SMM Strategiyası Nədir və Necə Hazırlanır?

Hazırki dövrdə güclü sosial media varlığına malik olmaq bütün bizneslər üçün vacibdir. Facebook, Instagram, TikTok və LinkedIn kimi platformalarla qarşılıqlı əlaqədə olan milyonlarla istifadəçi ilə sosial media hədəf auditoriyanızla əlaqə yaratmaq və brend tanınırlığınızı artırmaq üçün unikal fürsət təqdim edir. Daim inkişaf edən sosial media platformaları və alqoritmlərlə bir addım öndə olmaq və rəqiblərinizdən üstün ola biləcək SMM Strategiyası hazırlamaq çox vacibdir.

SMM Strategiyası Nədir və Necə Hazırlanır

Uğurlu SMM Strategiyası yaratmaq diqqətli planlaşdırma, araşdırma və həyata keçirmə tələb edir. Bu məqalədə uğurlu sosial media marketinq strategiyası yaradılması prosesi ilə bağlı geniş məlumat əldə edəcəksiniz ki, bu da şirkətinizin aktuallığını qorumağı, auditoriya cəlb etməyi və biznes məqsədlərinizə çatmağınızı təmin edir.

SMM Strategiyası Nədir?

SMM Strategiyası müxtəlif sosial media kanalları və kontent növləri vasitəsilə brend tanınırlığını artıran, qarşılıqlı əlaqə dərəcələrini artıran və veb sayta trafik çəkə bilən fəaliyyətlərin planlanmış toplusudur.

Düzgün hazırlanmış SMM Strategiyası olmayan şirkətlər gəlirlərini itirmək potensialına malikdir.

Bir çox şirkət sosial media kanallarında kontent paylaşmalı olduqlarını bilirlər. Bununla belə, onlar sosial media fəaliyyətləri ilə uğur əldə etmək üçün tələb olunan yaradıcılığın, ardıcıllığın və düzgün planlamanın nə dərəcədə əhəmiyyətli olduğunun fərqində deyillər.

Sosial media marketinq dünyasında dəqiq məqsədi olmayan hər-hansı bir fəaliyyət heç bir fayda verməyəcək. Bütün şirkətlər düzgün hazırlanmış SMM Strategiyası yaratmalı, həyata keçirməli və sosial hesablarını düşünülmüş və d’y’r yaradacaq şəkildə idarə etməlidirlər.

💻 SMMSMM Menecer Anlayışlarına Hakim Olun.

SMM Strategiyası Nə Üçün Vacibdir?

Hər-hansı biznesin onlayn platformalarda üzləşdiyi əsas 3 problemə: hədəf auditoriyaya çatmaq, ROI-ni (investisiya gəlirliliyi) ölçmək və biznes məqsədlərinə çatmaq daxildir.

Hərtərəfli SMM strategiyası yaratmaq bu məqsədlərə çatmağa kömək edir. SMM strategiyaları həmçinin sizə əldə edilə bilən məqsədlərə çatmaqda, qarşılaşa biləcəyiniz maneələri təyin etməyə, performansa nəzarət etməyə və zamanla taktikalarınızı dəyişməyə imkan verir.

SMM strategiyası reklam kampaniyalarınızı əvvəlcədən planlaşdırmaqla vaxtınıza qənaət edəcək və bütün sosial media marketinq kanallarınızda ardıcıl olaraq güclü rəqəmsal varlıq yaratmağınıza kömək edəcək.

SMM strategiyasına sahib olmağınız sizə üstünlük verəcək:

  • Brend tanınırlığını artırmaq və hər bir sosial media platformasında yeni auditoriyaya çatmaq
  • Müştəri loyallığı qazanmaq
  • Proaktiv müştəri dəstəyi təmin etmək
  • Potensial müştəri yaratmaq və potensial müştəriləri satışa çevirmək
  • Vaxta qənaət emək

Düzgün SMM strategiyası sosial media marketinq səyləriniz nəticəsində daha çox gəlir əldə etməyinizi təmin edəcək.

Bu sahədə axtarılan mütəxəssis olmaq üçün SMM Kursuna Qeydiyyatdan Keçin!

SMM Strategiyası Hazırlamaq Qaydası

SMM strategiyası yaratmaq çox çətin olmamalıdır. Bunu öncədən planlaşdırmaq və biznesinizi onlayn formalaşdırmaq üçün əla fürsətdir. Effektiv SMM Strategiyası yaratmaq üçün əsas 10 addımı nəzərdən keçirək:

1. Hədəf Auditoriyanızı Müəyyən Edin

Etməli olduğunuz ilk şey sosial mediada kimi hədəf aldığınızı müəyyən etməkdir. Bu, onları cəlb edəcək kontent yaratmağınıza kömək edəcək.

Hədəf auditoriyanızın təkcə istəklərini, ehtiyaclarını və problemlərini deyil, kim olduqlarını da nəzərə alın. Bir çox marketoloq hədəf auditoriyanızı təmsil edən bir neçə müştəri personası yaratmağı faydalı hesab edir.

Müştərilərinizi dörd və ya daha az qrupa bölün və hər bir qrupda ümumi oxşarlıqları müəyyənləşdirin. Aşağıdakıları daxil etdiyinizə əmin olun:

  • Demoqrafik göstəricilər: yaş, cins, iş yeri, əmək haqqı
  • Maraqlar: Onları hansı kontent növləri maraqlandırır?
  • Onların üstünlük verdiyi platforma: Facebook, Instagram, TikTok, LinkedIn və s.
  • Üstünlük verilən format: Onlar videolara baxmağa və ya mətnləri oxumağa daha çox meyllidirlər?

Bununla da müxtəlif məhsul və xidmətlərinizi satın ala biləcək müştəri personaları yarada biləcəksiniz. Hər bir persona üçün ayrı bir kontent strategiyası və ya ümumi kontent strategiyası yarada bilərsiniz.

🚀 Şirkətiniz üçün ümumi Marketinq Strategiyasının Hazırlanması Qaydası ilə Tanış Ol.

2. Xüsusi və Ölçülə bilən Məqsədlər Təyin Edin

Fəaliyyətinizi izləmək və ROI-nizi yüksəltmək üçün əvvəlcə sosial mediada fəaliyyətlərinizlə nələrə nail olmaq istədiyinizə qərar verməlisiniz. Bu tək bir hədəf ola bilər və ya bir neçə müxtəlif hədəfiniz ola bilər.

Seçdiyiniz hədəflər əsas üç meyara cavab verməlidir:

  1. Əldə edilə bilən olmalıdır
  2. Ölçülə bilən olmalıdır
  3. Brendinizə uyğun olmalıdır

Ən çox yayılmış sosial media marketinq məqsədlərindən bəziləri bunlardır:

  • Veb saytınıza trafikin artırılması
  • Yeni potensial müştərilərin yaradılması
  • Dönüşüm (qeydiyyat sayı, satışlar və s.)
  • Artan əlaqə dərəcəsi
  • Əlaqə yaradan potensial müştəri sayı

Kampaniyanızın effektivliyini izləyə bilmək üçün hədəfləriniz mümkün qədər konkret olmalı və sosial media kanallarında gerçəkləşə bilən olmalıdır.

3. Rəqib Araşdırması Edin

Tək sizin yox, rəqiblərinizin də düzgün qurulmuş SMM Strategiyası ola bilər. Bu səbbədən rəqiblərinizin sosial media hesablarını və paylaşdıqları kontentləri dərindən analiz edin. Bu şəkildə, auditoriyanızın hansı növ kontentləri bəyəndiyini və hansı kontentlərə daha çox maraqlanmadıqlarını anlaya biləcəksiniz.

Hansı sosial media platformalarının daha yaxşı işlədyini və hansılarda nəticələrin zəif olduğunu analiz edin. Bu, auditoriyanızın bir sosial media kanalından digərinə üstünlük verməsi ilə əlaqədardır, yoxsa rəqibləriniz fürsəti əldən verdiyi üçündür? Bu suala cavab tapmağa çalışın və SMM strategiyanızı bu yöndə qurun.

📊 Araşdırma və qərarvermə zamanı lazım olacaq SWOT Analizi metodunun necə işlədiyini öyrənin.

4. Hansı Platformalardan İstifadə Edəcəyinizə Qərar Verin

Rəqiblərinizin sosial media kanallarının auditi hədəflərinizə qarşı ən yüksək nəticə göstərən platformalarınızı seçməyə və əsas fəaliyyətinizi hara cəmləyəcəyinizə qərar verməyə kömək edəcək. Threads kimi yaranan hər yeni sosial media kanalında olmağınız düşüncəyə görə yaxşı görünə bilər, lakin 10-15 müxtəlif kanalda düzgün fəaliyyət göstərə bilməməkdənsə, iki və ya üç kanalda üstün olmaq məqsədəuyğundur.

