SMM öyrənmək: sıfırdan başlayanlar üçün yol xəritəsi

Azərbaycanda 7,61 milyon sosial media hesabı var, bu da əhalinin 73,1%-i deməkdir. Təkcə Instagram reklamları ilə 4,25 milyon nəfərə çatmaq mümkündür (DataReportal, 2026). Bizneslərin müştəriləri buradadırsa, bu kanalları idarə edə bilən insanlara da ehtiyac var. SMM öyrənmək istəyənlərin çoxu isə eyni sualda ilişib qalır: haradan başlamaq lazımdır?

SMM öyrənmək: sıfırdan başlayanlar üçün yol xəritəsi

İnternetdə yüzlərlə video, kurs və məsləhət var, amma ardıcıllıq yoxdur. Bu yazıda sıfırdan başlayanlar üçün yol xəritəsini mərhələ-mərhələ verirəm. Hansı bacarıqları hansı ardıcıllıqla öyrənməli, hansı pulsuz və ödənişli resurslardan istifadə etməli və öyrəndiklərinizi necə işə çevirməli olduğunuzu izah edirəm.

Əsas məqamlar

  • SMM mütəxəssisi brendin sosial mediadakı strategiyasını, kontentini, reklamını və hesabatlarını idarə edir.
  • Öyrənmək üçün ən rahat ardıcıllıq belədir: əsaslar, kontent, reklam, analitika və portfolio.
  • Meta Blueprint, HubSpot Academy və Google Skillshop-da pulsuz təlimlər var. Meta-nın rəsmi Digital Marketing Associate imtahanı isə $99-dır.
  • Kurs seçərkən qiymətdən əvvəl proqrama, praktik tapşırıqlara və kursun yenilənib-yenilənmədiyinə baxın.
  • İşəgötürən sertifikatdan çox portfolioya baxır. İlk iş axtarışından əvvəl ən azı 2–3 iş nümunəsi hazırlayın.

SMM nə iş görür və SMM mütəxəssisi kimdir?

SMM (sosial media marketinqi) brendin sosial şəbəkələrdə auditoriya qazanması, onunla əlaqə qurması və bu əlaqəni satışa çevirməsi prosesidir. SMM mütəxəssisi bu prosesi idarə edən şəxsdir: strategiya qurur, kontenti planlayır, reklam kampaniyalarını işlədir və nəticələri ölçür.

Gündəlik işdə bu, adətən aşağıdakılardan ibarət olur:

  • aylıq kontent planının hazırlanması və paylaşımların vaxtında edilməsi;
  • post, Reels və hekayələr üçün mətn və vizual tapşırıqların hazırlanması;
  • Meta Ads Manager-də reklam kampaniyalarının qurulması və optimallaşdırılması;
  • şərh və mesajlara cavab, icma ilə ünsiyyət;
  • aylıq hesabat və növbəti ay üçün nəticələrə əsaslanan təkliflər.

SMM-in biznesə hansı faydalar verdiyini SMM nədir yazısında, mütəxəssisin vəzifələrini isə SMM menecer kimdir yazısında ətraflı izah etmişəm.

SMM öyrənmək üçün hansı bacarıqlar lazımdır?

SMM altı bacarığın birləşməsidir. Başlanğıcda hamısında ekspert olmaq lazım deyil, amma hər birini başa düşmək və ən azı ikisində güclü olmaq lazımdır.

  • Strategiya. Brendin kimə, nə üçün və hansı kanalda danışdığını müəyyən etmək. Qalan hər şey bunun üzərində qurulur.
  • Kontent və copywriting. Diqqəti ilk saniyədə tutan başlıq, aydın mətn və hərəkətə çağırış yazmaq.
  • Vizual və video. Canva və CapCut kimi alətlərlə sadə dizayn və qısa video hazırlamaq. Dizayner olmaq tələb olunmur, amma tapşırığı düzgün vermək lazımdır.
  • Reklam. Meta Ads Manager-də kampaniya qurmaq, auditoriya seçmək və büdcəni idarə etmək.
  • Analitika. Nəticələri oxumaq, hansı kontentin və reklamın işlədiyini rəqəmlə göstərmək.
  • İcma idarəsi. Şərhlərə və mesajlara brendin səsi ilə cavab vermək, mənfi rəylərlə işləmək.

