Hər Kəsin Mütləq İzləməli Olduğu 72 Ən Yaxşı Marketinq Bloqu
Sürətlə inkişaf edən və daim yenilənən marketinq sektorunda hər gün yeni kampaniyalar hazırlayarkən ən son trendlərdən mütləq xəbəriniz olmalıdır. Əgər siz marketinq dünyası ilə ayaqlaşmaq istəyirsinizsə, rəqəmsal marketinq, məzmun marketinqi, sosial media marketinqi, SEO kimi sahələrə uyğun marketinq bloqları daim sizinlə olmalıdır. Hər birimizin kifayət qədər izlədiyi və vaxtaşırı gözdən keçirdiyi marketinq bloqu var.
Bu yazıda isə, marketinq bloqları kateqoriyalar üzrə sıralanıb. Demək olar ki, hər bir sektoru incəliklərinə qədər əhatə edən marketinq bloqu siyahıda mövcuddur. Mütəmadi olaraq bloqları izləməklə, öz sahəniz üzrə inkişafınıza dəstək olacaqsınız.
E-Mail Marketinq Bloqları
E-mail sektoru düşündüyümüzdən çox böyük rəqəmsal marketinq kanalıdır. 2019-cu ildə dünyada 3,9 milyard e-mail istifadəçisi var idisə, 2023-cü ildə bu rəqəmin 4,3 milyarda çatacağı gözlənilir. Bu, dünya əhalisinin demək olar ki, yarısını təşkil edir. Şirkətlərin e-mail marketinq həyata keçirə biləcəkləri xüsusi alətlərə (veb saytlar, proqramlar və s.) investisiya ayırmaları kifayət edir. Düzgün istifadə olunacağı təqdirdə, e-mail marketinq biznes üçün ən böyük dönüşüm mənbəyi ola bilər.
Bunun üçün də e-mail marketinqin sirlərini öyrənməlisiniz. Effektiv kampaniyaların hazırlanmasından tutmuş klik gətirəcək kontentlər və güclü e-mail mətnlərinin hazırlanmasına, hətta seqmentləşdirilmiş siyahıların yaradılmasına qədər e-mail marketinqin dərin mövzları haqqında e-mail marketinq bloqu kifayət qədərdir. Bütün bunları isə ən yaxşı mənbələrdən öyrənmək lazımdır. Odur ki, keçək bloqlara.
1. Mailchimp
Hamımız MailChimp-i e-mail marketinq sektorunda bazar lideri kimi tanıyırıq. MailChimp bloqu müntəzəm olaraq maraqlı bloq yazıları paylaşır və burada biznes məsləhətlərindən, e-mail avtomatlaşdırılmasından və marketinq strategiyalarınızı hazırlamaq üçün çox sayda keyfiyyətli məlumat tapacağınıza əminəm. Bu E-mail marketinq bloqu yalnız yazılar deyil, əlavə olaraq podkastlar və videoları da özündə cəmləşdirib.
2. Campaign Monitor
Campaign Monitor möhtəşəm bloqu olan, proqram hazırlayan şirkətidir. Şirkət e-mail marketinq həlləri, e-mail siyahılarının yaradılması, e-maillərin oxunması və dönüşüm nisbətlərinin (İng: conversion rate) yaxşılaşdırılması, e-maillərin hazırlanması və göndərilməsi, avtomatlaşdırılmış e-mail kampaniyalarının qurulması üzrə professional xidmətlər təklif edir. Bloqlarında da bütün bu mövzular və daha çoxu haqqında məlumat, məsləhətlər və tövsiyələri tapa biləcəksiniz.
3. Vertical Response
Vertical Response e-mail marketinq kampaniyaları ilə bağlı məsləhətləri və istifadəçi təcrübələri ilə dünyanın hər yerində brend menecerlər arasında özünü tanıdıb. Təkcə bloq yazıları deyil, həm də infoqrafika, nümunə araşdırmalar, elektron kitablar, tövsiyələr, videolar, vebinarlar və real təcrübələri də paylaşırlar.
Maraqlandığınız mövzu ilə bağlı məlumatı tapmağı asanlaşdırmaq üçün resurslarını bir neçə fərqli kateqoriyaya ayırıblar: e-mail marketinqi, e-mail siyahısının qurulması, e-mail dizaynı, e-mail mövzuları, e-mail xəbər bülletenləri, sosial media marketinqi, kiçik bizneslər üçün marketinq, məhsul yenilikləri və s.
4. GetResponse
GetResponse həm böyük, həm də kiçik bizneslər üçün müxtəlif marketinq həlləri təklif edir. Uğurlu e-mail kampaniyaları həyata keçirməkdə peşəkardırlar.
GetResponse-un bloqu az büdcəsi olan kiçik şirkətlər üçün əla mənbədir, çünki, bloq yazılarının əksəriyyəti məhdud büdcələrə, kiçik bizneslərə və biznesin inkişafı ilə bağlı yaranan çətinliklərə uyğun hazırlanıb.
5. MailBakery
MailBakery 2018-ci ildən e-mail marketinq üçün şablonlar hazırlayır. Bloqları e-mail marketinqi dünyasında yaradıcı inkişaf üçün heyrətamiz mənbədir, çünki qlobal olaraq bizneslər və sahibkarlar üçün yaradıcı e-poçt həlləri təqdim edir.
6. Marketo
Marketo e-mail marketinqi ilə bağlı məsləhətlərə gəldikdə ən müasir resurslardan biri sayılır. Bloq yazarları müasir texnologiyalar və marketinq strategiyanıza inteqrasiya olunmuş psixologiya kimi nüanslara da diqqət yetirirlər.
7. Email on Acid
Email on Acid taktiki məsləhətlərdən daha çox, e-mail marketinqinin məzmun dizaynı və yaradılması aspekti haqqında daha çox məlumatları özündə birləşdirir. Bloqlarında A/B testi və müxtəlif məhsul sınaqları, həmçinin e-mail marketinq ehtiyaclarınıza uyğun düzgün məzmunun seçilməsi ilə bağlı ətraflı məlumatlar olduğu üçün e-mail marketinqi haqqında araşdırmalarınıza xoş təəssürat qatacaq.