SMM Strategiyası üçün ən yaxşı sosial media platformalarını seçərkən nəzərə alın:

  • Hədəf auditoriyanızın ən aktiv olduğu yer
  • Biznes məqsəd və hədəfləriniz
  • Məhsullarınızı tanıtmaq üçün ən asan platformalar
  • Kontentlərinizin ən yaxşı performans göstərdiyi platformalar

Biznesiniz üçün ən yaxşı platformaları seçdikdən sonra, hər biri üçün məqsədlərinizə çata biləcəyiniz strategiya yarada bilərsiniz.

5. Sosial Media Hesablarınızı Optimizasiya Edin

Kontentlərinizi hansı kanallarda yerləşdirəcəyinizi bildiyiniz üçün uyğun kanallarda səhifələr yaratmaq və ya optimizasiya etmək lazımdır. Bu səhifələr, rəqəmsal dünyada şirkətinizi əks etdirdiyi üçün hədəf auditoriyanızın ehtiyac duyduğu bütün məlumatları asan başa düşüləcək şəkildə daxil etmək vacibdir.

Şirkət adını, əlaqə məlumatlarını, varsa ünvanınız və istifadəçilərin bilmək istəyə biləcəyi digər bütün məlumatları əlavə etdiyinizdən əmin olun. Şirkətiniz haqqında qısa açıqlama mətni əlavə edin və hər bir izləyicinin bilməli olduğu əsas məlumatları özündə birləşdirən bir post paylaşaraq səhifənin yuxarısına sabitləyin (pin-ləmək nəzərdə tutulur).

5. Kontent Strategiyası Hazırlayın

Seçdiyiniz sosial media kanallarının hər birində yaradacağınız və paylaşacağınız kontent növü üçün plan hazırlayın. Yaradacağınız kontentlər platformadan və hədəflədiyiniz auditoriyadan asılı olaraq dəyişə bilər, ona görə də bütün potensial müştəri personalarınızı və bütün sosial media kanallarınızı əhatə edən kontent strategiyası yaratmaq vacibdir.

Kontent növlərinizi müəyyən etmək, post paylaşım cədvəli yaratmağı asanlaşdırır. Eyni zamanda isə, paylaşımların ardıcıllığının qorunmasını saxlayır. Əks təqdirdə, paylaşım etmək üçün hər gün araşdırma etmək və uyğun kontentlər hazırlamaqda çətinlik çəkəcəksiniz.

Yaradılması nisbətən asan olan kontent növləri ilə (istifadəçin dəyərləndirmələri, məhsul haqqında qısa informativ postlar və s.) SMM təqviminizi düzgün planlaşdıra və səhifələrinizi daim aktiv saxlaya bilərsiniz.

Hazırladığınız kontent növlərinə aşağıdakılar daxil ola bilər:

  • Xəbərlər: Sektorunuzda baş verənlər haqqında məlumat və ya trendlərə əsaslanan paylaşımlar
  • İlham Verici: İnsanların məhsullarınızı və ya xidmətlərinizi istifadə etmələri üçün motivasiya edici paylaşımlar
  • Maarifləndirmə: Statistika və faktlar əsasında məhsul və xidmətlərinizi vurğulayan paylaşımlar
  • Məhsul / tanıtım: Məhsullarınızdan istifadə edərək yüksək keyfiyyətli məhsul çəkilişləri, qısa və ya uzun videolar, məhsul xüsusiyyətləri əsas məqsədinizə çatmağınıza kömək edəcək. Bu kontentləri reklama yerləşdirə də bilərsiniz
  • Müsabiqələr: Müsabiqələr mövcud və ya yeni auditoriyanıza xitab edərək potensial müştəri yaratmaq üçün qısa və asan yoldur
  • Tövsiyələr: Məhsullarınız haqqında faydalı məlumatları əks etdirən paylaşımlar

Başlamaq üçün 3-4 əsas kontent növü təyin edin. Asan və çətin yaradıla bilən kontent növləri arasında balans yaradın. Çalışın ki, hər bir kontent növü aylar ərzində uyğun sayda istifadə edilsin.

📝 Kontent Marketinq haqqında geniş məlumat əldə et.

6. Kontent Kalendar Yaradın

Hər bir sosial media platformasında nə vaxt və hansı aralıqda paylaşım edəcəyinizə dair kontent paylaşım kalendarı hazırlayın. Bu, paylaşımları üzrə ardıcıllığı qorumağa və kontentin davamlı hazırlana bilməsinə kömək edəcək.

