Marketinq Strategiyası: Detallı İzah ilə Hazırlanma Qaydası və Nümunə Şablonar
Marketinq strategiyası şirkətin vahid satış məqsədinə nail olmaq məqsədi ilə göstərdiyi bütün marketinq səylərinin toplusudur. StartUp’lar, kiçik müəssisələr və böyük şirkətlər həm ənənəvi, həm də rəqəmsal marketinq kanallarını əhatə edən marketinq plan daxilində nəzərə alınmış strategiya və taktikalar vasitəsilə hədəf bazarı əhatə etmək üçün kampaniyalar yaradırlar.
Düzgün marketinq strategiyası effektiv şəkildə tətbiq edildikdə şirkətinizi böyüdə və ciddi gəlir əldə edə bilərsiniz. Bu bloq yazısında marketinq strategiyalarını müəyyənləşdirmək və həyata keçirməklə bağlı əsas məsələlərə yer verilib.
Marketinq Strategiyası Nədir?
Marketinq strategiyası müştərilərin ehtiyac və istəklərini başa düşmək yolu ilə davamlı rəqabət üstünlüyünə nail olmaq kimi əsas məqsədi olan hər hansı bir şirkətin və ya biznesin uzunmüddətli, perspektivli yanaşması və ümumi yol xəritəsidir.
Marketinq plan şirkətin özünü necə pozisiyalandırmasından tutmuş kreativ, strateji tərəfdaşlar, media əlaqələri, marketinq miksi, kanallar və taktikalara qədər hər şeyi əhatə edən strategiyalardan ibarətdir.
Marketinq strategiyası potensial müştəriləri hədəfləmək və onları öz məhsul və ya xidmətlərindən istifadə etmələri üçün şirkətin ümumi biznes inkişaf planının bir hissəsidir. Həmçinin şirkətin sosial dəyərini, brendin çatdırmaq istədiyi mesajı, hədəf auditoriyanı, potensial müştəri demoqrafik məlumatlarını və digər yüksək səviyyəli elementləri özündə birləşdirir.
Marketinq Strategiyası ilə Taktika Arasındakı Fərq Nədir?
Marketinq strategiyası taktikalardan daha geniş mövhumdur və ya başqa sözlə desək, strategiya ümumilikdə taktikalardan ibarətdir. Məsələn, bir şirkət SMM və ya axtarış motoru optimizasiyası üçün kontent marketinq strategiyası hazırlaya bilər və sonra onun hər bir media kanalı üçün yerinə yetirdiyi xüsusi taktikaları ola bilər.
Məsələyə bu qaydada baxmaq lazımdır: Ümumi Marketinq Strategiyası > Rəqəmsal Marketinq Strategiyası > Xüsusi Taktika.
Marketinq Strategiyası Nə Üçün Önəmlidir?
Bəzən marketoloqlar və sahibkarlar biznesin ümumi vizyonunu və məqsədlərini unudurlar. Onlar hədəf auditoriyanı və məhsullarının müştəri üçün həll etdiyi əsas nöqtələrin nə olduğunu unudurlar. Bu baş verdikdə, biznesin tətbiq etdiyi marketinq plan və öz növbəsində də taktikalar effektivliyini itirir.
Deməli, marketinq strategiyası elə bir sənəd deyil ki, onu arxiv sənədlərinin arasına qoyub unudasınız. Şirkətinizin əsas məqsəd və vəzifələrini, onlara nail olmaq yollarını aşkar etmək üçün həyata keçirilən prosesin əsasını təşkil edir. Beləliklə, məhsul və ya xidmətinizi bazara daha yaxşı çıxarmaq üçün etməli olduğunuz bütün proseslərin planıdır.
Uğurlu Marketinq Strategiyası Nələri Əhatə Etməlidir?
Uğurlu strategiya şirkətinizi hədəfə çatdıran, yəni brendinizi böyüdən strategiyadır. Uğurlu marketinq strategiyası elmi faktlara əsaslanmalıdır. Bunun üçün marketinq qanunlarına uyğun strategiyaları seçmək lazımdır.