8. MarketingProfs
MarketingProfs bütün səviyyələrdə təcrübəyə malik marketoloqların maarifləndirilməsi üzrə ixtisaslaşmışdır. Əgər siz yalnız e-mail marketinqə yeni başlayırsınızsa, MarketingProfs sizə bütün vacib detallara və sahələrə birbaşa giriş imkanı verəcək.
Bu bloqda xüsusilə maraqlı hissə odur ki, təkcə bloq yazıları hazırlamırlar. Çoxlu vebinar, dərs vəsaitləri, eləcə də kampaniyalarınızın ehtiyat nüsxəsini çıxarmaq üçün istifadə edə biləcəyiniz statistik məlumatlar da paylaşırlar.
9. MailJet
MailJet bloqu e-mail marketinqi məsləhətlərində unikal fərqlilik qatır. Ən yaxşı istifadəçi təcrübələri, məsləhətlər və taktikalar haqqında məlumat vermək əvəzinə, oxuculara hansı səhvlərdən qaçınmalı olduqlarını öyrətmək üçün nə edilməməli və marketinq kampaniyalarının mənfi nümunələri haqqında məlumatlar verirlər. Həmçinin bu sektordakı yeni trendlər haqqında da məlumatlar paylaşırlar.
Kontent Marketinq Bloqları
Kontent Marketinq (məzmun marketinq) ilə daha yaxşı nəticələr: daha çox müştəri məlumatı toplamaq, daha çox satış əldə etmək, marka tanınırlığını artırmaq, əldə olunan müştəri məlumatlarının keyfiyyətini artırmaq istəyirik. Qarşıya qoyulacaq bir çox məqsəd olduğundan, kömək axtarmaq vacibdir. İnternetdəki ən yaxşı Kontent Marketinq üzrə bloqları izləməklə bu sahədə bir çox lazımlı məlumat əldə edə bilərsiniz. Bu bloqlar ilə marketinq strategiyalarınızı gücləndirmək üçün ideyalar və sınanmış təcrübələri görəcəksiniz.
Bilirsiniz ki, kontent marketinq bloqu internetdə çox saydadır. Aşağıdakı siyahıda əsas izlənilməli olanlar yer alıb.
1. Content Marketing Institute
Content Marketing Institute bloqu möhtəşəm ideyalar və yeni strategiyalar üçün keyfiyyətli məsləhətlərlə doludur. SEO, Kontent Marketinqinin vəziyyəti, Rəqəmsal Marketinqin gələcəyi, marketinqin ölçülməsi və s. Kateqoriyalar üzrə məsləhətlərdən tutmuş bütün suallarınıza cavab tapa biləcəyiniz real təcrübələri bu bloqdan oxuya bilərsiniz.
CMI bu sektordakı çətinlikləri, maneələri və uğura aparan həlləri təfərrüatlandıran faydalı məlumatlarla illik araşdırmaları da təqdim edir.
2. Copyblogger
Copyblogger – bloqunda etibarlı məsləhətlər paylaşan kontent marketinq şirkətidir. Bloqda məzmun yazma prosesini asanlaşdırmaq üçün yazı, qrammatika və yaradıcı yanaşmalar tapa biləcəksiniz. Kontent marketinq ilə bağlı detallı anlayışlar üçün müntəzəm olaraq bu bloqu ziyarət etməyiniz tövsiyə olunur.
3. Contently Strategist
Contently strategist – brend inkişafından tutmuş hekayə hazırlamağa və SEO-ya qədər hər şeyi əhatə edən bloqdur. Bazarda innovasiyalar, texnologiyanın rolu, fikirləri sübut etmək üçün statistika, rəqəmsal transformasiya və s. kateqoriyalar üzrə bloq yazıları paylaşırlar. Daha yaxşı nəticələr əldə etmək və həmçinin bu kontent marketinq sektorunda baş verən yeniliklərdən xəbərdar olmaq istəyirsinizsə bloqu mütləq izləyin.
4. Marketing Insider Group
Marketinqlə bağlı onlarla mövzunu əhatə edən hərtərəfli məzmunları təmin etmək üçün Marketing Insider Group-un bloquna güvənə bilərsiniz. Bestseller müəllif və qlobal miqyasda tanınan Michael Brenner tərəfindən yaradılmış bu məzmun marketinq bloqu müxtəlif strategiya və taktikalara dair ekspert fikirlərini hər kəs üçün bölüşür.
5. Convince & Convert
Convince & Convert marketoloqlar üçün məşhur bloqdur. Xüsusilə kontent marketinqinə həsr olunmuş geniş kateqoriyası da daxil olmaqla bir sıra rəqəmsal marketinq mövzuları üzrə hazırcavab, satirik şərhlər və fikirlər oxucular tərəfindən sevilir.
6. CMO by Adobe
Bloqun adı özünü tam ifadə edir. Adobe şirkəti tərəfindən yaradılmış bu bloq, çox yönlü marketinq mövzuları üzrə yüksək səviyyəli yanaşmalar və nəzəriyyələr axtaran CMO-lar (Chief Marketing Officer – Marketinq Direktoru) üçündür. Bloq, marketoloqlara bu yeni rəqəmsal dünyada öz brendlərinə rəhbərlik etməyə kömək edir.
7. Ann Handley-in Bloqu
Ann Handley bestseller yazıçıdır, “MarketingProfs”un baş kontent direktoru və “Entrepreneur” üçün bloq yazarıdır. O, məzmun marketinqi sahəsində möhtəşəm bloq yazıları hazırlayır və bloqunda kontent marketinqinin yaradıcı hekayələr tərəfi ilə bağlı heyrətamiz məsləhətlər, eləcə də hamımızın istifaə edə biləcəyimiz ümumi məsləhətlər də var.
8. Brian Solis-in Bloqu
Brayan Solis rəqəmsal analitik, antropoloq və özünü futurist adlandıran şəxsdir. Onun mükafata layiq görülmüş bloqu oxuculara yeni yaranan texnologiyanın biznes, marketinq və mədəniyyətə necə təsir etdiyinə dair yanaşmalar təqdim edir. Əsasən də kontent marketoloqlarının yoxlaması üçün əla, irəli düşüncəli və gələcəkyönümlü platformadır.