Sıfırdan SMM öyrənmək: 5 mərhələli yol xəritəsi

Aşağıdakı yol xəritəsi bacarıqları məntiqi ardıcıllıqla düzür, hər mərhələnin sonunda isə əlinizdə konkret bir iş nəticəsi qalır. Müddətlər həftədə 5–7 saat vaxt ayıranlar üçün təxmini hesablanıb. Daha çox vaxt ayırsanız, daha tez irəliləyəcəksiniz.

Mərhələ 1. Əsasları öyrənin (1–2 həftə)

Platformaların fərqini, alqoritmlərin necə işlədiyini və əsas terminləri (reach, engagement, CPM, CTR) öyrənin. Hədəf auditoriyanı necə təsvir etməyi və brendin sosial mediadakı məqsədini necə qoymağı başa düşün. Bunun üçün SMM strategiyası yazısı yaxşı çərçivə verir. Mərhələnin nəticəsi: seçdiyiniz bir brend üçün bir səhifəlik auditoriya və məqsəd təsviri.

Mərhələ 2. Kontent yaratmağı öyrənin (2–3 həftə)

Kontent planı qurmağı, post mətni yazmağı və qısa video hazırlamağı öyrənin. Fərqli formatları (karusel, Reels, hekayə) sınayın və hansının auditoriyanızda daha yaxşı işlədiyinə baxın. Kontentin satışla necə əlaqələndiyini kontent marketinq yazısında izah etmişəm. Mərhələnin nəticəsi: həmin brend üçün bir aylıq kontent planı və 3–4 hazır post.

Mərhələ 3. Meta reklamlarını öyrənin (2–3 həftə)

Bu gün SMM işinin böyük hissəsi ödənişli reklamla bağlıdır. Business Manager və Ads Manager-in quruluşunu, kampaniya məqsədlərini, auditoriya seçimini və büdcə idarəsini öyrənin. Hesabı sıfırdan qurmaq üçün Meta Business Manager təlimatından istifadə edin. Mümkünsə, öz kiçik büdcənizlə bir test kampaniyası işlədin, çünki reklamı yalnız videodan öyrənmək çətindir. Mərhələnin nəticəsi: qurulmuş və ən azı bir həftə işləmiş bir kampaniya.

SMM öyrənərkən Meta reklam kampaniyasının qurulması

Mərhələ 4. Analitika və hesabatı öyrənin (1–2 həftə)

Instagram və Facebook statistikasını, Ads Manager hesabatlarını oxumağı öyrənin. Ən vacibi, hansı göstəricinin hansı məqsəd üçün önəmli olduğunu bilməkdir: bəyənmə sayı tanınırlığı göstərə bilər, amma satışı yox. Düzgün göstəriciləri seçmək üçün rəqəmsal marketinq metrikləri və KPI-lar yazısından istifadə edin. Mərhələnin nəticəsi: test kampaniyanız və kontentiniz üçün bir aylıq hesabat.

Mərhələ 5. Portfolio qurun və ilk işi tapın

Əvvəlki mərhələlərin nəticələri artıq portfolionuzun əsasıdır. Ona 1–2 real layihə əlavə edin: tanış kiçik biznesin, ictimai təşkilatın və ya öz hesabınızın idarəsi. CV-də hər layihənin nəticəsini rəqəmlə yazın və LinkedIn profilində portfolioya link verin. Bu mərhələnin müddəti yoxdur: ilk işdən sonra da portfolionu yeniləməyə davam edəcəksiniz.

Pulsuz SMM kursu və resurslar: haradan başlamaq olar?