Üstəlik, marketinq strategiyasının uğurlu olması üçün çoxkanallı, realist və ardıcıl hazırlanmalıdır. Qısa müddətə marketinq plan hazırlamaq mümkün deyil. Uğurlu marketinq strategiyası hazırlamaq vaxt və səbir tələb edir.
Uğurlu marketinq strategiyası aşağıdakıları əhatə etməlidir:
- Biznes hədəfinizi
- Hədəf auditoriyanızı
- Əldə edilən uğurları necə ölçəcəyinizi
- Hər bir fəaliyyətə kimin cavabdeh olacağını
Addım-Addım Marketinq Strategiyası Hazırlamaq Qaydası
Marketinq strategiyası, daxil olduğunuz sektoru, istehlakçılara (B2C) və ya digər müəssisələrə (B2B) satış etdiyinizi və rəqəmsal kanallarda nə dərəcədə yer almanızı əks etdirmək üçün olduqca detallı və geniş ola bilər. Buna baxmayaraq, effektiv marketinq strategiyası hazırlamaq üçün vacib olan bütün addımlara diqqət etməlisiniz.
Cəmi 10 addımda marketinq strategiyası hazırlamaq prosesi aşağıdakı kimidir:
- Xülasə
- Şirkətin Missiyası
- Bazar Araşdırması (SWOT Analiz)
- Rəqabət Analizi
- Hədəf Bazar və Alıcı Şəxslər
- Marketinq Məqsədləri və KPI-lar
- Qiymət Strategiyası
- Marketinq Büdcəsi
- Marketinq Kanalları
- İnkişaf Strategiyası
Nəzərinizdə olsun ki, bazara çıxarılacaq yeni məhsul və ya xidmətin marketinq strategiyası satış kanallarınızdan və kadr resurslarınızdan asılı olaraq dəyişəcək. Odur ki, marketinq plan hazırlayarkən bütün bunlara diqqət edin.
1. Qısa Xülasə Hazırlayın
Bu hissə bəzi marketoloqlar üçün bir qədər formal görünə bilər, lakin vacibdir və səbəbini oxumadan keçməyin:
Marketinq plan hazırlamaq həqiqətən uzandıqca uzanır, ona görə də qısa bir xülasə hazırlamaq və strategiyanızın hər bir aspektinin ən əsas məqamlarını elə başlanğıcda vurğulamaq daha yaxşıdır.
Xülasə üçün müəyyən edilmiş bir uzunluq yoxdur, lakin, marketinq plan üzrə bütün əsas elementlərini əhatə etməlidir. Həmçinin ümumi marketinq strategiyası qısaca izah edilməli və nəyə nail olmağa çalışdıldığını vurğulamalıdır. Xülasəyə KPI-larınızı, marketinq kanallarınızı, strategiyanızı və büdcənizi əlavə edin.
Düzgün hazırlanmış xülasə, onu nəzərdən keçirən şəxsdə bütün plan haqqında fikir oyandırmalıdır (investor, rəhbərlik, direktor və s.) və planın qalan hissəsini oxumağa təşviq etməlidir.
2. Şirkətin Missiyasını Yaradın
Şirkətin missiyası 3 kritik komponenti özündə birləşdirməlidir
- Şirkətin ümumi missiyası və ya vizyonu
- Şirkətin əsas dəyərləri
- Məqsədlər və hədəflər
Əsas odur ki, dəqiq, qısa və yaddaqalan olsun. Uzun uzadı məlumatlar yazmağa ehtiyac yoxdur. Şirkətdəki işçilərdən sizə lazım olan məlumatları alaraq hazırlaya bilərsiniz.
İşçilərin bununla bağlı rəyi çox vacibdir, çünki marketinq strategiyası və satış fəaliyyətləri şirkətin missiyasına uyğun olmalıdır, ona görə də biznesdəki bütün müxtəlif komandalar ümumi missiya üzrə razılığa gəlməlidir.
Edə biləcəyiniz ən pis şey, faktiki fəaliyyət və ya tapşırıqlarla birbaşa əlaqəsi olmayan missiya tərtib etməkdir. Belə bir missiya biznesinizi inkişaf etdirməyə kömək etməyəcək.
Şirkətin vizyonu ilə missiyası arasında nə fərq var?
Vizyon, şirkətin əsas məqsədi və təməli kimidir. Şirkətin missiyası vizyonu əhatə edir və şirkətin vizyonunu inkişaf etdirmək üçün həyata keçiriləcək tədbirlərin toplusudur.
3. Bazar Araşdırması Edin
Bazar araşdırması bazarın kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilməsidir. Araşdırmada bazarın böyüklüyünə dəyər (₼) və həcm (satılan məhsulun miqdarı) tərəfindən baxılaraq və ümumi olaraq fürsətlərin gəlirliliyini müəyyən edən ən son trendlər və ya ətraf mühit şəraitləri vurğulanır. Bütün bunları strukturlaşdırmağın asan yolu SWOT analiz texnikasından istifadə etməkdir.
SWOT Analiz Nədir? Düzgün marketinq təhlili hazırlamağınıza kömək edə biləcək ümumi marketinq texnikalarından biri SWOT analizdir. Güclü tərəfləri, zəif tərəfləri, fürsətləri və təhdidləri ifadə edir.
Şirkət, məhsul və ya xidmət (tətbiq edilə biləcək hər şey) baxımından: güclü tərəfləri, zəif tərəfləri, fürsətləri və təhlükələri nəzərə almaqla hazırlanan sadə analiz texnikalarından biridir.
Güclü tərəflər – şirkətiniz həqiqətən nədə yaxşıdır? Rəqiblərinizlə müqayisədə hansı üstünlükləriniz var? Dəyər təklifiniz nədir? Şirkətinizin malik olduğu əsas resurslar və imkanlardan üstün olanlar hansılardır?
Zəif tərəflər – biznesin ən zəif tərəfləri hansılardır? Hansı sahələrdə təkmilləşdirə bilərsiniz? Rəqiblərinizlə müqayisədə şirkətinizin çatışmazlıqları nədir?
Fürsətlər – bazarda şirkətinizə üstünlük verə biləcək ən böyük tendensiyalar hansılardır? Bunlar demoqrafik nümunələr, həyat tərzi seçimləri, əhalinin dinamikası və ya hökumətin tənzimləmə siyasəti ola bilər.
Təhlükələr – bazarda biznesinizə mənfi təsir göstərə biləcək xarici amillər hansılardır? Biznesinizin performansını və uğurunuza təhlükə yarada biləcək bəzi mümkün dəyişikliklər hansılardır?
4. Rəqabət Təhlili Aparın
Növbəti vacib addım rəqabətinizi və fəaliyyət göstərdiyiniz sektorda rəqabət mənzərəsinin necə göründüyünü anlamaqdır. Rəqabət təhlilinizin cavab verməli olduğu əsas suallar aşağıdakılardır:
- Rəqibləriniz kimlərdir?
- Onlar hansı marketinq strategiyalarından istifadə edirlər?
- Onlar öz məqsədlərinə necə nail olurlar?
5. Hədəf Bazarınızı və Alıcı Şəxsləri Müəyyənləşdirin
İstənilən brend üçün hədəf alıcı şəxs (İng: buyer persona) yaratmağın ən yaxşı yolu müştəri səyahət xəritəsi (İng: customer journey map) yaratmaqdır. Müştəri səyahət xəritəsi, markanızın potensial müştəri ilə həyata keçirdiyi bütün qarşılıqlı əlaqə nöqtələrinin vizual təsviridir.