9. CMSWire
CMSWire bloqu kontent marketinqin texniki tərəfini araşdırır. Oxucular məzmun idarəetmə sistemləri və rəqəmsal müştəri təcrübəsinin idarə edilməsi kimi sahələr üzrə hərtərəfli təlimatları bu bloqdan tapa bilərlər. 2003-cü ildə yaranıb və davamlı olaraq geniş yazılar paylaşan kontent marketinq resurslarından biridir.
10. Content Standard
Content Standard, Skyword-un bloqudur və kontent marketinqi sahəsi daxilində xüsusi məsələləri, mövzuları və araşdırmaları özündə birləşdirir. Bəzi populyar kateqoriyalarına isə hekayələr, video məzmunu və mobil marketinq də daxildir. Bloqun cəlbedici dizaynı və tərtibatı onun faydalı məzmununu daha da oxumağa sövq edir.
Growth Marketinq Bloqları
Özünü maliyyələşdirən fərdi təsisçilərdən tutmuş, milyon dollarlıq reklam büdcəsi olan böyük şirkətlərə qədər demək olar ki, hər bir sektordakı komandalar yeni müştərilər cəlb etmək və müştəriləri əllərində saxlamaq üçün böyümə marketinqinə (İng: Growth Marketing) investisiya edirlər. Bəs Growth Marketing tam olaraq nədir?
Growth Marketing istifadə edən şirkətlər geniş çeşidli marketinq strategiyaları və çoxşaxəli kanalları əhatə edir, böyümə səylərini ən yaxşı şəkildə necə optimallaşdıracaqlarını müəyyən etmək üçün davamlı olaraq sınaqlar keçirir və təkrarlayır, böyüməni həddən artıq sürətləndirən mükəmməl həllə nail olmağa çalışırlar.
Growth Marketing çox axıcı bir sahədir və ən yaxşı təcrübələr, proqramlar, platformalar və marketinq strategiyaları daim ortaya çıxır. Growth Marketing-lə məşğul olan marketoloqların yeniliklərdən xəbərdar olması və şirkətlərini irəli aparmağa davam etməsi üçün daimi öyrənməyə yönəlmiş böyümə düşüncə tərzini mənimsələri vacibdir.
Öyrənməyin ən yaxşı yollarından biri, bu sahədəki ən yaxşı Growth Marketoloqlara diqqət yetirməkdir. Bunu etmənin ən asan yolu isə innovativ Growth Marketinq üzrə bloqları oxumaqdır. Sizin üçün hazırladığım bu siyahıda yer alan marketoloqların və şirkətlərin hər biri öz brendləri və müştəriləri üçün böyük uğurlara imza atmış və geniş təcrübəyə malikdir. Öz təcrübələrini də bu sektorla maraqlanan şəxslərlə açıq şəkildə bölüşürlər.
1. GrowthHackers
GrowthHackers marketinqin hər aspekti üzrə keyfiyyətli məzmun təqdim edən ən yaxşı marketinq bloqlarından biridir. Siz burada, yüksək səviyyəli growth hacking məsləhətləri ilə hər hansı bir sektordakı şirkəti qısa zamanda yüksək dərəcədə inkişaf etdirməyə nail ola bilərsiniz.
2. Noah Kagan’ın Bloqu
Sumo Group’un marketinq sahəsində ən böyük işçilərindən biri kimi tanınan Noah Kagan, biznesin uğuruna yönəlmiş keyfiyyətli məzmunlar paylaşır. Effektiv strategiyalar, anlayışlar, videolar, inkişaf üçün təkliflər və s. paylaşmaqla growth marketinq ilə bağlı yeni, maraqlı məlumatları kəşf etmək üçün bu bloqu izləyin.
3. Drift
Çox geniş sahədə mövzuları əhatə edən Drift, biznesinizi yüksək səviyyəyə qaldırmaq üçün hər cür rəqəmsal marketinq alətlərindən istifadə ilə bağlı praktiki məsləhətlər təklif edən bloqa sahibdir. Bundan əlavə, real şəkillər, öz müştərilərinin uğur hekayələri və nümunə araşdırmaları ilə bütün bloqu daha da cəlbedici edirlər.
4. Grow and Convert
Grow and Convert, böyüməyə meylli kontent marketoloqlar üçün möhtəşəm bloqdur. Bloq 6 ay ərzində izləyicilərini aylıq 100.000-ə çatdırmaq üçün iddialı bir məqsədlə fəaliyyətə başlayıb. Bu yolda onlar uğura çatmaqlarını və etdikləri səhvləri kontent marketinqinin böyüməsi ilə bağlı bloq yazılarında paylaşıblar.
5. Relevance
Relevance komandası inkişaf etməkdə olan marketoloqları e-mail, PR, SEO və məzmun strategiyaları ilə məlumatlandırmaq üçün ardıcıl olaraq yüksək səviyyəli bloq yazıları dərc edir. 300-dən çox ekspert yazar, akademiklər, rəhbərlər kompleks growth marketinq sahəsini idarə etmək üçün ən qabaqcıl strategiya və taktikalarla bloq yazıları hazırlayırlar.
6. Tuff
Tuff bloqunda growth marketinqə şəffaf bir yanaşma tətbiq edilərək SEO-dan TikTok-a qədər müxtəlif mövzularda yazılar tapa bilərsiniz. Hər bloq yazısı öz sektorunun ekspertlərindən biri tərəfindən yazılır. Bütün gününü yazdıqları sahədə işləməyə sərf edən xüsusi peşəkarların düşüncələrindən birbaşa olaraq ən yaxşı growth marketinq təcrübələrini bloqu izləyərək əldə edəcəksiniz.
7. Growth Mentor
Growth Mentor, öz sahələrində sübut edilmiş təcrübəyə malik startup və marketinq mentorlarının seçilmiş platformasıdır. Komanda ardıcıl olaraq bloqda öz düşüncə və məsləhətlərini, growth marketinq məqalələrini paylaşırlar. Bloq yazılarının çox hissəsi growth marketinq haqqındadır.
8. Growth Media
Growth Media, SaaS və e-ticarət bizneslərinin sürətlə genişlənməsinə kömək edən və gəlir əldə etməyə yönəlmiş bir agentlikdir. Bloqlarında sürətli böyüməni təmin etmək üçün istifadə etdikləri strategiyaları, backlink strategiyasından tutmuş dönüşüm nisbətinin optimallaşdırılmasına qədər hər şeyi əhatə edən məqalələri bölüşürlər.
