) auditoriyası var. Məsələn, əgər sizin bir fitnes salonunuz varsa, yaxşı nəticə əldə etmək üçün orta səviyyə influencer’lərlə əməkdaşlıq etməyiniz məqsədəuyğundur.

Bu qrup həm də makro və meqa influencer’lərə nisbətən daha əlverişlidir və əməkdaşlıq etmək daha asandır. Bəzən makro və ya meqa influencer’lərlə işləmək istədiyiniz zaman agentliklər vasitəsilə onlarla əlaqə saxlamalısınız. Orta səviyyə influencer’lərlə birbaşa özünüzün əlaqə yarada bilməyiniz mümkündür.

Makro İnfluencer’lər

Makro influencer’lər 500.000 ilə 1.000.000 arasında izləyicisi olan insanlardır. Bu influencer’lər orta və böyük şirkətlərlə əməkdaşlıq üçün daha yaxşıdır, çünki bu sahədə çoxlu təcrübəyə malikdirlər. Onlar öz auditoriyasının və nəyi bəyəndiklərini bilirlər və yanlış brendlərlə tərəfdaşlıq edərək izləyicilərinin etibarını pozmazlar.

Makro influencer’lərlə işləmək bir çox üstünlükləri təmin edir:

  • Hədəf auditoriyası məhsul və xidmətlərinizlə maraqlanan şəxslərdir
  • Geniş izləyici kütləsi var
  • Şirkətlərlə işləmək üçün öz prosedurları var

Meqa İnfluencer’lər

Yəqin ki, hər birimiz meqa influencer’lərlə artıq tanışıq. Bu kateqoriyada olan influencer’lərlərin bir milyondan çox izləyicisi olur və demək olar ki, çoxsu insanlar tərəfindən tanınır.

Meqa influencer’lərlə əməkdaşlıq etmək məhsul və xidmətərinizi tanıtdırmaq üçün geniş əhatə dairəsi təmin edir. Meqa influencer’lər həm də öz reputasiyalarına görə məhsullarınıza yüksək dərəcədə etibarlılıq da qazandırırlar. Bu kateqoriyaya aid influencer’lərlə əməkdaşlıq etmək üçün yüksək xərc tələb edir.

💼 Kiçik bizneslər üçün marketinqin əhəmiyyətini kəşf edin.

İnfluencer Marketinq Strategiyası

Effektiv influencer marketinq strategiyası hazırlamaq düzgün planlaşdırma və tətbiq etmə tələb edir. İnfluencer Marketinq Strategiyasının hazırlanması üçün əsas 6 əsas mərhələ:

1. Məqsədinizi Təyin Edin

Digər rəqəmsal marketinq kampaniyaları kimi, influencer marketinq də müxtəlif məqsədlərə çatmaq üçün istifadə edilə bilər. Marketoloq olaraq vəzifəniz məqsədlərinizi aydın şəkildə qurmaqdır, çünki istifadə edəcəyiniz kontent, büdcə planlaması və influencer seçimi məqsədlərin seçilməsindən asılıdır.

Əsas fəaliyyət istiqamətinizi müəyyən etməyi unutmayın: bu da öz növbəsində istədiyiniz nəticəni əldə edib-etmədiyinizi ölçməyə kömək edəcək. Məhsul və ya xidmət tanıtımı kampaniyaları üçün əsas performans göstəriciləri (KPI-lar) aşağıdakı kimidir:

  • Kontentlərin neçə nəfərə çatması
  • Kontentlərin əlaqə dərəcəsi (engagement rate)
  • Veb saytınıza gələn trafik
  • Brendinizi neçə nəfər axtarıb
  • Sosial mediada brendiniz haqqında istifadəçi paylaşımları

Əgər influencer marketinq kampaniyanız satışları artırmağı hədəfləyirsə, onlayn kanallar vasitəsilə satış dərəcəsinin müqayisəsini də apara bilərsiniz. Bu halda, KPI-lər onlayn alış-veriş sayı, qeydiyyatdan keçən insanların sayı ola bilər.

Bir kontent və ya kampaniya üçün birdən neçə məqsəd təyin etməyin. Çünki, kampaniya məqsədinə uyğun olaraq istifadəçilərə müxtəlif növ kontentlər ilə fərqli təşviqlər etsəniz:

  1. İstifadəçilərdə çaşğınlıq yarada bilər
  2. Kampaniya nəticələrini düzgün ölçə bilməzsiniz

Daha yaxşı nəticələr əldə etmək üçün kampaniyanızın məqsədi bir yerə fokuslanmalıdır və bu halda növbəti influencer marketinq kampaniyalarınızı optimallaşdıra biləcəksiniz.

