SMM Menecer Kimdir, Hansı İşləri Görür və Öhdəlikləri Nələrdir?
SMM Menecer şirkətlər, təşkilatlar, bloqerlər və ya məşhur şəxslər üçün sosial media strategiyalarının yaradılmasına və həyata keçirilməsinə cavabdeh şəxsdir. SMM Menecerlər Facebook, Instagram, TikTok və digər sosial media platformalarından istifadə edərək müştərilərinin onlayn mövcudluğunu idarə etmək və optimallaşdırmaq üçün məsuliyyət daşıyırlar. Onlar brend tanınırlığını artırmaq, izləyicilər ilə onlayn ünsiyyət qurmaq, müştərilərlə əlaqələr yaratmaq və nəticədə satışları artırmaq üçün çalışırlar.
SMM Menecer sosial media kontentlərini hazırlamaq və inkişaf etdirməklə yanaşı, sosial media statistikalarını izləmək, təhlil etmək və lazım olduqda strategiyaları tənzimləmək üçün məsuliyyət daşıyır. Onlar ən son trendlər, alqoritmlərdəki dəyişikliklər və sosial media marketinqində ən yaxşı təcrübələrdən xəbərdar olurlar. Bütün sosial media kanallarında davamlılığı qorumaq və brendin tanınmasını təmin etmək üçün marketinq, ictimaiyyətlə əlaqələr və müştəri xidməti kimi digər şöbələrlə də əməkdaşlıq edirlər.
SMM Menecer Kimdir?
SMM Menecer sosial platformalar üçün kontent strategiyasının yaradılmasına və əlaqələrin təmin edilməsinə cavabdehdir. Bu rolda uğurlu olmaq üçün SMM Menecerlər mətn yazmaq qabiliyyətinə (copywriting) malik olmalı, paylaşılacaq dizaynlara diqqət yetirməli və izləyicilərin nəyin sevdiyini təhlil edə bilməlidirlər.
Sosial media marketinqi potensial müştərilərə çatmaq və onların ehtiyacları, istəkləri haqqında daha çox məlumat əldə etmək qabiliyyəti sayəsində müasir marketinqin mühüm sahəsinə çevrilib. Sosial media demək olar ki, bütün sahələrdə aktiv istifadə olunur: şirkətlər, brendlər, qeyri-kommersiya təşkilatları, hökumət rəsmiləri, məşhur şəxslər və daha çoxunun öz izləyiciləri ilə birbaşa əlaqə saxlamaq üçün sosial media hesabları var, yəni SMM Menecer kimi işləmək üçün kifayət qədər yer var.
💻 SMM Nədir? Üstünlükləri və Biznesə Faydaları Haqqında Ətraflı Məlumat Əldə Edin.
Bu bloq yazıda SMM Menecerin hansı işlər gördüyünə, işi yerinə yetirmək üçün lazım olan əsas bacarıqlara və bu sahəyə necə başlamaq lazım olduğuna nəzər salacağıq.
SMM Menecer Nə İş Görür?
SMM Menecerin hansı işləri gördüyünü başa düşmək sizə doğru imkanları tapmaqda və karyeranızda uğur qazanmaqda vacibdir. Sadə şəkildə desək, SMM Menecer izləyiciləri artırmaq, müxtəlif sosial platformalardakı insanlarla əlaqə qurmaq və brendlərinin sosial media varlığını inkişaf etdirmək üçün reklam və kontent strategiyalarının yaradılmasını həyata keçirir.
SMM Menecer olaraq görəcəyiniz işlər, şirkətinizin ölçüsündən asılı olaraq dəyişəcək. Məsələn, böyük şirkətlərdəki bir çox SMM menecer kontent yaratmaq (mətnlər yazmaq, vizual və ya videolar tapmaq) əvəzinə, kopirayter və dizaynerlərə dəstək göstərir. Ancaq ki, kiçik şirkətlərdə sosial media menecerlərinin paylaşmaq üçün kontentlər yaratması adi haldır.