PPC Marketinq Bloqları
PPC üzrə marketoloq olaraq, ödənişli axtarış motoru reklamları üzrə ən son xəbərlər və dəyişikliklərdən xəbərdar olmalısınız. Təcrübəli olmağınızdan və ya bu sahəyə yeni başlamağınızdan asılı olmayaraq PPC Marketinq bloqları, bu sektorun yeniliklərini öyrənmək üçün əla vasitələrdir. Bloqlar sayəsində nəinki qarşıdan gələn PPC platforma dəyişiklikləri barədə məlumat alacaqsınız, həm də öz kampaniyalarınızda test etmək üçün maraqlı yanaşmalar və ideyalara sahib olacaqsınız.
PPC Marketinq ilə ROI-nizi artırmağınıza kömək məqsədilə sizə çox sayda məsləhət və fikirlərlə dolu ən yaxşı bloqları tapmaq uğrunda geniş araşdırma etdim. Çox güman ki, bəziləri haqqında məlumatınız var, amma düşünürəm ki, eşitmədiyiniz bloqlar da siyahıda yer alıb.
1. PPC Hero
PPC strategiyalarına, istifadəçi yönümlü araşdırmalara və xəbərlərə diqqət yetirərək, PPC Hero, PPC reklamları ilə bağlı öz araşdırmaları, təcrübələr, məsləhətlər və strategiyalar üzrə ən yaxşı məlumatları özündə birləşdirir. PPC Marketinq təlimatlarından tutmuş professional təklif avtomatlaşdırma üsullarına qədər hər şeyi və daha çoxunu bu bloqu izləməklə öyrənə biləcəksiniz.
2. Google Ads Blog
Google Ads platforması, şübhəsiz ki, ən tanınmış PPC Reklam şəbəkəsidir. Buna görə də, onların bloqunun PPC strategiyalarında ən son yenilikləri özündə əks etdirən zəngin məlumat mərkəzi olması təəccüblü deyil. Trendlər və dataya əsaslanan məlumat üzrə istifadəçi fikirləri, eləcə də marketinq strategiyaları və yanaşmaları əldə etməyin optimal yolu olan bu bloqu mütləq şəkildə izləyin.
3. WordStream
WordStream bloqu PPC marketinq ilə bağlı geniş çeşidli böyük həcmli məlumatları özündə birləşdirir. Bu PPC Marketinq Bloqu bütün yazılarını texnoloji terminlərlə deyil, sadə dildə təqdim edir. Bloqda əsasən mobil reklam, axtarış marketinqi, kontent marketinq və digər marketinq aspektləri haqqında məqalələr yer alıb.
4. Search Engine Watch
Search Engine Watch, hələ PPC termini ortaya çıxmamışdan əvvəl yaranıb. Bloq yazılarının paylaşım tezliyi qeyri-dəqiq olsa da, uğurlu PPC kampaniyasının aparılması ilə bağlı məsləhətlər və təcrübələr ilə zəngindir.
5. PPC Protect
PPC Protect bloq yazıları sayəsində, reklamlarınızı redaktə etməklə və müxtəlif variasiyaları sınaqdan keçirməklə kliklərinizi, dönüşümlərinizi və ROI-nizi artıra biləcəksiniz. Bundan əlavə, PPC Marketinq kampaniyalarınızda klik saxtakarlığını azaltmağınıza kömək edəcək kifayət qədər bloq yazısı mövcuddur.
6. Search Engine Land
Maraqlı məqalələri və məsləhətləri ilə tanınan Search Engine Land bloqu, rəqəmsal marketinq və axtarış motoru marketinqinin bütün aspektlərini əhatə edir. Bir neçə kateqoriyada olan bu marketinq bloqu ilə nəinki ppc kampaniyalarınızı təkmilləşdirməyi öyrənəcəksiniz, həm də çoxlu faydalı məsləhətlər kəşf edəcəksiniz.
Search Engine Land həmçinin Google-un axtarış sistemindəki ən son dəyişiklikləri əhatə edən əla SEO və SEM kateqoriyalarına da malikdir. PPC və Google axtarışı bir-biri ilə sıx əlaqəli olduğundan, axtarış motoru yeniləmələrindən xəbərdar olmaq da həqiqətən faydalıdır. Çoxlu yüksək keyfiyyətli məqalələrlə biliklərinizi təkmilləşdirmək üçün əladır.
7. KlientBoost
Yeni PPC strategiyaları haqqında nələrsə öyrənməyə gəldikdə, heç bir şey peşəkarlardan öyrənməkdən üstün ola bilməz. KlientBoost-un komandası yüzlərlə müştərinin PPC hesabını idarə edir, onların ən yaxşı nəticələr əldə etməsini və bütün platformalarda yüksək dərəcədə ROI əldə etmələrini təmin edirlər.
Ən yaxşısı odur ki, bloqa göz atsanız, onlar sizə öz PPC kampaniyalarınızı necə təkmilləşdirməyə dair çoxlu məsləhətlər və tövsiyələr verəcəklərini görəcəksiniz. Google Reklamlarından Facebook Reklamlarına və daha çox məqalələrlə dolu olan bu bloqda hər kəsə maraqlı gələcək çoxlu orijinal və yaxşı düşünülmüş məqalələr var.
Çox sayda real təcrübələr haqqında məqalələr, rəqəmsal marketinq məsləhətləri və dərsliklər ilə KlientBoost bloqu özünü inkişaf etdirmək istəyən hər bir rəqəmsal marketoloq üçün əvəzedilməz mənbədir.
8. iSpionage
iSpionage Bloqu – SEO, Google Ads və digər PPC kampaniyalarını öz rəqiblərinin məlumatlarından istifadə edərək tez optimallaşdırmaq üçün dəyərli fikirlər və strategiyalar təklif edir. Həmçinin, bu bloq PPC marketoloqlar üçün dəyərli axtarış motoru marketinqi anlayışları təklif edir və rəqabətədavamlı PPC araşdırmasından tutmuş dönüşüm nisbətinin optimallaşdırılmasına qədər müxtəlif mövzuları əhatə edir.