Kontent hazırlamağa çox sürətli başlamağa ehtiyac yoxdur. Rutininizi inkişaf etdirərkən hansı kontentlərin daha yaxşı nəticə verdiyini görəcəksiniz və bu yöndə strategiyanızı inkişaf etdirin.

Hər bir sosial media kanalının izləyicilərinin daha aktiv olduğu vaxtdan asılı olaraq fərqli ideal paylaşım vaxtı var. İdeal paylaşım vaxtını təyin etməyə haradan başlayacağınızdan əmin deyilsinizsə, günlük standart rutinlərə görə hərəkət edin: səhər, nahar zamanı, iş/universitetdən gediş-gəliş zamanı və ya yatmazdan əvvəl. Belə testlər edərək auditoriyanız üçün ən yaxşı paylaşım vaxtlarını tapa biləcəksiniz.

📅 Kontent paylaşımları üçün SMM Təqvimindən Mütləq İstifadə Edin.

Yaxşı olardı ki, ən azı bir həftə öncədən paylaşımlarınızı planlaşdırasınız. Bunu birdəfəyə edin və bir neçə saat ayırın ki, sosial media postlarınız özü avtomatik paylaşılarkən diqqətinizi başqa şeylərə yönəldə biləsiniz. Post paylaşımlarınızı planlaşdırarkən hər bir platformanın öz post planlama alətindən və ya Buffer, Sprout Social, Hootsuite kimi alətlərdən də istifadə edə bilərsiniz.

7. Əlaqə Dərəcəsini Yüksəldin

Auditoriyanızla aktiv şəkildə əlaqdə olmaq, şərhlərə və mesajlara cavab vermək və səhifənizi inkişaf etdirmək üçün strategiyalar hazırlayın. Boş-boşuna paylaşımlar etmək mənasızdır, buna görə də kontentiniz ətrafında qarşılıqlı əlaqəni təşviq etmək üçün səy göstərin.

Səhifələrinizdə izləyicilərinizlə əlaqə dərəcəsini yüksəltməyin əsas yolları bunlardır:

  • İstifadəçi paylaşımlarını yenidən paylaşın: Müştərilərinizin düşüncələrini, rəylərini sosial media stilistikanıza uyğun hazırlayaraq yenidən paylaşın
  • Suallar verin: Səhifələrinizdə müxtəlif mövzulara aid sullar verin və izləyicilərinizi cavab verməyə təşviq edin
  • Sorğular keçirin: Instagram, Facebook, LinkedIn kimi platformalarda potensial və real müştəriləriniz haqqında daha çox məlumat əldə etmək üçün istifadə edə biləcəyiniz sorğu funksiyasndan istifadə edin
  • Trendlərə ayaq uydurun: Ən son trendlərə qoşulun və bunun brendinizə və auditoriyanıza uyğun olduğuna əmin olun
  • Şərhlərə mütəmadi cavab verin: Paylaşımlarınıza yazılan şərhlərə cavab verməklə auditoriyanızı cəlb edin
  • Mem və Caps-lər paylaşın: Öz sektorunuza və ya trendlərə uyğun ola biləcək gülməli paylaşımlar edərək, interaksiya dərəcəsini artırın

Əlaqə dərəcəsini artırarkən istifadə edəcəyiniz paylaşımlarda brendinizin stilistikasından kənara çıxmayın.

8. İnfluencer Marketinqdən İstifadə Edin

Sektorunuz və ya məhsullarınıza uyğun influencerlərlə əməkdaşlıq etməyi düşünün. Onlar məhsul və xidmətlərinizi tanıyacaq insanların sayını artırmağa, brend tanınırlığını artırmağa təsir göstərir.

İnfluencer marketinqinə necə başlamaq olar:

  • Müvafiq influencerləri tapın: Hədəf auditoriyanıza malik influencerləri tapmaq üçün araşdırmalar edin. Onların populyar olduqları platformaları və bunun brendinizə necə təsir edəcəyini düşünün
  • Cəlbedici kontent haqqında düşünün: İzləyiciləri ilə rezonans doğuracaq kontent ideyaları hazırlamaq üçün influencerlər ilə birlikdə çalışın
  • İzləyin və optimizasiya edin: Movcud kontentlərin nə dərəcədə effektiv olduğunu analiz edin və gələcəkdə daha çox geri dönüş əldə edəcəyiniz tipdə kontentlərdən istifadə edərək influencerlər ilə əməkdaşlıq edin

Brend tanınırlığınızı artırmaq üçün milyonlarla izləyicisi olan influencerlərlərlə əməkdaşlıq etməyə ehtiyac yoxdur. Başlanğıc olaraq müəyyən auditoriyaya çatmaq üçün mikro influencerlərlərlə əməkdaşlığa başlaya bilərsiniz.