Biznesin növü və fəaliyyət sahəsinin istiqaməti nə olursa olsun, SMM Menecer aşağıdakı işləri görür:
Sosial Media Strategiyasının İnkişafı
SMM Menecerin ilk və əsas məsuliyyəti hərtərəfli sosial media strategiyası hazırlamaqdır. Buraya düzgün məqsəd və hədəflərin seçilməsi, potensial auditoriyanın müəyyən edilməsi və onlara effektiv şəkildə çatmaq üçün ən uyğun sosial media platformalarının seçilməsi daxildir. Düzgün müəyyən edilmiş strategiya SMM Menecerin görəcəyi işlər üçün yol xəritəsi rolunu oynayır və sosial media fəaliyyətlərinin biznesin ümumi marketinq məqsədlərinə uyğun olmasını təmin edir.
🚀 Addım-addım Marketinq Strategiyasının Hazırlanması Qaydası ilə Tanış Ol.
Kontent Yaratmaq və Kurasiya
SMM Menecerin əsas vəzifələrindən biri sosial media platformaları üçün cəlbedici kontent yaratmaq və redaktə etməkdir. Hədəf auditoriyasının marağına səbəb ola biləcək, brendin dəyərlərini əks etdirən və əlaqə yaradılmasına təşviq edən məzmun inkişaf etdirməlidirlər. Buraya cəlbedici mətnlərin yazılması, şəkillərin dizaynı, videoların yaradılması üçün müvafiq əməkdaşlarla birlikdə fəaliyyət göstərmək, hətta lazım olduğunda autsors fəaliyyətlər ilə kontentlərin ərsəyə gətirilməsi daxildir.
📝 Kontent Marketinq haqqında geniş məlumat əldə et.
Sosial Media Hesablarının İdarə Olunması
SMM Menecerin digər mühüm məsuliyyəti şirkətin sosial media hesablarını idarə etməkdir. Buraya müxtəlif platformalarda sosial media profillərinin müntəzəm olaraq yenilənməsi və nəzarət olunması daxildir. SMM-lər Sosial media səhifələrinin düzgün qurulmasını, optimallaşdırılmasını və brendin imicinə uyğun olmasını təmin edirlər. Onlar həmçinin şərhlərə, mesajlara cavab verməklə izləyicilərlə aktiv şəkildə əlaqədə olurlar.
Statistikaların İzlənilməsi və Təhlili
Sosial media fəaliyyətinin uğurunu ölçmək üçün SMM Menecer, sosial media hesablarının performansını daim izləməli və təhlil etməlidir. Postların neçə nəfərə çatdığını, postlara edilmiş klikləri, mesaj sayını və digər metrikləri izləyirlər. Bu statistikaları təhlil edərək, sosial media strategiyasını optimallaşdırmaq üçün dataya əsaslanan qərarlar qəbul etməyə imkan verən izləyici davranışları haqqında fikir əldə edirlər. Bu, həm də trendləri və imkanları müəyyən etməyə kömək edir.
İzləyici Kütləsinin İdarə Olunması
Onlayn izləyici kütləsinin yaradılması və maarifləndirilməsi SMM Menecerinin vəzifələrinin ayrılmaz hissəsidir. Onlar izləyicilər və müştərilər üçün müsbət və cəlbedici mühit yaratmağa diqqət yetirirlər. Şərhlərə cavab vermək, suallara cavab vermək və izləyicilərin və müştərilərin narahatlıqlarını həll etməklə fəal şəkildə əlaqələr yaradırlar. Onlayn reputasiyanın idarə edilməsi, kriz və münaqişələrin həlli, brendə qarşı müsbət hisslərin aşılanması buraya daxildir.