9. Adzooma
Adzooma bloqunda PPC marketinqinin üstünlüklərindən tutmuş ən yaxşı PPC marketinq strategiyalarına dair tövsiyələr və cəmiyyətdəki ən son xəbərlərə qədər hər şeyi tapa bilərsiniz. Bloqda həm mövcud təcrübələrin, həm də yeni konsepsiyaların araşdırması zamanı PPC marketinqi ilə bağlı daha çox şeyin olduğunu görəcəksiniz.
SMM – Sosial Media Marketinq Bloqları
Əksər sektorda olduğu kimi, sosial media dünyası da çox sürətlə inkişaf edir, hər gün dəyişikliklər və yeniləmələr baş verir, yeni platformalar yayılır, istifadəçilər artır və daima yeni strategiya və taktikalar hazırlanır.
Sosial şəbəkələrlə biznesinizi inkişaf etdirərkən hər şeydən xəbərdar olmaq, xəbərləri, ən yaxşı istifadəçi təcrübələrini və gələcək tendensiyaları izləmək ilk iş olmalıdır. Hər kəsdən bir addım öndə qalmağın ən yaxşı yollarından biri SMM, yəni sosial media marketinq sahəsi haqqında ən vacib xəbərləri və fikirləri çatdıran bloqları izləməkdir. Hər zaman zirvədə qalmaq üçün izləməli olduğunuz ən yaxşı bloqlara göz mütləq göz atın.
1. Social Media Today
Siyahıdakı ilk yeri sosial media ilə bağlı hər şeyi əhatə edən xəbər və bloq platforması olan Social Media Today tutur. Sosial şəbəkələr haqqında ən son xəbərlər, yeniliklər və populyar trendləri bu bloqdan izləyə bilərsiniz.
2. Sosial Media Examiner
Sosial Media Examiner, sosial şəbəkələrin daim dəyişən dünyasında yolunuzu tapmağa kömək etmək missiyası ilə dünyanın ən böyük sosial media marketinq qaynağı kimi təsvir edilən, sosial media haqqında unikal fikirləri təqdim edərək həqiqətən sevilən maraqlı bir bloqdur.
3. Hopper HQ Blog
Hopper HQ bloqunda bütün sosial media kanalları haqqında məsləhətlər, tövsiyələr, ən yaxşı istifadəçi təcrübələri olan yüzlərlə paylaşım var.
4. HubSpot Marketing Blog
Hubspot, sosial mediada inkişaf etmək və əlaqələrini artırmaq istəyən rəqəmsal marketoloqlar üçün fantastik bloqa sahibdir. Hubspot’un marketinq bloqu rəqəmsal marketinq, satış və müştəri xidməti ilə bağlı tövsiyələr verir ki, bunların hamısı sosial media strategiyanızı hazırlayan zaman sizə kömək edəcək.
5. SocialMedia.Biz
SocialMedia.Biz bloqu sosial mediada inkişafınızı təkmilləşdirmək üçün möhtəşəm sosial media xəbərləri, tövsiyə və təlimatların fantastik mənbəyidir. Həmçinin SEO, Biznes və Marketinqlə bağlı paylaşımlara da yer verilir.
6. Jon Loomer’in Bloqu
Əsasən, Facebook-da tanınırlığını artırmaq istəyən hər kəs rəqəmsal marketoloq Jon Loomer‘in bloquna göz atmalıdır. Professional Facebook Marketoloqları üçün nəzərdə tutulmuş Jon Loomers-in facebook marketinq bloqu çox sayda təlim, dərs vəsaitləri və Facebook marketinqinizi inkişaf etdirməyə kömək edəcək resursları özündə birləşdirir.
7. Gary Vaynerchuck’un Bloqu
Çoxumuz Gary Vaynerchuck haqqında eşitmişik, bəs onun bloqu olduğunu bilirdinizmi? Onun SMM bloqu sosial mediada sizə kömək etmək üçün videolar, podkastlar və məqalələr daxil olmaqla güclü məzmunlara sahibdir.
8. Peg Fitzpatrick’un Bloqu
Peg Fitzpatrick sosial media sənayesində natiq, təlimçi və müəllifdir, “İstifadəçilər üçün Sosial Medianın Güc Məsləhətləri İncəsənəti” kitabını dərc edərək, bloqunda faydalı məqalələr və təlimatlar paylaşır. Instagram, Pinterest və Twitter daxil olmaqla bir çox platformada dəyərli fikirlər və məsləhətləri bu bloqdan tapa bilərsiniz.
Sosial media kanallarını idarə etdiyiniz zaman PR kalendara ehtiyacınız olacaq. Bu səbəbdən SMM Təqvimi ilə postlarınızı uyğun günlər üzrə öncədən hazırlaya biləcəksiniz.
E-ticarət Marketinqi üzrə Bloqlar
Təəccüblü deyil ki, sahibkarların öz bizneslərini açmağa və inkişaf etdirməyə imkan verən çoxlu alətlər, resurslar və məzmunlar o qədər çoxdur ki, onları daimi izləmək çətin ola bilir.
Biznesinizi inkişaf etdirmək üçün hər hansı bir e-ticarət platformasından istifadə edirsinizsə, çox güman ki, həmin platformanın öz marketinq bloqu var. İlk olaraq həmin bloqdan başlayın, çünki həmin platformanın bloq yazıları, məhsul və xüsusiyyətlərindən maksimum yararlanmağınıza kömək etmək üçün ən uyğun resurslardan biridir.
Bundan əlavə, texniki incəlikdən tutmuş real təcrübələrə qədər e-ticarət sektorunda sizi məlumatlandırmaq, öyrətmək və ruhlandırmaq üçün çox sayda marketinq bloqları var. Bu resurların arasından ən önəmli olan 9 möhtəşəm e-ticarət üzrə marketinq bloqu aşağıda sıralanıb.