📝 Kontent Marketinq haqqında geniş məlumat əldə et.

2. Hədəf Auditoriyanızı Müəyyənləşdirin

Hədəf auditoriyanızı müəyyən etmək potensial müştəri qrupunuzu təyin etmək deməkdir. Sizin məhsul və xidmətlərinizdən istifadə edə biləcək potensial müştərilərinizə bənzər insanları hədəfləməlisiniz. Bu səbəblə potensial müştərilərinizi araşdırın və onların hansı sosial media kanallarına və influencer’lərə üstünlük verdiyini, alış-veriş etməzdən öncə nələrə fikir verdiklərini öyrənin.

Məqsədiniz yeni auditoriya qazanmaqdırsa, onları sıfırdan araşdırmalısınız. Auditoriyanız haqqında aşağıdakı suallara cavab verməklə başlayın:

  • Müştəriləriniz kimdir? – Yaş aralığı, aylıq gəlirləri, sosial statusları
  • Maraq dairələri nələrdir? – Sosial mediada izlədikləri səhifələr, bəyəndikləri kontentlər
  • Sosial mediada davranışları necədir? – Sosial media kanallarını hansı məqsədlə istifadə edirlər

İnsanların sizin məhsul və xidmətlərinizi niyə axtardıqlarını, hansı hallarda istifadə etdiklərini müəyyənləşdirin. Bu, influencer marketinq kampaniyalarınızla onların ehtiyaclarını ödəməyinizə kömək edəcək.

3. Düzgün Kanalı Seçin

Sosial media platformaları influencer marketinq üçün dəyərli kanaldır. Demək olar ki, influencerlərin hamısı sosial media kanallarının hesabına özlərini inkişaf etdirə biliblər. Sosial media kanalı seçərkən diqqətli olmaq lazımdır. Təkcə Instagram sizin üçün ən yaxşı seçim olmamalıdır. Auditoriyanızın maraqlarına, biznes məqsədlərinizə və hər bir kanalın təklif etdiyi imkanlara əsaslanaraq platforma seçməlisiniz.

Məsələn, B2B sahəsində fəaliyyət göstərən şirkətiniz varsa LinkedIn-i seçmək məqsədəuyğundur. Bu kanalda 700.000-dən çox aktiv Azərbaycanlı istifadəçi var.

Nəticə etibarı ilə hədəf auditoriyanızın tapıla biləcəyi bir neçə platforma seçin və test etmək üçün ilk öncə az büdcə ilə başlayın. Daha sonra geri dönüş dərəcələrini müqayisə edərək biznesnizə uyğun ən optimal kanalı seçin.

4. Kampaniya Büdcənizi Təyin Edin

Kampaniyanın əhatə dairəsi təyin edəcəyiniz büdcədən asılıdır. İnfluencer’lər izləyicilərinin sayından, bazar qiymətlərindən, digər şirkətlərin maraqlanma dərəcələrindən və s. asılı olaraq reklam qiymətlərini təyin edirlər.

Büdcəniz aşağıdırsa, daha az izləyicisi olan influencer’lər düzgün seçim olacaqdır. Onlar kiçik investisiyalarla hədəflərinizə çatmağınıza kömək edə bilərlər. Orta və ya böyük şirkətiniz varsa, yaxud bazara yeni məhsul çıxarmaq istəyirsinizsə bu zaman Makro və Meqa İnfluencer’lərlə əməkdaşlıq etməyiniz məqsədəuyğundur.

5. Düzgün İnfluenceri Seçin

Yanlış influencer seçimi etsəniz, əvvəlki addımlarda gördüyünüz bütün iş boşuna getmiş olacaq. Mükəmməl uyğunlaşma üçün şirkətinizin dəyərlərini düzgün paylaşa biləcək bir influencer seçin. Məs: Alış-veriş həvəskarı bloggerlər vasitəsilə geyim satışı ilə məşğul olduğunuz brendinizi təbliğ etməyə çalışmayın. Onsuz da bu blogger sizinlə eyni sektorda olan digər şirkətlərlə əməkdaşlıq edib. Bu halda minimalist tərzdə paylaşımlar edən, səmimi və davamlı olaraq keyfiyyətli kontent paylaşan influencerlərə üstünlük verin.