Sosial Media Reklamları
Sosial media reklamı hədəf auditoriyaya çatmaq və konkret nəticələr əldə etmək üçün güclü vasitədir. SMM Menecer reklam kampaniyalarının yaradılmasına və idarə olunmasına cavabdehdir. Hədəf auditoriya seqmentlərini müəyyən edir, cəlbedici reklam mətni və vizualları hazırlayaraq reklam büdcəsini təyin edir. Reklamların performansını izləyir, nəticələri optimallaşdırmaq və investisiya gəlirliliyini (ROI) maksimuma çatdırmaq üçün optimizasiyalar edirlər. Sosial media reklamı brendin tanınırlığı, potensial müştərilərin real müştərilərə çevrilməsi üçün imkanlar təqdim edir.
⚙️ Facebook və Instagram reklamlarını idarə etmək üçün Meta Business Manager’in İstifadə Qaydası ilə tanış olun.
Komanda ilə İş
SMM Menecer şirkət daxilində marketinq, ictimaiyyətlə əlaqələr (PR), kontent yaradılması, dizayn kimi digər komandalarla sıx əməkdaşlıq edir. Sosial media fəaliyyətinin digər rəqəmsal marketinq kampaniyaları ilə uyğunlaşdırmaq və ötürülməsi lazım olan mesajların ardıcıl olmasını təmin etmək üçün marketinq komandası ilə əməkdaşlıq edir. Sosial media platformalarında yarana biləcək krizləri idarə etmək və ictimaiyyətlə əlaqələr qurmaq üçün PR komandası ilə birlikdə işləyirlər.
Trendləri və SMM Alətlərini İzləmək
Daim inkişaf edən sosial media sahəsində SMM Menecerinin ən son tredlərdən və alətlərdən xəbərdar olması vacibdir. Daim sektordakı yenilikləri, ən yaxşı təcrübələri və inkişaf edən platformaları izləməlidirlər. Sosial media platformalarının təklif etdiyi yeni funksiyaları kəşf edir və lazım olduqda onları öz strategiyalarına inteqrasiya edirlər. Davamlı öyrənmə və peşəkar inkişaf SMM Menecerin rəqabətdə bir addım öndə qalması və sosial media fəaliyyətlərinin effektivliyini təmin etməsi üçün vacibdir.
📰 Sosial Media biliklərinizi və bu sahələrdəki trendləri izləmək üçün hazırladığım Marketinq Bloqlarını izləyin.
SMM Menecer Hansı Bacarıqlara Sahib Olmalıdır?
Sosial media daim inkişafdadır, davamlı olaraq yeni alətlər və kanallar yaranır. Bunun da nəticəsi olaraq SMM Menecerin sahib olmalı bacarıqları da zamanla dəyişir. Ancaq əsas lazım olan bacarıqlar uzun müddət keçsə də dəyişməz qalacaq.
Analitika
Hər bir sosial media platformasının izləməli olunduğu analitikalar var ki, reklamların və ya paylaşımların nə qədər yaxşı performans göstərdiyini başa düşəsiniz. SMM Meneceri olaraq, bu statistikalara baxmaq və analiz etmək vacibdir. Çox vaxt bu məlumatları diaqram və ya infoqrafika kimi saxlamaq lazım gəlir. Bu yolla statistikaları komanda yoldaşlarınıza təqdim edə və şirkətin ümumi marketinq strategiyalarını təkmilləşdirmək üçün müzakirələr apara bilərsiniz.
Ünsiyyət
Yaxşı SMM Meneceri güclü yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalıdır. Yazılı bacarıqlar hədəf auditoriyanızla əlaqə saxlamağa və şirkətin missiyasını və kampaniyaları sosial kanallarda çatdırmağa kömək edir. Şifahi bacarıqlar isə komandanızla əməkdaşlıq etməyə və yeni sosial media fəaliyyətlərini daha effektiv izah etməyə kömək edir. Effektiv ünsiyyət ilə müştərilərə və hədəf auditoriya üzvlərinə cavab verərkən brendin adından istifadə etmiş olacaqsınız.