Alış-veriş edən şəxslər həm onlayn, həm də offlayn olaraq 100-lərlə kanal vasitəsilə məhsul və ya xidmətiniz haqqında məlumat ala bilərlər. Müxtəlif analitika alətləri ilə (məs: Google Analytics) alıcı şəxslərin ilkin olaraq məhsul və ya xidmətlə hansı kanal vasitəsilə tanış olduğunu və satışın həyata keçirilməsinə qədər hansı kanalların alıclıq qabiliyyətinə nə dərəcədə təsir etdiyini müəyyənləşdirmək mümkündür. Nəticədə isə, alış-verişi tamamlamış şəxslərin bütün demoqrafik məlumatları və maraqlar dairələrinə uyğun alıcı şəxs profili yarada bilərsiniz.
Hubspot tərəfindən təqdim olunan bu veb platforma ilə öz sektorunuza uyğun olaraq müasir dizaynda alıcı şəxs profili hazırlaya bilərsiniz.
6. Məqsədlərinizi və KPI-larınızı Müəyyənləşdirin
Marketinq strategiyası hazırlayarkən ilk addım, bu strategiyanın hansı biznes məqsədlərinin həyata keçirildiyini başa düşmək və müəyyən etməkdir. Biznes və marketinq həmişə bir-biri ilə sıx əlaqədə olmalıdır. Marketinqin hədəfi, biznes plana uyğun olaraq nəzərə alınmalıdır və aşağıdakı suallara cavab verməsi kifayətdir:
- Hansı biznes məqsədlərimə çatmalıyam?
- Məqsədlərimə çatmağım üçün hansı KPI-lar mənə kömək edəcək?
- Marketinq hunim (marketinq funnel) necə olmalıdır?
7. Qiymət Strategiyanızı Təyin Edin
Qiymət strategiyası çox vaxt bazar və rəqabət araşdırması bölmələrinin bir hissəsidir, lakin bəzən şirkətlər bunu ayrıca olaraq hazırlayırlar. Bu, qiymət strategiyasının biznesiniz üçün nə qədər vacib olmasından və bazarın nə qədər rəqabətli olmasından asılıdır.
Məsələn, biznesinizdə əsas üstünlük məhsulunuzun qiymətinin rəqiblərinizdən xeyli aşağı olmasıdırsa, qiymət strategiyası marketinq plan üzrə ciddi rol oynayacaq və əlavə bölmədə təyin olunmalıdır. Qiymət strategiyası əsasən 5 fərqli növdə ola bilir:
- Xərc Əsaslı Qiymət
- Dəyər Əsaslı Qiymət
- Rəqabətli Qiymət
- Qaymağın Yığılması
- Aşağı Qiymət (Dempinq)
1. Xərclərə Əsaslanan Qiymət
Bu strategiya qiymətin yalnız məhsulların xərclərinə əsaslandığı zaman nəzərə alınır. Şirkət sadəcə olaraq məhsul və ya xidmətin istehsalı üçün lazım olan xərcləri nəzərə alır və qiymətə əlavə edir.
2. Dəyərə Əsaslanan Qiymət
Bu strategiya məhsulunuzun qəbul edilən dəyərinə əsaslanır. Məsələn: Apple kimi bir şirkət təqdim etdiyi qəbul edilən dəyərə görə məhsullarını rəqiblərindən əhəmiyyətli dərəcədə yüksək qiymətlə bazara çıxarır.
3. Rəqabətli Qiymət
Bu strategiyada şirkət, rəqabətin tələb etdiyi qiymətə əsaslanaraq qiymət təyin edir. Misal olaraq yanacaqdoldurma məntəqələrini nümunə gətirmək olar. Hər bir yanacaqdoldurma məntəqəsi eyni yol üzərində olan digər yanacaqdoldurma məntəqələri ilə rəqabət aparır, qiyməti cüzi dəyişməklə daha çox qazanc əldə edə bilir.
4. Qaymağın Yığılması
Bu strategiyada yüksək qiymət təyin etmək və sonra yavaş-yavaş aşağı salmaq nəzərdə tutulur. Bir çox texnoloji məhsullar mənfəəti və şirkət dəyərini artırmaq üçün ilk dəfə satışa çıxarıldıqda yüksək qiymətə sahib olurlar. Həmçinin, geyim sektorunda da bu qiymət strategiyası tətbiq olunur.
5. Aşağı Qiymət və ya Dempinq
Dempinq, qaymağın yığılması strategiyasının tam əksidir. Bu, rəqabətli bazara daxil olmaq üçün əvvəlcə məhsulun həddindən aşağı qiymətə qoyulmasını, sonra isə zamanla yavaş-yavaş artırmağı nəzərdə tutur.
Qiymət strategiyası seçərkən müştəri seqmentinizi nəzərə alın. Sırf bir qiymət strategiyasından uzun müddət istifadə etmək doğru olmaya bilər. Mütəmadi olaraq müştəri rəyləri və rəqabətə davamlı qiymət strategiyaları üzərində çalışmaq və marketinq plan üzrə müvafiq düzəlişlər (yenilənmələr) etmək lazımdır.
8. Marketinq Büdcənizi Müəyyənləşdirin
Marketinq büdcə planı biznesinizin hansı mərhələdə olmasından asılıdır. Marketinq məqsədləri və KPI-lər kimi, büdcə planlamanız da biznesinizin hansı mərhələdə olmasından aslıdır (fəaliyyətə yeni başlayacaq və bir müddətdir ki, fəaliyyət göstərən biznes). Normalda yeni yaranan şirkətlər bazar payı qazanmaq və yeni müştərilər əldə etmək üçün daha çox investisiya qoyur, fəaliyyət göstərən şirkətlər isə daha çox etibarlılığı yüksəltmək üçün investisiya yatırırlar.
Marketinq nişiniz (niche)
Hər bir sektor fərqli marketinq strukturuna və müştəri davranışına malikdir, buna görə də sizin nişiniz marketinq büdcənizin paylanmasını da müəyyənləşdirir. Məsələn, moda kimi rəqabətli e-ticarət sektorunda nişiniz CAC-ı (customer-acquisition-cost, Az: müştəriləri cəlb etmə xərci) və ya CPC-ni (cost-per-click, Az: klik başına xərc) azaltmaqla və satışları artırmaq olmalıdır.
Xərclərin düzgün bölünməsi
Əgər siz 5.000 AZN investisiya ayırmısınızsa və 400 potensial müştəriniz varsa, eyni nisbətin 100AZN səviyyəsində qalacağını gözləyə bilməzsiniz. Hər bir marketinq kanalının investisiya gəlirliliyi (ROI) və mənfəət əsasında ona ayrılmış fərqli məbləği olmalıdır. Buna görə hər bir kanala kifayət qədər invstisiya qoyduğunuzdan əmin olun. Niş daxilindəki rəqiblərinizlə davamlı olaraq müqayisə apara bilərsiniz və ya qızıl qayda olaraq əldə etdiyiniz gəlirin minimum 20%-ni marketinqə ayıra bilərsiniz.
Marketinq büdcənizi planlaşdırarkən ilk addım indiyə qədər işləyən və gələn il üçün marketinq strategiyanızın bir hissəsi olan kanallarının hansılar olduğunu başa düşməkdir. Hər bir kanalın effektivliyinə və gəlirliliynə uyğun olaraq aylıq və illik xərclərinizi bölüşdürə bilərsiniz.
Aşağıdakı suallara uyğun olaraq xərclərinizi bölüşdürün:
- İndiyə qədər sahib olduğunuz ən təsirli marketinq kanalları hansılardır?
- Gələn il sınaqdan keçirmək istədiyiniz marketinq kanalı var?
- Mövsümilik satışlarınıza təsir edirmi?
- Ayrılan büdcənizi təyin etdiyiniz KPI-larınıza uyğundurmu?