1. Beeketing
Beeketing-in e-ticarət bloqu müxtəlif mövzuları əhatə edir və bu şirkət marketinq avtomatlaşdırılması üzrə həllər təqdim etməklə məşhurdur. Bloqda e-mail marketinqi, dönüşüm (İng: conversion) optimallaşdırılması, uğurlu müştəri təcrübələri və sosial marketinq üzrə praktiki təlimatları görə bilərsiniz. Məqalələrində bəhs edilmiş Böyümə Hekayələri müvəffəqiyyəti sübut edilmiş böyük brendlər haqqındadır – biznesinizi inkişaf etdirməyə kömək edəcək ilham və məsləhətlər üçün əla mənbədir.
2. Yotpo
Yotpo bloqunda istifadəçi tərəfindən yaradılan kontent marketinqi (yəni, müştərilər tərəfindən hazırlanmış məzmun, o cümlədən rəylər, videolar və s.) vasitəsilə müştəri loyallığı və qarşılıqlı əlaqə dərəcəsini (İng: Engagement rate) yüksəltmək üzrə məsləhətlər paylaşılır.
Müştəri rəyləri və yüksək dəyərləndirmələr almaq, brendin cəlbediciliyini artıran kampaniyalar qurmaq və brendlər üçün davamlı olaraq təlimatlar yaratmaq da bloq yazılarına daxildir. Həmçinin, biznes sahiblərinə trendlərdən xəbərdar olmağa kömək etmək üçün ən son e-ticarət məlumatlarını və sektorların hesabatlarını da paylaşırlar.
3. Nosto
Nosto bloqu böyük ticarətçiləri hədəf alan müştərilərin seqmentasiyası, müştəri məlumatları haqqında düşüncələri, qabaqcıl hədəfləmə imkanları və həm müştəri təcrübəsini, həm də satışları artırmaq üçün fərdiləşdirmədən istifadə edən bir çox başqa mövzularda ixtisaslaşır.
4. BigCommerce
Elektron ticarətdə ən son yenilikləri təqdim edən BigCommerce bloqunu mütləq oxumağa dəyər. Əgər siz e-ticarət biznesinizi inkişaf etdirmək istəyirsinizsə, bu bloqun yazıları biznesinizi yüksək formada inkişaf etdirməyə kömək edəcək. Digər bloqlardan bir qədər daha çox texniki məqalələri var, lakin şübhəsiz ki, mövzu ilə bağlı dərin araşdırmalar və tövsiyələr də bölüşürlər.
5. A Better Lemonade Stand
Əgər siz e-ticarətə yeni başlamış sahibkarsınızsa və ya bu sahədə marketinq işlərini həyata keçirirsinizsə, bu bloqu bəyənəcəksiniz. Elektron ticarət sektorunda fəaliyyət göstərən önəmli şəxslər tərəfindən idarə olunan A Better Lemonade Stand uğurlu e-ticarət biznesi qurmaq üçün lazım olan hər şeyi öyrənmək üçün unikaldır.
Bu bloq sizi ən son trendlər haqqında məlumatlandıracaq, həm də e-ticarətlə daha dərindən tanış olmağınız üçün və biznes qərarlarınızın hər birini asanlaşdırmağa kömək edəcək ətraflı məqalələr, videolar, dərin araşdırmaları tapa bilərsiniz.
6. eCommerce Training Academy-nin Bloqu
E-ticarət biznesinizi sıfırdan inkişaf etdirmək üçün düzgün taktikaları özündə birləşdirən eCommerce Training Academy‘nin bloqu, e-ticarətlə məşğul olan istənilən şəxs üçün effektiv məsləhətlər və strategiyaları özündə birləşdirir. Bloq yazılarının hamısı eyni şəxs tərəfindən yazılsa da, çoxlu marketinq mövzularını əhatə edir və mütləq göz atmağa dəyər.
7. Oberlo blog
Əsasən dropshipping ilə məşğul olanlar üçün Oberlo bloqu, bu sahədəki ən etibarlı və informativ resurslardan biridir. Digər e-ticarət bizneslərindən fərqli olaraq, dropshipping-də trend olan məhsullar, sosial media reklamları və dönüşüm optimallaşdırılması haqqında mütəmadi olaraq yenilənən fikirləri bu bloqdan tapa biləcəksiniz.
8. Smile.io
Smile.io onlayn mağaza sahiblərinə müştərilərin əldə saxlanmasını maksimum dərəcədə artırmağı və ilk dəfə alıcıları sadiq müştərilərə çevirməyi öyrədir. Smile.io’nun E-ticarət bloqu: loyallıq, müştəri müraciətləri, hədiyyələr və psixologiya ilə bağlı geniş mövzuları əhatə edir. Bloq yazılarında mükafat proqramı strategiyaları və sahibkarların eyni uğuru təkrarlamaq üçün istifadə edə biləcəyi real nümunələr haqqında məlumatlar yer alıb.
9. E-Commerce Nation
E-Commerce Nation beynəlxalq miqyasda e-ticarət biznesi sahiblərinə kömək etməyə həsr olunmuş əməkdaşlıq icmasıdır. Bloqlarında e-ticarətlə bağlı demək olar ki, hər şey haqqında, o cümlədən mağaza quraşdırma, logistika, onlayn marketinq, konversiya (Az: dönüşüm) üzrə həllər və araşdırmaları haqqında paylaşımlar edirlər.
E-Commerce Nation bloqu infoqrafika, vebinarlar, canlı müsahibələr və podkastlar kimi kontentlər paylaşmaq üçün təcrübəli mütəxəssislər ilə əməkdaşlıq edir.
SEO – Axtarış Motoru üzrə Marketinq Bloqları
İstər mükəmməl SEO mütəxəssisi olsanız, istərsə də axtarış motoru optimallaşdırmasına yeni başlayan biri, veb saytınızın sıralamalarda reytinqini yaxşılaşdırmaq üçün həmişə öyrənəcəyiniz və tətbiq edəcəyiniz yeniliklər daima olur.
SEO üzrə trendləri və real həllər üzrə təcrübələrin paylaşıldığı mənbələri tapmağa çalışmaq çox zaman çətindir. Ən son məlumatları öyrənmək üçün Axtarış Motoru üzrə marketinq bloqları köməyimizə çatır. Dəyərli SEO xəbərlərini, şəxsi yanaşmaları, trendləri və real təcrübələri, sizin üçün sıraladığım SEO bloqlarından izləyə biləriniz.