Yaradıcılıq
Hər hansı bir şirkətin sosial mediada fəaliyyətini digər bizneslərdən fərqləndirmək üçün yaradıcı, unikal yollar haqqında düşünmək SMM menecer kimi uğur qazanmağınıza köməklik göstərəcək. Sosial media trendləri tez-tez dəyişir, ona görə də hansı yanaşmaların daha yaxşı işlədiyini kəşf edərkən davamlı olaraq yeni kampaniyalar və cəlbedici kontentləri sınaqdan keçirmək vacibdir. Digər brendlərin müşahidə etdiyiniz uğurlu kampaniyalarını analiz edərək və ya daha öncə sınanmamış yenilikləri tətbiq edərək yaradacağınız kontentləri interaktiv və yaddaqalan edə bilərsiniz.
Müştərilərlə Əlaqə
Müştərilər sosial mediadan istifadə edərək şərh, sual və problemləri ilə birbaşa şirkətlərlə əlaqə saxlaya bilərlər. Müştərilərin brendin sosial media hesabları ilə əlaqə yaradarkən şərhlərdən istifadə etməsi, digər istifadəçilər tərəfindən görülə bildiyi üçün, brendin imicini qoruyarkən cavablandırma zamanı nəzakətli olmaq vacibdir. Sosial kanallar vasitəsilə əlaqələri asanlaşdırmaq, brendinizin xüsusi bir xətti olduğunu və müştərilərinə hər cür kömək etmək istədiyinizi göstərməyə kömək edə bilər.
Kopirayterlik
Əksər sosial media paylaşımlarında açıqlama mətnin məntiqi eyni olduğuna görə, kopirayterlik bacarıqları uğurlu SMM Menecerlərinin sahib olmalı olduğu bacarıqlardan biridir. Qısa, yadda qalan və qrammatik səhv olmayan mətn yazmağı və redaktə etməyi öyrənə bilərsiniz. Sözlərin orfoqrafik qaydalara uyğun yazılması və durğu işarələrini düzgün işlətmək üçün üçün onlayn resurslardan (Obastan, Azleks, Azerdict və s.) istifadə etmək sosial media idarəetməsi prosesinin bir hissəsidir.
Dizayn
Sosial media kontenti yalnız mətndən ibarət deyil, həm də şəkillər və videolar kimi vizual elementlər də yer almalıdır. SMM Menecer olaraq, brendinizin stilistikasına əks etdirən və izləyicilərinizi cəlb edən rəngləri, şriftləri və şəkilləri necə seçəcəyinizi bilməlisiniz. Şəkil və videoları redaktə edə biləcəyiniz dərəcədə qrafik dizayn bacarıqları daha yaxşı kontentlər yaratmağınıza köməklik göstərəcəkdir.
Planlaşdırma
Uğurlu sosial media reklamlarının yaradılması düzgün planlaşdırma və strategiya hazırlanmasını tələb edir. Hər bir sosial media platformasının nəzərə alınmalı fərqli tələbləri var. Bu səbəbdən də paylaşılacaq kontentləri və reklamları planlaşdırarkən bu tələbləri nəzərə almaq lazmdır. Düzgün planlama olduğu halda, ani çıxa biləcək işlərin öhdəsindən də asan şəkildə gəlmək mümkün olacaq. Əks təqdirdə isə, trendlərə ayaq uydurmaqda gecikmələr yaşanacaq və RTM kimi marketinq fəaliyyətlərini həyata keçirə bilməyəcəksiniz.
📅 RTM-ləri düzgün planlaşdırmaq üçün SMM Təqvimindən istifadə etməyi unutmayın.
Həllər Tapmaq
SMM menecerlər müştərilərin şikayət və narazılıqlarının öhdəsindən gəlmək, büdcə məhdudiyyətlərini həll etmək üçün problem həll etmə bacarıqlarına sahib olmalıdırlar. Məsələn, mənfi rəy yazan narazı müştəriyə sakit və mədəni şəkildə cavab verərək vəziyyəti düzəltməyin yollarını təklif edə bilərlər. Həmçinin məhdud büdcəyə qarşılıq olaraq şirkət rəhbəri ilə danışıqlar apararaq büdcə artırmağı təmin edə bilər və ya orqanik şəkildə izləyicilərin diqqətini cəlb edə bilən yaradıcı yollar tapa bilərlər.
SMM Menecer Olmaq Üçün Nə Etmək Lazımdır?
Sosial media meneceri kimi işə başlamaq üçün bu sahənin əsas prinsiplərini bilmək və təcrübə çox önəmlidir. Bu sahəyə olan tələbat və iş imkanları çox olduğu üçün frilans və ya hər-hansı bir şirkətdə, agntlikdə işçi kimi işləyə bilərsiniz. Harada işə başlamağınızdan və xəyal etdiyiniz işi əldə etməyinizdən asılı olmayaraq, əsas məsələ SMM Menecer kimi ilk işinizi tapmaq üçün atacağınız addımlardır.
1. Güclü Təməl Qurun
SMM sahəsində karyeraya başlamaq üçün güclü bir təməl qurmaq vacibdir. Bura müxtəlif sosial media platformaları, onların xüsusiyyətləri, kontent yaradılması üçün ən yaxşı təcrübələr haqqında dərin anlayışlar əldə etmək daxildir. Sosial media sahəsindəki ən son trendləri, alqoritmlər və yeniliklərdən xəbərdar olmalısınız. Həmçinin, kontent yazmaq, kopirayterlik, qrafik dizayn və analitik bacarıqlarınızı inkişaf etdirin, çünki bu bacarıqlarınız SMM Menecer karyeranızda mühüm rol oynayacaqlar.
2. Peşəkar Təlimdə İştirak Edin
Bu sahədə peşəkar təlimdə iştirak edərək öz biliklərinizi inkişaf etdirəcəksiniz və bu sizə rəqabət aparmaqda üstünlük verəcək.
Hazırki dövrün tələblərinə cavab verəcək şəkildə hazırladığım təlim proqramı əsasında təşkil etdiyim A-dan Z-ə Sosial Media Marketinq Təliminə siz də qoşulun.
Bu təlim proqramı hər hansı bir brendin inkişafı üçün rəqəmsal marketinqin əsas hissəsi olan düzgün sosial media kanallarının seçilməsini, onları marketinq hədəflərinə çatmaq üçün idarə edilməsini əhatə edir. Sosial media kanallarında izləyici kütləsini böyütməyin üsullarını, dataya əsaslanan effektiv reklam kampaniyaları hazırlamaq və onları necə optimizasiya etməyi öyrədir.
3. İlk İşinizə Başlayın
İş elanları saytlarını müntəzəm olaraq nəzərdən keçirmək tez nəticə verəcəkdir. Həmçinin, sosial medianın gücündən istifadə edə bilərsiniz. Bu sahədə fəaliyyət göstərən Facebook qruplarına qoşulun. Bu qruplarda da kifayət qədər frilans və daimi işləmək üçün əməkdaşlar axtarırlar. Əlavə olaraq, LinkedIn-də paylaşılan iş təkliflərini nəzərdən keçirə bilərsiniz. İlk işinizə başlamaq bir az çətin ola bilər. Başlanğıc olaraq böyük şirkətlərə deyil, kiçik şirkətlərdə işləməyə və firlans işlər götürməyə fokuslanın.
4. Portfolio Hazırlayın
Təcrübə qazandıqca, frilans müştəri əldə etmək və ya yeni işə qəbul olmaq üçün, onlarla öncəki işlərinizi göstərə bilməyiniz üçün portfolio hazırlamağınız sizi digərlərindən bir addım önə salacaq.
Portfolionuza əvvəlki iş yerlərində və ya özünüz üçün etdiyiniz sosial media işlərini daxil edə bilərsiniz. Hətta, bəzi brendlər üçün konseptlər işlər də yarada bilərsiniz.