Bu suallara cavab taparaq marketinq büdcənizi təyin etdikdən sonra hansı marketinq kanallarından istifadə edəcəyinizi təyin etməlsiniz.
9. Marketinq Kanallarını Təyin Edin
Hazırki dövrdə biznesiniz üçün ən yaxşı olan konkret marketinq kompleksi (İng: marketing mix) ilə qərar vermək vacibdir. Sosial media platformaları və digər marketinq kanalları son on ildə güclü inkişaf edib və bu səbəbdən də seçim üçün onlarla marketinq kanalı mövcuddur.
İstifadə edəcəyiniz hər bir kanalda markanızın həqiqətən nə iş görəcəyini unutmayın və yalnız marketinq strategiyasına uyğun olan kanallardan istifadə edin.
1. Məzmun (Kontent) Marketinqi
Kontent marketinq inbound marketinq üçün çox təsirlidir. Araşdırmalar göstərir ki, marketoloqların 60 %-i gündə ən azı bir kontent hazırlayır və trafikin ildən-ilə artımı kontent marketinqə önəm verən şirkətlər üçün ~8 dəfə daha yüksəkdir.
Unutmayın ki, kontent marketinq uzunmüddətli bir prosesdir və bu sahədə qısa müddətdə uğur qazanmaq nadir hallarda olur. Daimi olaraq keyfiyyətli məzmunlar yaratmalı, dizayn etməli, paylaşmalı və optimallaşdırmalısınız.
Kontent plan hazırlayarkən, RTM Kampaniyalarınız üçün SMM Təqvimindən istifadə etməyi untmayın
2. Sosial Media
Sosial media hər hansı bir markanın marketinq strategiyasının ən güclü marketinq aspektlərindən biridir. Şəkillər və videolar vasitəsilə brendinizi vizual şəkildə təqdim etməyə imkanı verir.
Araşdırmalar göstərir ki, Y nəslinin 90,4%-i, X nəslinin 77,5%-i və Baby Boomers-in 48,2%-i aktiv sosial media istifadəçiləridir, buna görə də brendiniz kifayət qədər cəlbedici sosial media kanallarına sahib deyilsə, rəqiblərə uduzacaqsınız.
Kontent marketinq ilə sosial media kanallarını aktiv istifadə edərək izləyicilər ilə daim qarşılıqlı əlaqədə olmalısınız. İnsanlara dəyər qazandırsanız, nəticədə satışa çevriləcək potensial yaradacaqsınız.
3. E-mail Marketinq
E-mail marketinq istənilən marketinq kanalı arasında ən yüksək ROI-yə malikdir. Araşdırmalar göstərir ki, marketoloqlar e-mail marketinqinə xərclədikləri hər 100 AZN-ə qarşılıq 4400 AZN qazanırlar. Bu isə satış həyata keçirmək üçün sosial mediadan 40 qat daha effektivdir.
Əgər siz B2C şirkətisinizsə, e-mail marketinqdən mütləq istifadə etməlisiniz. Həftəlik və ya iki həftəlik kampaniyalar hazırlamalı, veb saytınız varsa, müştəri davranışlarına uyğun avtomatlaşdırma etməlisiniz.
Əgər siz B2B fəaliyyət göstərirsinizsə, e-mail marketinqinin sizin üçün o qədər də güclü olmadığını düşünməyin. WordStream-ə görə, B2B sahəsində fəaliyyət göstərən marketoloqlarının 59%-i e-mail marketiniqn satış üçün ən təsirli yol olduğunu deyir.
Bu kanaldan istifadə etməyin başqa bir üstün cəhəti brendə dəyər qatmaqdır. Məsələn, bir çox şirkət COVID pandemiyasında e-mail marketinqdən insanların əhval-ruhiyyəsini yüksəltməyə kömək edən faydalı e-maillər göndərmək üçün istifadə etdilər.