İnfluencerlərlərlə qısamüddətli, birdəfəlik və ya daimi əməkdaşlıq edə bilərsiniz. Hər birinin öz müsbət və mənfi cəhətləri var ki, bu da məqsədinizdən və büdcənizdən asılı olacaq.

👥 İnfluencer Marketinq haqqında bloq yazısına göz at.

9. Performansları Təhlil Edin

Paylaşımlarınızın, reklam kampaniyalarınızın performansını izləmək və onların effektivliyinə nəzarət etmək üçün sosial media analitika alətlərindən istifadə edin. Nəzarət etməli olduğunuz bəzi göstəricilər bunlardır:

  • Çatdırılma Dərəcəsi: Sosial media paylaşımlarınızı neçə nəfər görür
  • İnteraksiya Dərəcəsi: Nə qədər insan paylaşımlarınızı bəyənir, şərh yazır və ya paylaşır
  • Klik Dərəcəsi: Paylaşım və reklamlarınıza neçə nəfər klik edib
  • Dönüşümlər: Paylaşım və reklamlarınızı gördükdən sonra neçə nəfər veb saytınızdan məhsul sifariş verib

İzləməli olduğunuz metriklər hədəflərinizdən asılı olaraq dəyişkənlik göstərə bilər. Məsələn: məqsədiniz veb sayt trafikini artırmaqdırsa, klik dərəcələrini yaxından izləməlisiniz; satışları artırmaq istəyirsinizsə, dönüşümlər əsas göstəriciniz olmalıdır; potensial müştəri məlumatları üçün isə keyfiyyətli lead sayını nəzərə almalısınız.

Metriklərinizin monitorinqi strategiyanızda kiçik dəyişikliklər etməyə imkan verir. Gələcək reklam kampaniyalarınızda köhnə metriklərə əsaslanaraq düzgün dəyişikliklər edə bilərsiniz.

10. Yenidən Daha Dəqiq Başlayın

Topladığınız fikirlər və məlumatlar əsasında SMM Strategiyası üzərində davamlı olaraq təkmilləşmələr aparın. İzləyiciləriniz üçün ən yaxşısı olan və biznes hədəflərinizə uyğun olaraq strategiyanızı optimizasiya edin.

SMM strategiyası sizin hücum planınızdır. Ancaq sosial media kimi gündən-günə dəyişən bir məkanda: alqoritm yenilənmələri, yeni sosial media platformalarının yaranması zamanı çevik olmalısınız və strategiyanızda ani dəyişikliklər edə bilməlisiniz.

Sosial mediada nələrin yaxşı nəticə verdiyini görmək üçün mütəmadi olaraq nəzarət etmək və statistikaları izləmək vacibdir. Kontent ideyalarını inkişaf etdirmək, SMM təqviminizi yaratmaq və real izləyici sayınızı artırmaq üçün biznes məqsədlərinizə əsasən seçdiyiniz yanaşmaları tətbiq edin və əldə etdiyiniz nəticələrə uyğun olaraq yenidən inkişaf etdirin.

📰 SMM və digər sahələrdə olan bütün yenilikləri və faydalı məlumatları əldə edə biləcəyiniz Marketinq Bloqlarına göz atın.

SMM Strategiyanızı Əldə Etməyə Hazırsınız?

Sosial mediaya heç bir zaman laqeyd yanaşmayın. İstənilən biznesin sosial mediadan əldə edəcəyi çox şey var. Sosial mediada göstərəcəyiniz bütün işlərə ciddi yanaşmalısınız. Əks halda, bir müddət sonra məyus olacaqsınız və daimi olaraq reklamlardan istifadə etmək məcburiyyətində qalacaqsınız, bununla da reklam büdcənizi boşuna xərcləmiş olacaqsınız.

Düzgün hazırlanmış SMM strategiyası bir çox səbəbə görə vacibdir. Hədəf auditoriyanızı müəyyən etməklə, cəlbedici kontent yaratmaqla və izləyicilərinizlə əlaqə yaratmaqla, uğur və böyüməyə təkan vermək üçün sosial medianın bütün potensialından strateji şəkildə istifadə edə biləcəksiniz.

Şirkətiniz üçün uğurlu SMM strategiyası əldə etmək və biznesinizi inkişaf etdirmək üçün vaxt itirmədən mənimlə əlaqə yaradın > Əlaqə

İstifadə olunmuş mənbələr: 1 / 2

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button