1. Search Engine Land
Rəqəmsal marketinq çox sürətli dəyişir və bu yenilikləri davamlı olaraq izləmək demək olar ki, mümkünsüz görünə bilər. Xoşbəxtlikdən, Search Engine Land, rəqəmsal marketinqlə bağlı ən son tendensiyaları, axtarış motorlarında alqortim dəyişiklikləri və ən son yenilikləri 24/7 bloqlarında paylaşırlar. Bloq yazarları davamlı məlumat və xəbərlər dərc edir, həmçinin, rəqəmsal marketinq sektorunda tanınmış şəxslərin də tövsiyələrini bu bloqu izləyərək oxuya bilərsiniz.
2. Ahrefs Bloqu
Hərtərəfli backlink indeksi ilə tanınan Ahrefs bloqu səhifə sürətinin yaxşılaşdırılması kimi texniki SEO haqqında faydalı məlumatlar paylaşır. Bloqda SEO-nun qabaqcıl aspektlərini tərk etmədən, açar söz araşdırması və saytdaxili link strukturu qurmaq kimi mövzularda çox sayda məqalələr tapa bilərsiniz.
3. Moz Bloqu
2004-cü ildə Rand Fishkin və Gillian Muessig tərəfindən təsis edilən Moz Bloqu onlayn marketinqin müxtəlif aspektlərini özündə birləşdirən məlumat mənbəyidir, lakin əsas diqqət mərkəzi təbii ki, SEO-dur. Bloqlarında SEO ilə bağlı maraqlı xəbərlər yer alır, lakin əsas məqalələrində lokal SEO-nu təkmilləşdirmək üçün daha çox təlimatlar və resurslara diqqət yetirirlər.
4. Search Engine Journal
SEO və onlayn marketinqə həsr olunmuş xəbərlər, təlimatlar və tövsiyələrlə Search Engine Journal, SEO-da yenicə irəliləməyə başlayan şəxslər və biznes sahibləri üçün nəzərdə tutulmuş geniş məqalələrin paylaşıldığı bloqdur.
5. Search Engine Watch
Search Engine Watch ilk veb axtarış motorları çıxandan bəri texniki SEO haqqında məqalələr paylaşır. Bununla belə, hələ də kontent marketinq, sosial media və e-ticarətlə əlaqəli digər mövzuları əhatə edirlər. Bu axtarış motoru üzrə marketinq bloqu, Google alqoritm yeniləmələri haqqında məqalələr tapmaq və ya SEO-nu təkmilləşdirmək üçün axtardığınız mövzlarda məlumatlar tapmağı olduqca asanlaşdırır.
6. Search Engine Roundtable
Search Engine Roundtable, axtarış motorları marketinq forumlarında ən maraqlı və vacib mövzulardan bəzilərinin seçilmiş mənbəyidir. Forumlar kimi, söhbətlər və danışıqlar arxasında baş verən xəbərləri izləməkdə maraqlısınızsa, bu saytda vaxt keçirməyi xoşlayacaqsınız.
7. Yoast
WordPress veb saytınız varsa, yəqin ki, səhifələrinizi optimallaşdırmağa imkan verən SEO plugini Yoast haqqında məlumatınız var. Bu plugin sizə bünövrə versə də, yüksək keyfiyyətdə hazırlanmış axtarış motoru üzrə marketinq bloqu həm Texniki, həm də Kontent SEO haqqında faydalı məlumatları, həmçinin analitikanı necə oxumaq, e-ticarət saytınızı optimallaşdırmaq və WordPress-dən maksimum yararlanmaq ilə SEO-nu tətbiq etməyə kömək edir. Hər kəs üçün faydalı məlumatlar olsa da, Yoast xüsusi olaraq yeni başlayanlar və ya güclü SEO təməli olmayanlar üçün nəzərdə tutulub.
8. The Raven Blog
Peşəkar rəqəmsal marketoloqlar üçün tövsiyələr, professional istifadəçilər və yeni başlayanlar üçün SEO və kontent marketinq üçün təlimatlarla The Raven Bloqu geniş məlumatları əhatə edir və demək olar ki, hər kəs üçün dəyərlidir. Üstəlik, məqalələr çox uzun və ya texniki jarqonla dolu olmadan hərtərəfli və məlumatlıdır.
9. Searchmetrics Blog
Searchmetrics‘in bloqu 100 faiz SEO dəyərinə malikdir, buna görə də texniki, məzmuna əsaslanan və ya Google ilə bağlı yenilənmələr axtarırsınızsa, yəqin ki, axtarış edərkən belə bu bloqu görmüsünüz. Məqalələri xüsusi mövzuları dərindən izah edir və yeni başlayanlar şəxslər üçün “necə edilməli” materialları olsa da, bir çox professional səviyyəli məqalələri də var.
Kopiraytinq üzrə Bloqlar
Yaxşı yazılmış məzmun diqqəti cəlb etmək, auditoriyanı cəlb etmək və dönüşümlərə (conversions) nail olmaq üçün vacibdir. Ancaq kopirayterliklə məşğul olmusunuzsa, yaxşı məzmun yazmağın asan bir iş olmadığını bilirsiniz. İnsanlarda maraq oyadan və dönüşüm yaradan yüksək səviyyəli məzmunlar yazmaq, xüsusi istedat tələb edir.
İstər marketinq reklam kampaniyası hazırlayarkən, istər veb sayt səhifələri üçün məzmun hazırlayərkən, istərsə də yüksək təbəqəli müştərilərlə işləməyə çalışmağınızdan asılı olmayaraq, kopirayterlik bacarıqlarınızı necə kəskinləşdirməyi öyrənməlisiniz. Bunu edə biləcəyiniz ən yaxşı yol isə, davamlı olaraq bu işi mükəmməl bilən kopirayterlərin məzmunlar paylaşdığı marketinq bloqları oxumaqdır.
Xoşbəxtlikdən, internet kopirayterlik sahəsində cığır açan modern yazarlara qədər hər kəsdən öyrənə biləcəyimiz çox sayda kopirayterə sahib olmağımıza şərait yaradıb. Bu səbəbdən, marketinq sahəsi üzrə kopirayterlik və ya mətn yazarlığının sirrlərini öyrənmək üçün izləməniz gərəkən ən yaxşı kopirayterlik bloqları bir araya gətirdim.
