Texniki SEO Nədir? Təsiredici Amillər, Alətlər və Müasir Yanaşmalar
Texniki SEO axtarış motoru nəticələrində reytinqini yaxşılaşdırmaq üçün veb saytın texniki aspektlərinin optimallaşdırılması prosesinə deyilir. Texniki SEO, ümumi SEO strategiyasının kritik tərkib hissəsidir, axtarış motorlarının veb sayt daxilindəki kontentləri asanlıqla incələyib indeksləşdirə bilməsi üçün veb-saytın infrastrukturunun təkmilləşdirilməsinə fokuslanır.
Saytın kontenti və strukturuna fokuslanan səhifədaxili SEO və ya backlink əldə etməyi hədəfləyən səhifəxarici SEO-dan fərqli olaraq, texniki SEO vebsaytın müasir axtarış sistemlərinin texniki tələblərinə cavab verməsini təmin edir.
Texniki SEO Nədir
Texniki SEO, crawling və indeksləşdirmə mərhələsi üçün veb saytın optimizasiya prosesidir. Veb saytın axtarış motorları üçün daha sürətli, daha asan başa düşülməsini izah edən proseslərin cəmidir. Texniki SEO, bütün digər SEO işlərinin effektiv olmasını təmin edərək, bir veb saytın axtarış motorları tərəfindən indeksləşdirilməsini və sıralanmasını təmin edən əsas yanaşmalardan biridir.
Texniki SEO Nə üçün Vacibdir
Texniki SEO axtarış motorlarının veb saytınızı tapmaq, crawl etmək və indeksləşdirmək qabiliyyətinə birbaşa təsir göstərir. Düzgün texniki optimizasiya olmadan, hətta ən yaxşı kontent və ən təsirli backlink əldə etmə strategiyaları uğursuz ola bilər. Yaxşı optimallaşdırılmış sayt daha yaxşı istifadəçi təcrübəsi təmin edir ki, bu da daha yüksək konversiya dərəcələrinə səbəb olur. Bundan əlavə, axtarış motorları sürətli performans, təhlükəsiz veb sayt və mobil cihazlara uyğun istifadəçi yönümlü interfeysə sahib olan veb-saytlara üstünlük verir. Buna görə də, texniki SEO-nun düzgün tətbiq edilməsi hər bir SEO strategiyası üçün vacibdir.
🔎 SEO Nədir? A-dan Z-ə tam geniş izahları ilə öyrən!
Texniki SEO-nun Əsas Elementləri
Texniki SEO dedikdə çox sayda gözdən keçirilməli olan proses var. Daha çox nəzərə alınmalı olan hissələrə göz ataq.
Sayt Arxitekturası
Saytın arxitekturası veb-saytın səhifələrinin quruluşunu və bir-biri ilə əlaqəsini ifadə edir. Düzgün qurulmuş sayt arxitekturası axtarış motorlarına müxtəlif səhifələr arasındakı iyerarxiyanı və əlaqəni anlamağa kömək edir. Bununla da axtarış motorları səhifələri önəmlilik dərəcəsinə və ya iyerarxiyalarına görə sinifləndirə bilirlər.
Skan (Crawl) Olunma
Skan qabiliyyəti axtarış motoru botlarının veb saytınızın səhifələrinə daxil olmaq və onları araşdırma qabiliyyətidir. Veb saytın skan oluna bilməsindən əmin olmaq üçün səhifələr arasında yanlış link keçidləri, server xətaları kimi problemləri tapmalıyıq və robots.txt faylının düzgün konfiqurasiya edildiyinə əmin olmalıyıq.
İndeksləşmə
İndeksləşmə, axtarış motorlarının səhifələrinizi təhlil etmək və indeksləşdirmək prosesinə deyilir. Əgər səhifə indeksləşdirilə bilinmirsə, o, axtarış motorunun nəticələrində görünməyəcək. Saytınızın indeksləşdirilə bilən olmasını təmin etmək üçün meta teqləri optimallaşdırmaq, dublikat (kopya) kontentlərdən qaçmaq və kanonik teqlərin düzgün istifadəsini təmin etmək lazımdır.
Mobil Uyğunluq
Nəzərə alsaq ki, indi əksər axtarışlar mobil cihazlardan edilir (təxminən 70%-dən yuxarı), mobil cihazlara uyğun veb-saytın olması çox vacibdir. Buraya responsiv dizayn, mobil cihazlarda veb saytın sürətli yükləmə vaxtı və mobil istifadəçi təcrübəsinin qüsursuz olmasını təmin etmək daxildir.
🚀 Veb saytınızın axtarış nəticələrində ilk pillələrdə sıralanmasını istəyirsinizsə, SEO Xidmətindən yararlanın!
Səhifə Sürəti
Veb saytın səhifə sürəti həm istifadəçi təcrübəsi, həm də SEO üçün vacib amildir. Yavaş yüklənən səhifələr istifadəçlərin veb saytdan tez ayrılma dərəcəsinin (bounce rate) artmasına və reytinqlərin aşağı düşməsinə səbəb ola bilər. Səhifə sürətini optimallaşdırmaq üçün veb sayt daxilindəki şəkillərin həcmini azaltmaq, müasir kodlaşdırma təcrübələrindən istifadə etmək (veb sayt kodlarının daha az sətirdə yer almasını təmin etmək) və brauzerin keş funksiyasından istifadə etmək lazımdır.
HTTPS və Sayt Təhlükəsizliyi
HTTPS HTTP-nin təhlükəsiz versiyasıdır, veb-brauzer və vebsayt arasında məlumat ötürmək üçün istifadə edilən protokoldur. HTTPS-li sayta sahib olmaq təhlükəsizlik üçün vacibdir və eyni zamanda axtarış motorları üçün sıralama faktorudur. Sayt təhlükəsizliyinin təmin edilməsi həmçinin SQL inyeksiyası və saytlar arası skript mübadiləsi kimi xaker hücumlarının qarşısını almağa kömək edir.
Kanonikləşmə
Kanonik URL eyni kontentin bir neçə versiyası olduqda veb saytın üstünlük verdiyi əsas səhifədir. Kanonik teqlər səhifənin “kanonik” və ya üstünlük verilən versiyasını göstərərək dublikat kontent problemlərinin qarşısını alır. Kanonikləşdirmə axtarış motorlarını çaşdıran və sıralama potensialınızı azalda biləcək duplikat kontent problemlərindən qaçınmaq üçün vacibdir. Kanonik teqləri tətbiq etmək üçün veb səhifələrinizin kontentin üstünlük verdiyi versiyaya işarə edən, kodlaşmada <head> bölməsinə <link rel=“canonical” href=“URL”> teqini əlavə etmək kifayət edir.
Strukturlaşdırılmış Data və Schema
Strukturlaşdırılmış data səhifə haqqında məlumat vermək və səhifə kontentinin nə olduğunu izah etmək üçün standartlaşdırılmış data formatıdır. Schema-lar veb saytdakı kontent əlavə olaraq məhsul dəyərləndirməsi, məhsul qiyməti, onlayn kurs detalları, tez-tez verilən suallar kimi məlumatlar daxil etməklə axtarış motoru nəticələrində standartdan kənar əlavə məlumatların da görünməsinə təsir göstərir. Bu da öz növbəsində, klikləmə dərəcəsini (CTR) və axtarış nəticələrində daha yxarı sıralarda görünmə dərəcəsini artıra bilir.
Veb səhifələrin kod hissəsinə schema kodlarını əlavə etməklə strukturlaşdırılmış məlumatları əlavə etmiş olursunuz. Schema kodları yaratmaq və sınaqdan keçirmək üçün Google-un Structured Data Markup Helper alətindən istifadə edə bilərsiniz.
404 Səhifələr
Səhifə tapılmadıqda 404 xətası baş verir. Bu səhifələr SEO prosesinə birbaşa zərər verməsə də, çoxlu sayda 404 səhifənin olması mənfi istifadəçi təcrübəsinə səbəb ola bilər.
Effektiv 404 səhifəsi istifadəçiləri saytınızın funksional səhifələrinə yönləndirməlidir. İstifadəçi təcrübəsini yaxşılaşdırmaq və saytdan tez ayrılma dərəcəsini (bounce rate) azaltmaq üçün 404 səhifələrə faydalı ola biləcək səhifələrə keçidlər və axtarış paneli əlavə edin.
Google Search Console kimi alətlərdən istifadə edərək 404 səhvlərini aşkar edin və uyğun səhifələrə 301 yönləndirmələri təyin etməklə və ya çatışmayan kontentləri bərpa etməklə onları düzəldin.
Texniki SEO üçün Alətlər
Texniki SEO alətləri bir növ bizim manual qaydada araşdıra biləcəyimiz və edə bilməyəcəyimiz texniki problemləri taparaq qısa zamanda hesabat şəklində təqdim edir.
Google Search Console
Google Search Console saytınızın Google axtarış nəticələrindəki vəziyyətini izləmək və monitorinq üçün vacib alətlərdən biridir. Google-un saytınızı necə skan etməsi və indeksləməsi haqqında məlumat verir, problemləri vurğulayır və performansınızı optimallaşdırmağa kömək edir.