İnfluencer marketinqi ilə bağlı başqa bir problem saxta izləyici sayıdır. Aldadılmamaq üçün hər bir influencerin hesabını diqqətlə yoxlayın. Araşdırma edərkən aşağıdakılara diqqət edin:

  • İzləyicilərin sayına, bot və saxta izləyicilərin olub olmamasını yoxlayın
  • İzləyicilərin aktiv olmasına və paylaşımlarla əlaqə dərəcələrinə diqqət edin. Bunun üçün əməkdaşlıq etməyi düşündüyünüz influencer’dən statistikaları tələb edə bilərsiniz
  • İzləyicilərin sadiq olduğunu yoxlayın. Bəzi influencer’lərin izləyici kütləsi onlara qarşı nifrət bəsləyir. Bu tip influencerlərdən uzaq durun

Düzgün influenceri seçmək ilk başda çətin görünə bilər. Əgər, əməkdaşlıq edə biləcəyiniz influencer’lərin siyahısı sizdə varsa, hər birini özünüz araşdıraraq seçim edə bilərsiniz. Digər tərəfdə isə influencer marketinqi ilə məşğul olan agentliklərdən dəstək ala bilərsiniz.

6. Reklam Kampaniyasını Hazırlayın

Kampaniya üçün kontent hazırlamaq çox hallarda influencerin öhdəliyinə düşür. Bununla belə, məqsədlərinizə çatmaq istəyirsinizsə, kampaniyadan gözləntilərinizi və məqsədlərinizi aydın şəkildə ifadə etməlisiniz. Ən yaxşı seçim kampaniyanın xülasəsini aşağıdakı məqamlarla hazırlamaqdır.

  • Reklam ediləcək kanalı və profili müəyyənləşdirin. Bir çox influencerin müxtəlif kanallarda hesabı olur
  • Kampaniyanın məqsədlərini izah edin. Necə bir çağırış mətni (CTA) istifadə olunacağını qeyd edin
  • İzləyicilərlə mesajlaşma nöqtələrini qeyd edin. İnfluencerin məhsulunuz haqqında deməli olduğu əsas cəhətlərin siyahısını hazırlayın

Son olaraq, influencer’lə müqavilə bağlayın. Bu müqavilədə kampaniyanın detallarını, paylaşılacaq kontent, kampaniya tarixini, nəzərdə tutulan nəticələri və zəmanət şərtlərini qeyd etmək lazımdır. Vacib hesab etdiyiniz digər məqamları da daxil edin və hər birini aydın şəkildə qeyd edin.

🚀 Addım-addım Marketinq Strategiyasının Hazırlanması Qaydası ilə Tanış Ol.

İnfluencer Marketinq Kampaniyasının Ölçülməsi

İnfluencer marketinq kampaniyasının investisiya gəlirliliyini (ROI) hesablamaq çətin ola bilər, çünki siz həmişə UTM (veb sayta gəlmiş trafikin hansı mənbədən gəldiyini göstərən) kodlar ilə ölçüm apara bilməyəcəksiniz. Əksər marketoloqlar kampaniyaların nə qədər təsirli olduğunu ölçmək üçün kampaniya paylaşımlarının reaksiya (bəyənmə, şərh) nisbətinə və veb sayt trafikinə etibar edirlər.

Kampaniyaya nəzarət etməyin ilk və ən əsas yolu, əməkdaşlıq edilən influencer’lərin sosial media profillərinə baxmaq və reklam olunan məhsullar üzrə aktivlik dərəcəsini yoxlamaqdır. Daha sonra veb saytınızdakı trafikin mənbələrini görmək üçün Google Analytics kimi alətlərdən istifadə edə bilərsiniz.

Həmçinin, reklam kampaniyanızın sosial mediada necə rezonans doğurduğunu izləmək üçün media monitorinq alətlərindən istifadə edə bilərsiniz. Emplifi kimi sosial dinləmə (social listening) alətləri çox faydalıdır. Bununla insanların sosial media platformalarında brendiniz haqqındakı paylaşımları görə biləcəksiniz.

Nəticə

İnfluencer marketinq rəqəmsal marketinq dünyasında güclü alətə çevrilib. Müəyyən maraq dairələri əsasında influencer’lərin əhatə dairəsi və təsir imkanlarından istifadə etməklə şirkətlər hədəf auditoriyalar ilə effektiv şəkildə əlaqə saxlaya, brendini tanıtdıra bilər və satışları artıra bilərlər. Lakin uğurlu influencer marketinq fəaliyyəti diqqətli planlaşdırma, individual əməkdaşlıq və nəticələrin daimi ölçülməsini tələb edir. Bu sektor inkişaf etməyə davam etdikcə, ən son trendlər və strategiyalardan xəbərdar olmaq, influecer marketinqin bütün potensialından istifadə etmək istəyən şirkətlər üçün çox vacib olacaq.

İstifadə olunmuş mənbələr: 1 / 2 / 3

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button