1. Copy Hackers
Copy Hackers şirkətlərə kopirayterlik sənətini öyrədən yüzlərlə pulsuz dəyərli resursdan ibarət bloqa malikdir ki, istənilən şirkət və marketoloq daha inandırıcı hazırlayacaqları mətnlər vasitəsilə daha yaxşı satış edə bilsin.
Əgər siz bloggersinizsə, bu bloqdakı başlıqlara diqqət yetirin – daha uzun başlıqlar yaza bilsələr də, daha çox klik əldə etmək üçün cəlbedici qısa başlıqlardan istifadə ediblər.
2. Copyblogger
Copyblogger bloqunun məqsədi kopirayterlərə internetdə məqalə və s. yerləşdirmək üçün kopiraytinqin əsas ölçülərini öyrətməkdir. Orijinal və müasir məqalələrlə Copyblogger, blogunuza daha yaxşı trafik çəkə bilməniz üçün marketinq və SEO məqsədləri üçün uyğun olan auditoriyaya yönəlmiş məqalələrin yazılması ilə bağlı məsləhətlər paylaşır.
3. ABC Copywriting
ABC Copywriting bloqu kopirayterlik bacarıqlarını təkmilləşdirmək, hekayələrini güclü və cəlbedici etmək üçün düzgün sözləri tapmaq istəyənlər üçündür. İstənilən marketinq strategiyası üçün düzgün sözləri tapmağa kömək edəcək orijinal məsləhətlərlə yanaşı məlumatlandırıcı məqalələr və dərsliklər də bu saytda yer alıb.
4. Ben Settle’in Bloqu
Ben Settle e-mail kopiraytinqində dünya lideridir. Bəziləri hətta onu “e-mail copywriter” şairi adlandırırlar. O, e-mail marketinqi vasitəsilə satış əldə etmək üzrə ixtisaslaşmışdır. Bloq yazılarında məqalələrində “fikirlərinizi necə çatdırmaq olar?” haqqında unikal və cazibədar üsulları vurğulayır.
5. John Carlton’un Bloqu
“İnternetdəki ən fırıldaqçı yazar” və “Yaşayan ən hörmətli yazı müəllimi” John Carlton kopirayter əfsanələrindən biridir.
Hətta satış mesajlarını yazarkən sərbəst şəkildə ona əsas mentor kimi müraciət edən aparıcı marketoloqların sayı kifayət qədərdir. John Carlton’un bloqu sizə tövsiyələr, məsləhətlər və sərt yumorla seçilən açıqlayıcı məqalələr təqdim edir.
Bloqdakı hər bir məqaləsi birbaşa olaraq özü trəfindən yazılıb. Uzun müddətdir ki, paylaşılmış hər bir məqaləsini oxumanız məsləhətdir.
6. Honey Copy
Təsdiqlənmiş üsullar və yazı qaydaları biznesinizə satış etməyə kömək edə bilər, lakin kreativ yanaşmalar isə oxucularınızın diqqətini çəkir və onlarla uzunmüddətli qarşılıqlı əlaqə qurmağınıza kömək edir.
Honey Copy şirkətinin yaradıcısı Cole Schafer, reklam üçün ənənəvi kopiraytinq qaydalarını ağıllı və əyləncəli şəkildə pozur. Bloqunda da kreativ yanaşmalarla satış etməyi öyrənəcək, güclü və satirik dərəcədə ağıllı kopirayterlik yanaşmasından ilham alacaqsınız.
7. Writing Revolt
Bir çox frilanserlər və bizneslər mürəkkəb və peşəkar görünməyə çalışsalar da çox vaxt onlar sadəcə olaraq monoton danışırlar. Bu, oxucularınızla əlaqə qura bilməmək deməkdir. Writing Revolt sözləri daha cəlbedici, bir-biri ilə əlaqəli və yadda qalan etmək üçün danışıq üslubundan istifadə edən bloqdur.
Məqalələri brendinizdə imic yaratmaq üçün unikaldır, perspektivinizi və şifahi üslubunuzu ortaya çıxarmağa kömək edəcək. Bundan əlavə bloq, portfiliosunu böyütmək istəyən frilans kopirayterlər üçün ilham və taktika xəzinəsidir.
8. Make A Living Writing
Make A Living Writing – frilans kopireyterlər üçün praktiki yardım göstərən bloqdur. Frilans kopirayterlərin inkişaf etməsinə və sərbəst yazmağı tam zamanlı karyeraya çevirməsinə kömək etmək üçün mövcud məsləhətlər və dəyərli resurslarla dolu minlərlə bloq yazısı var. Bloq, evdən gəlirli sərbəst “freelancing” işini necə başlamaqdan tutmuş hər şeyi əhatə edir.
9. The Well-Fed Writer
The Well-Fed Writer kopirayterlikdə, xüsusən də kommersiya üzrə kopirayterlikdə uğur qazanmaq üçün məsləhətlər və təlimatlar paylaşır. Mükəmməl ideyadan paylaşıma hazır reklam çarxına qədər biznesinizin mütləq kommersiya kopirayterinə ehtiyacı olacaq. Kommersiya kopiraytinqi əyləncə üçün deyil, əsasən satış əldə etmək üçün nəzərdə tutulub.
Peter Bowerman, qlobal miqyasda kommersiya frilanserlərinin hekayələrini paylaşmaq üçün The Well-Fed Writer-i yaradıb. Bloq, əsasən gəlir gətirən yazı konseptlərini necə qurmağın və yaxşı kompensasiyalı kopirayter olmağın yollarını və strategiyalarını araşdırır.
10. Grammarly
Əgər ingilis dilində nələrsə yazırsınızsa güman ki, Grammarly-dən istifadə etmisiniz. Grammarly bloqunda isə qrammatik səhvlər və ya düzəlişlərdən əlavə olaraq sənəd nümunələri, sözlərin harada daha düzgün işlənməsi, yazıları oxuyan şəxslərlə necə düzgün kommunikasiya qurula biləcəyi haqqında çox geniş məlmatla yer alıb. Bu bloq ilə müxtəlif mövzular üzrə yazı bacarıqlarınızı və yanaşmalarınızı ikişaf etdirəcəksiniz.