Guerilla Marketinq Nədir? Partizan Marketinq ilə Uğur Qazanın

Bugünkü rəqabətli biznes dünyasında standart marketinq üsulları istehlakçılara davamlı təsir göstərmək üçün mübarizə aparır. Standartdan kənara çıxmaq və diqqət cəlb etmək üçün bizneslər çox böyük düşünməlidirlər ki, burada da guerilla marketinq və ya Azərbaycan dilində desək partizan marketinq yada düşür. Standartlardan çox kənarda və aşağı büdcə tələb edən strategiyalar ilə partizan marketinq bizneslər üçün uzun müddət yaddaqalan təcrübələr yaratmaq, brend tanınırlığını qısa zanda yüksək dərəcədə artırmaq üçün güclü bir vasitədir.

Guerilla Marketinq - Partizan Marketinqi

Guerilla marketinq minimum resurslarla maksimum təsirə nail olmaq üçün qeyri-ənənəvi və yaradıcı marketinq strategiyalarının istifadəsidir. Böyük büdcələrə əsaslanan ənənəvi marketinq üsullarından fərqli olaraq, guerilla marketinq auditoriyanı cəlb etmək üçün kreativlik, fərqlilik və sürprizlərdən istifadə edir.

Guerilla Marketinq Nədir?

Guerilla marketinq məhsul və ya xidməti tanıtmaq üçün ənənəvi olmayan və yaradıcı taktikalardan istifadə edən marketinq strategiyasıdır. Partizan marketinq aşağı qiyməti ilə seçilir və istehlakçıların diqqətini cəlb etmək üçün tez-tez yaradıcılığa, sürprizə və lokal hədəflərə əsaslanır. Ənənəvi marketinqdən fərqli olaraq, guerilla marketinq insanlar üçün yalnız unudulmaz və cəlbedici təcrübə yaratmağı hədəfləyir.

Guerilla marketinqin yaranması 1980-ci illərdə, Cey Konrad Levinsonun “Guerrilla Advertising” kitabında bu termini işlətdiyi vaxta təsadüf edir. O vaxtdan bəri, bu marketinq yanaşması inkişaf etdi və daim dəyişkən marketing strategiyasına uyğunlaşdı. Sosial media və rəqəmsal marketinq kanallarının inkişafı ilə partizan marketinq auditoriyanı cəlb etmək və rezonans yaratmaq üçün yeni yanaşmaları daha rahat şəkildə tətbiq edə bilir.

Guerilla Marketinqin Xüsusiyyətləri

Guerilla marketinq onu ənənəvi marketinq yanaşmalarından fərqləndirən bir neçə əsas elementlə xarakterizə olunur. Partizan marketinqə xas xüsuiyyətləri nəzərdən keçirək:

1. Yaradıcılıq və İnnovasiya

Guerilla marketinqin əsasını yaradıcılıq və yenilik prinsipi təşkil edir. Bu yanaşma marketoloqları çox geniş bucaq altında düşünməyə və öz auditoriyaları üçün rezonans doğuracaq qeyri adi ideyalar irəli sürməyə sövq edir. Ənənəvi marketinq normalarının sərhədlərindən kənara çıxmaqla şirkətlər qalıcı təəssürat və unudulmaz təcrübələr yarada bilərlər.

2. Az Büdcəli Taktika

Guerilla marketinq strategiyaları az büdcə tələb etməyi ilə tanınır. Böyük reklam büdcələri əvəzinə, şirkətlər çox vaxt daha sərfəli, lakin yüksək effektli olan qeyri-ənənəvi taktikalara etibar edirlər. Nümunələrə küçə sənəti, fləşmoblar, viral videolar və s. daxildir. Bu taktikalar şirkətlərə minimum maliyyə resursları ilə maksimum geri dönüş əldə etməyə kömək edir. Odur ki, kiçik bizneslər düzgün partizan marketinq fəaliyyətləri ilə ciddi şəkildə brend tanınırlıqlarını artıra bilərlər.

💼 Kiçik bizneslər üçün marketinqin əhəmiyyətini kəşf edin.

3. Məqsədli və Lokallaşdırılmış Yanaşma

Məqsədli və lokallaşdırılmış yanaşma guerilla marketinqin effektivliyini artırmaq üçün vacibdir. Hədəf auditoriyanın demoqrafik göstəricilərini, davranışlarını və üstünlüklərini anlayaraq şirkətlər kampaniyalarını xüsusi coğrafi ərazilərə uyğunlaşdıra bilərlər. Bu fərdi yanaşma rezonans yaradır və patizan marketinq fəaliyyətinin ağızdan-ağızda yayılma ehtimalını artırır.

Guerilla Marketinq Taktikaları

Guerilla marketinq taktikaları ictimai yerlərdəki diqqət çəkici reklamlardan tutmuş düşündürücü sosial media kampaniyalarına qədər müxtəlif formalarda ola bilər. Şirkətlərin uğurla həyata keçirdiyi ən təsirli partizan marketinq strategiyalarından bəzilərini nəzərdən keçirək:

1. Media Reklamları

Media reklamları insanların gündəlik həyatının bir hissəsi olan gözlənilməz yerlərdə və ya qeyri-adi obyektlərdə reklamların yerləşdirilməsini nəzərdə tutur. Bu taktika insanlarda qalıcı təəssürat yaratmaqla heyrət və təəccüb hissi yaratmaq məqsədi daşıyır. Məsələn, bir kofeşop diqqət cəlb edən və insanları müxtəlif rəqəmsal marketinq və sosial media kanallarında paylaşım etməyə təşviq edən, kofeləri üzərində gülməli sitatlar olan fincanlarda verə bilər.

2. Fleşmoblar

Fleşmoblar ictimai yerlərdə baş verən və tez-tez xoreoqrafik bir rutini yerinə yetirmək üçün qəflətən bir araya gələn böyük bir qrup insanı əhatə edən kortəbii, ancaq öncədən planlaşdırılmış fəaliyyətdir. Fləşmoblar həyəcan və maraq hissi yaradır, insanların diqqətini cəlb edir, səs-küy yarada bilir. Şirkətlər yeni bir məhsul təqdim etmək və ya başqa məqsədləri üçün fləşmoblardan istifadə edə bilərlər.

Küçə Sənəti – Qraffitilər

Küçə sənəti, strateji və qanuni olaraq istifadə edildikdə effektiv guerilla marketinq vasitəsinə çevrilə bilir. Divarlarda çəkilmiş rəsmlər və ya qraffitilər adi şəhər mənzərəsini valehedici vizual təcrübəyə çevirir. Şirkətin sahib olduğu brend elementlərini küçə sənətinə daxil etməklə, şirkətlər yoldan keçən insanlarda qalıcı təəssürat yarada və sosial media paylaşımları vasitəsilə təbii şəkildə özlərini tanıda yarada bilərlər.

Mini Oyunlar

Şirkətlər onlayn və ya offlayn şəkildə mini oyunlar hazırlayaraq insanların həmin oyunları oynamasını təşviq edə bilər. Bu zaman qaliblərə kiçik hədiyyələr və ya az sayda qiymətli hədiyyələr təqdim oluna bilər. Sonda hədiyyələrin olması ağızdan-ağıza tez yayıldığı üçün bu tip partizan marketinq fəaliyyətinin tanıdılması üçün də qısa zaman kifayət edir.

Uğurlu Guerilla Marketinq Nümunələri

Guerilla marketinq üzrə böyük və kiçik şirkətlərin 100-lərlə uğurlu kampaniyaları olub. Nümunə üçün tarixdə ən çox yadda qalan partizan marketinq kampaniyalarını gözdən keçirək:

Burger King “The Whopper Detour”

Burger King-in “The Whopper Detour” kampaniyası guerilla marketinqin ən yaxşı nümunələrindən biridir. Kampaniya, müştəriləri McDonald’s restoranlarına aparmağa təşviq etmək üçün gps texnologiyasından istifadə edir. Burger King mobil tətbiqindən istifadə edən istifadəçilər McDonald’s restoranlarının yaxınlığında olarkən qiyməti bir sent olan (1¢) Whopper burgeri qazana bilərdilər. Bu cəsarətli yanaşma medianın böyük marağına səbəb oldu, ağızdan-ağıza sürətlə yayıldı və Burger King-in mobil tətbiqinin yükləmə sayı ciddi dərəcədə artdı.

Coca-Cola “Share a Coke”

Coca-Cola-nın “Bir kola paylaş” partizan marketinq kampaniyası istehlakçıların brendlə münasibətini dəyişdi. Şirkət kola şüşələrininin üzərində insan adları yazmaqla insanlarda fərdi dəyər hissi yaratdı və onları sosial mediada öz təcrübələrini paylaşmağa təşviq etdi. Kampaniya viral oldu və insanlar öz adları ilə butulkaları aktiv şəkildə axtarmağa və sosial media kanallarında bu kampaniya haqqında söhbətlərə başladılar. Bu kampaniya brendi canlandırdı, satışları artırdı və kütləvi istehsal olunan bazar məhsulunda fərdiləşdirmə hissi yaratdı.

IKEA “Sleepover”

Başqa bir yaradıcı guerilla marketinq kampaniyasında IKEA, mağazalarından birinə insanları gecəni orada keçirmək üçün dəvət etdi. Unudulmaz təcrübə yaratmaqla mağazada gecələmək imkanı əldə edən şəxslərdən bir neçə şanslı qalibi seçdilər. Bu kampaniya təkcə rezonansa səbəb olmadı, həm də IKEA-nın rahat və dəbli ev əşyaları təqdim etmə bacarığını nümayiş etdirdi.

