11 Marketinq Kitabı - Ekspertlərin Tövsiyəsi

Oxuyacağınız marketinq kitabı bu sektoru başa düşməyinizi sürətləndirən və marketoloq kimi uğur qazanmaq üçün sizə lazım olan bilikləri verə biləcək əsas resurslardan biridir. Marketinq daim inkişaf edən sahədir. Bu sahə ilə maraqlanan hər kəs yeniliklərə ayaq uydurmaq, müasir yanaşmaları öyrənmək üçün marketinq kitablarından yararlana bilər.

Hazırki dövrdə ciddi uğur qazanmış şirkət sahibləri bizneslərinin uğurunu düzgün marketinq strategiyası ilə əlaqələndirəcəklər. Hansı vəziyyətdə hansı strategiyaların düzgün işləyəcəyini bilmək isə çox vacibdir. Bu səbəbdən də marketinq kitabları sizin köməyinizə çatacaq. Bu kitablar tamamilə yeni yanaşmalar, perspektivlər və baxış bucaqları yaradaraq heç bilmədiyiniz boşluqları dolduracaqlar.

Seçilmiş Ən Yaxşı 11 Marketinq Kitabı

2023-cü ilədək müxtəlif resurslardan araşdırdığım, marketoloqların mütləq oxumalı olduğu və bir çox mütəxəssis tərəfindən tövsiyə olunan 11 marketinq kitabını sizlər üçün sıraladım. Bu kitablar marketinq ekosistemini dərindən başa düşməyinizə kömək edəcək.

1. Buyology – Martin Lindstrom

Buyology - Martin Lindstrom

Müştəriləri alış-veriş etməyə nə sövq edir? Uğurlu marketinq üçün bu çox vacib sualdır. Bir biznes sahibi olaraq, məhsul və ya xidmətlərinizi niyə alacaqlarını bilmirsinizsə, heç vaxt satış edə bilməzsiniz. Martin Lindstromun neyromarketinqə əsaslanan bu kitabı din, xurafat, rituallar və hisslər kimi anlayışların insanların alış vərdişlərinə necə təsir etdiyini araşdırır.

🎯 Marketinq Haqqında A-dan Z-ə Məlumat Əldə Edin.

2. Marketing Insights From A to Z – Philip Kotler

Marketing Insights From A to Z - Philip Kotler

Dünya şöhrətli mü­təxəssis Filip Kotlerin yazdığı bu kitab milyonlarla biznesmenlərin və marketinq sahəsində fəaliyyət göstərən mütəxəssisin ən çox oxuduqları kitaba çevrilib. Kitabda şirkətlərin müasir dövrdə uğuru üçün əhəmiyyətli olan marketinqin effektiv 80 konsepsiyası asan başa düşüləcək şəkildə verilib. Kitab marketinqin klassik alətləriylə yanaşı, son illərdə tətbiq edilməyə başlayan yeni yanaşmaları də əhatə edir.

3. How to Win Friends and Influence People in the Digital Age – Dale Carnegie

How to Win Friends and Influence People in the Digital Age - Dale Carnegie

Bu kitabda yer alan zamanla sınanmış məsləhətlər əlli il ərzində milyonlarla insan tərəfindən oxunmuş və on minlərlə insanı həm iş, həm də şəxsi həyatlarında uğurun zirvəsinə aparıb. Kitab müasir dövrün rəqabətində və xaosunda olan oxucuların öz potensiallarına çata bilmələrini təmin etmək üçün yenidən hazırlanaraq bu günün yaşayış prinsiplərinə uyğunlaşdırılıb. Bu kitabı oxuduğunuz zaman: insanları necə sevdirməyi və sizinlə razılaşmağı, onları incitmədən dəyişdirməyi öyrənəcəksiniz və həyatın sizin üçün asanlaşdığını görəcəksiniz.

4. Originals – Adam Grant

Originals - Adam Grant

Ən uğurlu brendlərin bir çoxu orijinal düşünənlər tərəfindən idarə olunur. Onlar hər şeyə kənardan baxa bilən və köhnəlmiş ənənələrə sadiq qalmaqdan imtina edən insanlardır. Bu kitabda Adam Qrant orijinal düşüncələrin necə böyük təsir göstərə biləcəyi və fərq yaratmaq üçün orijinallığınızı necə qəbul edə biləcəyiniz ideyasını izah edir.

5. The 1 Page Marketing Plan – Allan Dib

Yaxşı marketinq strategiyası dəqiq və hədəfli düzgün seçiləndir. Allan Dib bu yanaşmasını doqquz hissəyə bölünmüş şəkildə bir səhifəyə sığışdıra bilir. Bu da yalnız vacib olan prosesləri həyata keçirdiyinizə və nəticə əldə edənə qədər bütün planlarınıza dəqiq şəkildə əməl etdiyinizə əmin olmağa kömək edir. Bu kitab kiçik və orta biznes üçün nəzərdə tutulub.

♟️ Marketinq Strategiyasının Hazırlanması Qaydası ilə Tanış Olun!

6. Made to Stick – Chip Heath and Dan Heath

Made to Stick - Chip Heath and Dan Heath

Qazanan ideya nələri özündə birləşdirir? Chip Heath and Dan Heath nobel mükafatlı alimlərdən tutmuş ibtidai sinif müəllimlərinə qədər insanların hekayələrini danışaraq bu konsepsiyanı kitabda əks etdiriblər. Onlar maqnit kimi çəkici ideyaların prinsiplərini və bu prinsipləri öz marketinq strategiyanıza necə tətbiq edə biləcəyinizi izah ediblər.

7. This is Marketing – Seth Godin

This is Marketing - Seth Godin

Seth Godin yanaşmasının əsasında böyük bir fikir dayanır: Böyük marketoloqlar öz şirkətlərinin problemini həll etmək üçün müştərilərindən istifadə etmirlər, əskinə, müştərilərinin problemlərini həll etmək üçün marketinqdən istifadə edirlər. Bu kitab hədəf auditoriyanızın vaxtını və diqqətini oğurlamağa çalışmaqdansa, empatiya və emosional əməyə əsaslanan taktikalardan istifadə etmək kimi marketinqin psixoloji konsepsiyalarını dərindən izah edir. Bu kitab sayəsində siz yarada biləcəyiniz ən kiçik potensial auditoriyanı necə müəyyənləşdirəcəyinizi və təklifinizi yerləşdirmək üçün düzgün siqnallardan necə istifadə edəcəyinizi öyrənəcəksiniz.

8. Blue Ocean Strategy – W. Chan Kim and Renée Mauborgne

Blue Ocean Strategy - W. Chan Kim and Renée Mauborgne

Marketinq səylərinizi mövcud bazarlarda şiddətli rəqabətə sərf etməyin. Bunun əvəzinə əsl marketinq uğuru üçün istifadə olunmamış bazar məhsulları yaradın və bazarı ələ keçirin. Bu, Mavi Okean Strategiyasının müdafiə etdiyi əsas prinsipdir. Mavi Okean Strategiyası rəqabəti neytrallaşdıran və şirkətlərin öz mavi okeanlarını yaratmaq üçün istifadə edə biləcəyi prinsipləri və vasitələri nümayiş etdirən sistematik bir yanaşma təklif edir.

9. Hooked – Nir Eyal

Hooked - Nir Eyal

Tamamilə asılı olduğumuz məhsulla bir dəfə istifadə etdiyimiz və bir daha ağlımıza gəlməyən məhsul arasında hansı fərqlər var? Nir Eyal bu konsepsiyanı araşdırır və asılılıq yaradan məhsullarda mövcud olan dörd addımlı prosesi ortaya qoyur. Kitab daimi istifadəçi vərdişlərini necə yarada biləcəyimiz və insanların sevdiyi məhsulları necə inkişaf etdirə biləcəyimizə dair praktiki fikirləri özündə əks etdirir.

10. Contagious – Jonah Berger

Contagious - Jonah Berger

Nə üçün bəzi məhsulların ağızdan-ağıza yayıldığını, digərlərinin isə heç səs gətirmədiyini düşünmüsünüzmü? Jonah Berger kitabında bu maraqlı sualı araşdırır. Yol göstərən araşdırmalarla ərsəyə gələn kitab viral şəkildə yayılmanın altında yatan prinsipləri ortaya qoyur. Bu kitab ilə insanları ovsunlayan və viral yayılan məhsullar yaratmağın sirrlərini öyrənərək e-ticarət dünyasında uğurunuzu artırmağa nail ola bilərsiniz.

🦍 Guerilla Marketinqin nə olduğunu kəşf edin.

11. Everybody Writes – Ann Handley

Everybody Writes - Ann Handley

Ann Handley iddia edir ki, veb saytı olan hər kəs kontent yaradıcısı sayılır və sosial mediada hər kəs marketinqlə məşğul olur. Hər birimiz nələrsə yazırıq: bu özü bir puldur və hər qəpiyi necə xərclədiyimiz önəmlidir. Handley bu marketinq kitabında brendinizi yaradan və hədəf bazarınızla əlaqə saxlayacaq şəkildə kontentin yaradılması və təşviqi prosesini işıqlandırır.

ℹ️ Unutmayın: Marketinq kitabları oxumaq sizi təkcə daha yaxşı marketoloq etmir, sizi daha yaxşı düşünən şəxs, daha yaxşı yazan və tətbiq edən, daha yaxşı iş görə bilən şəxs edir.

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button