Pulsuz resurslar əsasları öyrənmək və sahənin sizə uyğun olub-olmadığını yoxlamaq üçün yaxşı başlanğıcdır. Ən çox istifadə olunanlar bunlardır:

  • Meta Blueprint. Facebook və Instagram reklamları üzrə kurs kataloqu pulsuzdur. Rəsmi Meta Certified Digital Marketing Associate imtahanı isə $99-dır və sertifikat 24 ay qüvvədə qalır (Stackmatix, 2026).
  • HubSpot Academy. Əsas təlim kitabxanası və sertifikatların çoxu pulsuzdur, kontent və sosial media mövzuları da buraya daxildir (Markampus, 2026).
  • Google Skillshop. Google Ads və Analytics üzrə pulsuz təlimlər SMM-də analitika bacarığını gücləndirir.

Daha geniş siyahını ödənişsiz rəqəmsal marketinq kursları yazısında topladım. Pulsuz resursların əsas çətinliyi ardıcıllıqdır: hər biri ayrı mövzu öyrədir, onları bir yol xəritəsinə birləşdirmək isə sizin üzərinizə düşür. Üstəlik, əksəriyyəti ingilis dilindədir və Azərbaycan bazarının nümunələrini əhatə etmir. Strukturlu proqramı sınamaq istəyirsinizsə, ödəniş etməzdən əvvəl pulsuz SMM kursu dərslərinə baxa bilərsiniz: kurs səhifəsində pulsuz demo videolar açıqdır.

SMM kursları online, yoxsa əyani?

Hər iki format işləyir, seçim intizamınızdan və iş qrafikinizdən asılıdır. Əsas fərqlər belədir:

MeyarOnlayn kursƏyani kurs
Vaxtİstədiyiniz vaxt və yerdənSabit dərs saatları, tədris mərkəzində
Təkrarİstənilən dərsi təkrar izləmək olarAdətən yalnız dərs zamanı
ÜnsiyyətSual-cavab bölməsi vasitəsiləMüəllimlə canlı ünsiyyət
YenilənməPlatformalar dəyişdikcə yenilənə bilərQrupdan və müəllimdən asılıdır
Kimə uyğundurÖz tempini idarə edə bilənlərəCanlı nəzarət və qrup mühiti istəyənlərə

İşləyirsinizsə və ya başqa şəhərdə yaşayırsınızsa, onlayn format praktik olaraq yeganə rahat yoldur. Bu səbəbdən onlayn SMM kursu formatını seçmişəm: dərslərə kompüter, planşet və ya telefondan istənilən vaxt qoşulmaq olur. Amma onlayn öyrənmə intizam tələb edir. Həftəlik sabit vaxt ayırmasanız, kurs yarımçıq qalır.

SMM kursu qiyməti: kurs seçərkən nəyə baxmaq lazımdır?

Qiyməti tək başına yox, kursun verdiyi ilə birlikdə qiymətləndirin. Ucuz, amma köhnəlmiş və ya yarımçıq proqram əslində bahadır, çünki çatışmayan hissələri sonra ayrıca öyrənməli olursunuz. Kurs seçərkən bu beş suala cavab axtarın:

  1. Proqram bütün yol xəritəsini əhatə edirmi? Strategiyadan reklama və hesabata qədər. Yalnız kontent və ya yalnız reklam öyrədən kurs yarım bacarıq verir.
  2. Praktik tapşırıqlar və real nümunələr varmı? Nəzəriyyə portfolio yaratmır.
  3. Kurs yenilənirmi? Meta interfeysi və alətləri tez-tez dəyişir. İki il əvvəl çəkilmiş video bu gün çaşdıra bilər.
  4. Sertifikat verilirmi? Tək başına iş qazandırmır, amma CV və LinkedIn üçün faydalıdır.
  5. Pulu geri qaytarmaq mümkündürmü? Bu, kursu risksiz sınamağa imkan verir.