Screaming Frog
Screaming Frog, hərtərəfli SEO yoxlamalarını həyata keçirməyə kömək edən güclü veb sayt skanerlərindən biridir. O, qırıq daxili linkllər, dublikat kontent və çatışmayan meta teqlər kimi bir çox texniki problemləri müəyyən edə bilir və saytınızı optimallaşdırmağa kömək etmək üçün detallı məlumatlar təqdim edir.
GTmetrix
GTmetrix saytınızın sürətini təhlil etmək və optimallaşdırmaq üçün bir vasitədir. O, saytınızın performansı haqqında ətraflı məlumat təqdim edir. Saytın yüklənmə sürətini və ümumi performansı yaxşılaşdırmaq üçün tövsiyələr təklif edir.
Ahrefs
Ahrefs texniki SEO problemlərini müəyyən etmək və düzəltmək üçün sayt auditi funksiyasını da özündə birləşdirən hərtərəfli SEO alətidir. Həmçinin backlink analizi, açar söz araşdırması və rəqib təhlili üçün funksiyaları da mövcuddur.
Texniki SEO-da Monitorinq və Hesabat
Texniki SEO prosesini həyata keçirən zaman daimi şəkildə proseslərin gedişatına nəzər yetirmək vacibdir. Bu zaman vaxtı-vaxtında audit etmək, düzgün metriklər seçmək və hesabatlar yaradaraq onları qarşı tərəfə göstərmək nəzərdə tutulur.
Daimi Audit
Daimi auditlər texniki SEO problemlərini müəyyən etməyə və həll etməyə kömək edir. Hərtərəfli yoxlamalar aparmaq və saytınızı optimallaşdırmaq üçün Screaming Frog və Google Search Console kimi alətlərdən istifadə edin.
Əsas Metriklərə Fokuslanmaq
Saytınızın texniki performansını izləmək üçün səhifənin yüklənmə sürəti, indekslənmə xətaları və mobil istifadə imkanları kimi mühüm metrikləri izləyin. Bu məlumatları toplamaq və təhlil etmək üçün Google Analytics, Google Search Console kimi alətlərdən istifadə edin.
SEO Hesabatları Yaratmaq
SEO hesabatları saytınızın performansını qarşı tərəfə çatdırmağa kömək edir. Texniki SEO fəaliyyətinizin təsirini göstərmək üçün hesabatlarınıza əsas metrikləri, anlayışları, müqayisələri daxil edin.
👨🏫 SEO-nun incəliklərini A-dan Z-ə Rəqəmsal Marketinq Kursundan öyrənin!
Texniki SEO üçün Tövsiyələr
Veb saytı texniki cəhətdən optimizasiya edib bitirdikdən sonra prosesləri dayandırmaq olmaz. Müntəzəm olaraq alqoritmlərdəki yeniliklərə nəzər yetirmək və lazım gəldikdə yenidən optimizasiya etmək lazımdır.
Alqoritm Dəyişikliklərinə Uyğunlaşmaq
Axtarış motoru alqoritmləri daim inkişaf edir. Nüfuzlu SEO bloqlarını izləməklə, sektordakı mütəxəssislərin yazılarını və tətbiq etdikləri yanaşmaları izləməklə, onlayn SEO forumlarındakı müzakirələrə baxmaqlaq ən son dəyişikliklər və alqoritm yenilənmələrindən xəbərdar olun.
Saytın Daimi Yenilənməsi
Texniki problemləri həll etmək, kontentləri yeniləmək və optimal performansı təmin etmək üçün veb saytınızı müntəzəm olaraq yeniləyin. Qırıq link keçidləri, CMS-lərdə köhnəlmiş pluginlər üçün müntəzəm yoxlamalar edin və yeniləyin.
Nəticə
Texniki SEO istənilən hərtərəfli SEO strategiyasının əsas hissəsidir. Saytınızın arxitekturasını, skan olunma qabiliyyətini, indeksləşdirmə qabiliyyətini, mobil uyğunluğunu, səhifə sürəti və təhlükəsizliyini optimallaşdırmağa diqqət etməklə, saytınızın performansını və axtarış motoru nəticələrini yaxşılaşdıra bilərsiniz. Ən yaxşı təcrübələri tətbiq etmək, düzgün alətlərdən istifadə etmək və gələcək trendləri qabaqlamaq sizə müasir istifadəçi təcrübəsi təqdim edən və axtarış motoru nəticələrində yaxşı performans göstərən veb sayta sahib olmağa kömək edəcək.