4. Reklam
Reklam marketinq strategiyasının ən vacib aspektidir. Marketinq kanallarından istifadə edərək reklam etməyin çox sayda yolu var. Ən asan və geniş yayılmış rəqəmsal marketinq kanallarını: Facebook, Instagram, LinkedIn kimi platformalardan reklam kanalları kimi də istifadə edə bilərsiniz. PPC reklam növündən istifadə edən Google Axtarış Motoru Reklamları var və əlavə olaraq Görüntülü şəbəkə reklamlarından istifadə edərək digər saytlarda, YouTube-da reklamlarınızı yayımlaya bilərsiniz. Əlavə olaraq, bu reklam kanalları vasitəsilə remarketinq kampaniyaları hazırlayıb, veb saytınızın ziyarətçilərinə yenidən reklamlar göstərə bilərsiniz.
10. İnkişaf Strategiyası Qurun
Hədəflərinizi, KPI-lərinizi və reklam büdcənizi təyin etdikdən sonra inkişaf strategiyanızı planlaşdırmağa başlaya bilərsiniz. İnvestisiya edəcəyiniz marketinq kanallarının nələr olduğunu təyin etdikdən sonra hər bir kanal üzrə həyata keçirəcəyiniz bütün fəaliyyətləri göstərin. Aşağıda göstərilmiş bir neçə nümunəyə baxaraq öz inkişaf strategiyanızı hazırlaya bilərsiniz.
1. Ödənişli media marketinq kampaniyaları
Ödənişli kampaniyalarınızı düzgün planlaşdırmaq və həyata keçirmək üçün ən effektiv kanalların nə olduğunu bilməlisiniz. İlk başlarda sizi tanımayan potensial müştərilərə reklamlarınızı göstərmək və qarşılıqlı əlaqə yarandıqca remarketinq tətbiq edə biləcəyiniz marketinq funneli (və ya marketinq hunisi) hazırlamalısınız. Əlavə olaraq xüsusi günlər və mövsümi endirimlər təşkil edə biləcəyiniz kampaniyaları da bura daxil etməlisiniz.
2. Kontent strategiyası
Kontent strategiyası marketinq funnel’in hər səviyyəsində müştəri bazanız və potensial müştərilərinizlə əlaqə qurmaqla əlaqəlidir. Effektiv kontent strategiyası, paylaşmaq istədiyiniz məzmunların növlərini və marketinq funnel’in hər mərhələsində potensial müştəriləriniz üçün əlçatan olacaq kanalları nəzərə almalıdır. Unutmayın ki, kontent strategiyasında ardıcıllı vacibdir.
3. Oflayn fəaliyyətlər
Bir çox şirkət onlayn marketinq kanallarına o qədər diqqət ayırırlar ki, klassik marketinqin əldə edə biləcəyi imkanları unudurlar. Küçə reklamları və broşuralar kimi oflayn marketinq kanallarında istifadə etmək hazırki rəqəmsal dünyada ciddi fərq yarada bilir. Əgər biznesiniz üçün uyğundursa, bir neçə dəfə oflayn marketinq fəaliyyətlərini sınamaq və əldə olunan nəticəyə görə davam etdirmək məqsədəuyğundur.
Marketinq Strategiyası və Plan üzrə Nümunə Şablonlar
Bütün bu qeyd edilən məlumatlar əsasında Marketinq Strategiyası hazırlamaq təbii ki, vaxt tələb edəcək. Bu sahədə fəaliyyət göstərən bir neçə fərqli şirkət və universitetin hazırladığı ümumi marketinq planı şablonu, məhsul və xidmət üzrə marketinq planları üzrə şablonlar, həmçinin strateji və takitki marketinq planları üzrə şablonları yükləmək üçün buraya keçid edə bilərsiniz. 9 fərqli marketinq strategiyası üzrə plan şablonları mövcuddur. Qeyd edim ki, şablonlar müxtəlif sektorlar üzrə ümumi struktura əsasən hazırlanıb və ingilis dilindədirlər.