Müqayisə üçün öz kursumun şərtlərini də yazıram. SMM kursu Udemy platformasında yerləşir və 20 modul, 130-dan çox dərs, təxminən 16 saat videodan ibarətdir. Proqram strategiya, kontent marketinq, copywriting, Meta Business Suite, Meta Ads Manager, Meta Pixel, reklam büdcəsinin planlanması və hesabatlılığı əhatə edir. Ödəniş bir dəfəlikdir və kursa ömürlük giriş verir, tamamlayanlar sertifikat alır. Udemy qaydalarına görə 30 gün ərzində pulu geri tələb etmək olar. Cari SMM kursu qiyməti kampaniyalarına görə dəyişir, Xüsusi kupon ilə isə əlavə yüksək endirim əldə etmək olar (kupon sayı məhduddur).

SMM öyrəndikdən sonra hansı vəzifələrdən başlamaq olar?

SMM sahəsində ilk iş adətən geniş “SMM menecer” vəzifəsi yox, daha dar bir roldur. Yol xəritəsinin hansı mərhələsində güclü olduğunuza görə başlanğıc nöqtəniz də dəyişir:

  • SMM assistenti və ya təcrübəçi. Kontent planına, paylaşımlara və hesabatlara kömək edir. Sıfırdan başlayanlar üçün ən təbii giriş nöqtəsidir.
  • Kontent menecer. Mətn, vizual tapşırıq və kontent təqvimindən cavabdehdir. Mərhələ 2-də güclü olanlar üçün uyğundur.
  • Reklam mütəxəssisi (targetoloq). Meta reklam kampaniyalarını qurur və optimallaşdırır. Rəqəmlərlə işləməyi sevənlər Mərhələ 3 və 4-ü dərinləşdirib bu istiqaməti seçir.
  • İcma meneceri. Şərhlər, mesajlar və izləyicilərlə ünsiyyəti idarə edir. Ünsiyyəti güclü olanlar üçün yaxşı başlanğıcdır.
  • Frilans SMM. Kiçik bizneslərin hesablarını müstəqil idarə etmək. Portfolio qurmağın sürətli yoludur, amma müştəri tapmaq və vaxtı idarə etmək bacarığı tələb edir.

Bu rollardan hansından başlamağınızdan asılı olmayaraq, bir-iki il ərzində digərlərini də öyrənmək sizi tam SMM mütəxəssisinə çevirir. İşəgötürənlər üçün ən dəyərli namizəd həm kontenti, həm də reklamı başa düşən namizəddir.

SMM öyrənənlərin 5 səhvi

Bu səhvlər öyrənmə müddətini aylarla uzadır, amma hamısının qarşısını almaq asandır.

  1. Yalnız izləmək, heç nə etməmək. Hər dərsdən sonra öyrəndiyinizi kiçik bir işdə tətbiq edin. Bilik yalnız tətbiqdən sonra bacarığa çevrilir.
  2. Hər şeyi eyni vaxtda öyrənməyə çalışmaq. Beş platformanı və on aləti paralel öyrənən heç birini yaxşı öyrənmir. Bir platformadan başlayın.
  3. Reklamı sonraya saxlamaq. Orqanik çatımla nəticə almaq getdikcə çətinləşir və işəgötürənlər reklam bilən mütəxəssis axtarır.
  4. Nəticəni ölçməmək. “Post yaxşı getdi” hesabat deyil. Hər işin nəticəsini rəqəmlə yazmağı vərdiş edin.
  5. Portfoliosuz iş axtarmaq. Sertifikat bilik iddiasıdır, portfolio isə sübutdur.

Təcrübəmdən: SMM-də sürətli irəliləyənlər nəyi fərqli edir?

8 ildən çox rəqəmsal marketinq təcrübəsi olan rəsmi Google Partner kimi 40-dan çox yerli və qlobal markanın rəqəmsal kanalları ilə işləmişəm. Tədris etdiyim kursların məzunları Meqa Həyat, Guavapay, Avis, Caspian Link, We Know Agency və digər şirkətlərdə çalışıb. Bu müddətdə gördüyüm ən böyük fərq bilik səviyyəsində deyil, tətbiq vərdişindədir. Tez irəliləyənlər öyrəndiklərini dərhal real hesabda sınayır, nəticəni ölçür və növbəti dəfə düzəldir.