Airbnb “Van Gogh’s Bedroom”

Qısa müddətli ev kirayəsi xidməti ilə məşhur olan Airbnb, Vincent van Gogh-un məşhur “Yataq otağı” tablosunu Çikaqoda real olaraq kirayə vermək üçün yenidən hazırladı. Xüsusi dizayn edilmiş otaq məşhur rəsm əsəsrindəki hər bir detala uyğun hazırlanmışdı və sənət həvəskarlarına burada gecələmə imkanı verirdi. Bu unikal və qeyri-adi yanaşma Airbnb-nin müştəriləri üçün yaddaqalan gecə keçirmək öhdəliyini vurğulayaraq mediada geniş şəkildə işıqlandırıldı.

Addım-addım Guerilla Marketinq Tətbiqi

Guerilla marketinq kampaniya ideyaları ani zamanda düşünülsə belə, tətbiqi üçün müxtəlif araşdırmalar və planlamalar edilməlidir. Odur ki, kampaniyadan uğur əldə olunması üçün nəzərə alınmalı 4 əsas nüansı incələyək:

1. Hədəf Auditoriyanın Müəyyən Edilməsi

Guerilla marketinqin həyata keçirilməsində ilk addım hədəf auditoriyanı müəyyən etməkdir. Auditoriyanın demoqrafik, maraq dairələri və psicoloji yanaşmalarını anlamaq üçün geniş bazar araşdırması aparın. Bu məlumatlar, kampaniyanı hədəf auditoriya ilə rezonansa uyğunlaşdırmağa və onun effektivliyini artırmağa kömək edəcək.

2. Kreativ Konsepsiya Hazırlayın

Hədəf auditoriya müəyyən edildikdən sonra, brendin dəyərlərinə uyğun gələn və fərqlənən kreativ konsepsiyalar üzərində düşünün. Özünüzü standartlardan kənar düşünməyə təşviq edin, kampaniyanın necə emosiyalar oyadacağını və ya unikal təcrübə təqdim edəcəyini düşünün. Məqsəd izləyicilər ilə daha dərin səviyyədə əlaqə yarada bilən, uzun müddət yaddaqalan və digər insanlarla asan paylaşıla bilən kampaniya yaratmaqdır.

3. Uyğun Taktikalar Seçin

Kampaniya konsepsiyasına və hədəf auditoriyaya uyğun taktikalar seçin. Nümunə üçün küçədə yerləşdirilə bilən reklam qurğuları, interaktiv təcrübələr (mini oyunlar, hədiyyə üçün fırladıla bilən çarxlar və s.) və ya SMM-dən ciddi istifadə daxildir. Ayrılmış büdcəni və mövcud resursları nəzərə alaraq hər bir taktikanın mümkünlüyünü, təsir gücünü və mümkünlüyünü qiymətləndirin.

4. Nəticələri Ölçün və Qiymətləndirin

Əldə olunan uğuru qiymətləndirmək üçün kampaniya müddəti boyunca nəticələri daim izləyin və ölçün. Sosial media ilə əlaqə (social listening vasitəsilə), veb sayt trafiki və brend adının axtarış motorlarında sorğulanma sayı (google trend ilə) kimi əsas performans göstəricilərini izləyin. Kampaniyanın effektivliyinə dair fikir əldə etmək üçün məlumatları təhlil edin və təsirini artırmaq üçün lazım olduqda kampaniya müddətində düzəlişlər edin.

Nəticə

Guerilla marketinq insanların diqqətini və marağını cəlb etmək üçün qeyri-ənənəvi bir yanaşma təklif edir. Yaradıcılıq, innovasiya və lokallaşdırılmış hədəfləməni əhatə etməklə şirkətlər öz izləyiciləri ilə rezonans doğuran və yaddaqalan təcrübələr yarada bilərlər. Partizan marketinqin yüksək təsir, səmərəlilik və çeviklik kimi üstünlükləri onu bütün ölçülü biznes üçün cəlbedici bir strategiya halına gətirir.

Bununla belə, guerilla marketinqin hüquqi və etik aspektlərini nəzərə almaq çox vacibdir. Şəxsi mülkiyyətə hörmət etmək, lazımi icazələri almaq, izləyicilərin təhlükəsizliyini və rifahını təmin etmək çox vacibdir. Qaydalara riayət etməklə və düşünülmüş yanaşma ilə şirkətlər müsbət və qalıcı təəssürat yaradan uğurlu guerilla marketinq kampaniyaları keçirə bilər.

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button