Portfolio yaratmağın bir çox yolu var. Çalışın ki, portfolionuzu sadə, hər kəs tərəfindən asan başa düşülən şəkildə hazırlayasınız. Portfolionuzu Behance platformasında və ya şəxsi veb saytınızda hazırlaya bilərsiniz. Hər ikisi üzrə portfolio yaratma imkanınız olmasa, PDF variantda hazırlaya bilərsiniz.
📁 Portfolio ilə yanaşı Peşəkar CV Hazırlamaq üçün Sayt və Proqramlar sizin köməyinizə çatacaq.
5. Öz Brendinqinizi Edin
SMM Menecer olaraq bacarıqlarınızı, təcrübənizi və düşüncələrinizi nümayiş etdirən güclü şəxsi brendinqə sahib olmaq vacibdir. LinkedIn, Facebook və Instagram kimi şəbəkələrdə aktiv fəaliyyətə başlayaraq və bloq saytınızı yaradaraq öz brendinizi inkişaf etdirə bilərsiniz. Bu kanallarda insanları və ya potensial işəgötürən şəxsləri maarifləndirmək, onları sizin biliklərinizə və təcrübənizə inandıracaq.
SMM Menecerlər Nə Qədər Qazanır?
Bu sualın tam dəqiq bir cavabı yoxdur. Bir çox iş kimi, sosial media meneceri kimi qacancınız bir sıra amillərdən asılıdır. Sosial media meneceri olaraq əmək haqqınıza və ya əldə etdiyiniz gəlirə aşağıdakılar təsir edəcək:
- Karyeranızda nə qədər irəlilədiyiniz
- Çalışdığınız şirkətin ölçüsü və hansı sektorda olduğu
- Əlavə frilans və outsors işlərinizin sayı
Əgər bu sahəyə yeni başlamısınızsa təbii ki, gəliriniz aşağı olacaq. Özünüzü təkmilləşdirdikcə, şəxsi brendinqiniz inkişaf etdikcə daha nüfuzlu şirkətlərdə işə başlaya biləcəksiniz və əlavə olaraq frilans işlər də götürə biləcəksiniz. Bu da daha çox qazanc əldə etməyinizə gətirib çıxaracaq.
Bir çox iş elanlarını nəzərdən keçirsək, Azərbaycanda SMM Menecerin aylıq maaşı 400 AZN-dən başlayır və 1000-1200 AZN-ə qədər davam edir. SMM üzrə komanda idarəedicisi (Team Leader) vəzifəsində isə daha yüksək məvacib əldə edə biləcəksiniz.
Özünüzü daha çox inkişaf edirmək və daha qısa zamanda daha çox məvacib əldə etmək üçün göstərilən qaydada bu sahədə karyera qura bilərsiniz: İlkin olaraq kiçik şirkətlərdən başlayın. Bir müddət təcrübə əldə etdikdən sonra, agentliklərdə işinizi davam etdirin. Burada portfolionuzu təkmilləşdirin. Daha sonra frilans işlər götürməyə başlayın və korporativ şirkətlərdə işə başlamağı hədəf seçin.
Nəticə
Bugünkü rəqəmsal dövrdə SMM Menecerlər bizneslərə sosial media platformalarının gücündən düzgün şəkildə istifadə etməkdə kömək edir. Onlar effektiv strategiyalar hazırlayır, cəlbedici kontentlər yaradır, izləyici kütlələrini idarə edir və nəticələri əldə etmək üçün statistikaları təhlil edir. Təcrübə və bacarıqları ilə SMM Menecer müəssisələrin onlayn tanınırlığını artırır, onların hədəf auditoriyasını məhsul və xidmətləri əldə etmələri üçün cəlb edir və nəticədə biznesin böyüməsinə töhfə verir. Şirkətlər peşəkar SMM Menecerləri öz komadlarına cəlb etməklə rəqabət üstünlüyü əldə edə bilər və sosial media marketinqinin dinamik dünyasında yeni imkanlar aça bilərlər.