Real hekayə: konsept layihələrdən ilk SMM işinə

Rəqəmsal Marketinq təlimini bitirən tələbələrimdən biri bu sahəyə çox həvəsli idi. Dərslərdə davamlı sual verir, tapşırıqları həvəslə yerinə yetirirdi. Real müştərisi olmadığı üçün praktik tapşırıqları bir neçə konsept məhsul üzərində davam etdirdi.

Məhsullar real olmasa da, əlində göstərə biləcəyi real nəticələr toplandı. Bu layihələrdən hazırladığı portfolio ilə sonda SMM menecer kimi işə qəbul olundu. Müştərisi olmayan yeni başlayan üçün konsept layihə portfolio qurmağın ən sürətli yoludur, şərti isə tapşırığa real iş kimi yanaşmaqdır.

SMM-i strukturlu proqramla öyrənin

20 modul və 130-dan çox dərsdən ibarət SMM kursu bu yol xəritəsinin bütün mərhələlərini, strategiyadan reklam hesabatına qədər, Azərbaycan dilində və öz tempinizlə keçməyə imkan verir.

Tez-tez verilən suallar

SMM öyrənmək nə qədər çəkir?

Yuxarıdakı yol xəritəsi həftədə 5–7 saatla təxminən 2–3 ay çəkir. Kursu tamamlamaq isə 1–2 ay ərzində mümkündür. Amma SMM daim dəyişən sahədir, ona görə öyrənmə ilk işdən sonra da davam edir.

SMM öyrənməyə hansı platformadan başlamaq lazımdır?

Azərbaycanda başlanğıc üçün Instagram ən məntiqli seçimdir: həm auditoriyası genişdir, həm də reklamları Facebook ilə eyni Meta sistemindən idarə olunur. Instagram-ı və Meta reklamlarını öyrəndikdən sonra TikTok və LinkedIn-ə keçmək asanlaşır, çünki strategiya və analitika prinsipləri eynidir.

Telefonla SMM öyrənmək olar?

Dərsləri telefondan izləmək olar, kontent hazırlamaq üçün də mobil tətbiqlər kifayət edir. Amma Ads Manager-də kampaniya qurmaq və hesabat hazırlamaq kompüterdə xeyli rahatdır. Reklam mərhələsinə çatanda kompüter lazım olacaq.

Sertifikat işə düzəlmək üçün kifayətdir?

Xeyr. Sertifikat öyrəndiyinizi göstərir, amma işəgötürən sizin nə edə bildiyinizə baxır. Sertifikatı CV-yə əlavə edin, amma əsas arqument kimi 2–3 iş nümunəsi göstərin.

SMM öyrənmək üçün xüsusi ixtisas lazımdır?

Xeyr. SMM sahəsinə marketinq, jurnalistika, dizayn və tamamilə fərqli sahələrdən gələnlər var. Marketinq və ya yazı təcrübəsi başlanğıcı asanlaşdırır, amma əsas şərt öyrənmək və tətbiq etmək istəyidir.

Nəticə

SMM öyrənmək üçün ən vacib şey doğru ardıcıllıqdır: əvvəlcə əsaslar və strategiya, sonra kontent, reklam, analitika və nəhayət portfolio. Pulsuz resurslarla başlamaq sahəni tanımaq üçün yaxşıdır. Bütün mərhələləri bir yerdə və ardıcıl keçmək istəyirsinizsə, strukturlu kurs vaxta qənaət edir. Hansı yolu seçməyinizdən asılı olmayaraq, hər mərhələnin sonunda əlinizdə real bir iş nümunəsi qalsın. İlk işi elə həmin nümunələr qazandıracaq.

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir